Məhkəmə qərarları › İş №2-1(3-9)-131/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-131/2026

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(3-9)-131/2026 18.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibində, Savalanlı Aysel Əbdül qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Saatlı rayonu X2 xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə verilmiş 3.19 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(120)-4833/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “İddiaçı Saatlı rayonu X2 xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə verilmiş 3.19 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-4833/2025 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilmişdir. Qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-4833/2025 saylı qərarı 21 dekabr 2025-ci il tarixdə cavabdehə məxsus elektron kabinetdə yerləşdirilmişdir. Qeyd edilən qərardan apellyasiya şikayəti isə 23 yanvar 2026-cı il tarixdə cavabdeh tərəfindən elektron kabinet vasitəsilə təqdim edilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti 23 yanvar 2026-cı il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 5 gün sonra təqdim edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, məhkəmə kollegiyasına müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-4833/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar