Məhkəmə qərarları › İş №2-1(3-9)-148/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-148/2026

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-148/2026 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və Azərbaycan Respublikası vətandaşlığının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixli ******* saylı qərarın ləğv edilməsi və Azərbaycan Respublikası vətandaşlığının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərаr qəbul edilməsini хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh orqan tərəfindən təqdim edilmiş qərarın təqdim edilməsi barədə cədvəldən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ##.##.2024-cü il tarixli, ******* saylı qərarını ##.##.2024-cü il tarixdə imza etməklə əldə etmişdir. İddiaçının mübahisələndirdiyi ##.##.2024-cü il tarixli, ******* saylı qərardan məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə (##.##.2025-ci il tarixdə zərflə göndərilmişdir) 1 ildən çox müddət vaxt keçdikdən sonra daxil olmuşdur. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1960-cı ildə Azərbaycan Respublikası Beyləqan rayonu, Əlinəzərli kəndində anadan olmuşdur. Orta məktəbi Beyləqan rayon Eyvazalılar kənd orta məktəbində oxumuşdur. Atası Məmmədov Cəfər Şahlar oğlu ##.##.1910-cu ildə indiki Beyləqan rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşı olub və 1963-cü ildə Beyləqan rayonunda vəfat edib. X2 ##.##.1925-ci ildə indiki Beyləqan rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşı olub və 2014-cü ildə Beyləqan rayonunda vəfat edib. Özü anadan olandan 1997-ci ilə kimi Azərbaycan Respublikasında yaşamışdır. 1997-ci ildə işləmək və yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. ## ###### 1994-cü ildən 1997-ci ilə kimi Azərbaycan Respublikası Daxili Qoşunlarının N saylı hərbi hissəsinin tərkibində Azərbaycan Respublikasının suverenliyi uğrunda döyüşmüşdür. Füzuli istiqamətində Horadiz qəsəbəsinin alınması döyüşlərində iştirak etmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır. Azərbaycan Respublikası vətəndaşı olmadan Daxili Qoşunların tərkibində xidmət etməyi qeyri-mümkündür. Daxili qoşunlarda xidmət etdiyinə görə onun Azərbaycan Respublikası vətəndaşlığı olmuşdur. O, Rusiya Federasiyasına gedərkən hələ şəxsiyyət vəsiqəsi verilməmişdir, köhnə sovet pasportu daşıyırdı. Ona görə 1997-ci ildə Rusiya Federasiyasına köhnə sovet pasportu ilə getmişdir. Rusiya Federasiyasından qayıtdıqdan sonra şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikdə ona bildirdilər ki, o, Azərbaycan Respublikası vətəndaşı deyil. Vətəndaşlıq almaq üçün cavabdeh Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinə müraciət etdi. Lakin ona vətəndaşlıq verilməsindən imtina edilmişdir. İmtina məktubunda elə göstərilir ki, guya o, xarici dövlətdə doğulub, yaşamış, valideynləri Azərbaycan vətəndaşı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli, obyektiv araşdırma aparmadan və iddiaçının doğulduğu andan Azərbaycan Respublikasının vətəndaşı olmasını, onun hansı əsaslarla və nə vaxt ləğv edilməsini nəzərə almadan qərardad qəbul etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, həmçinin kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, inzibati orqanın qərarından səhlənkarlıq nəticəsində qanunla müəyyən edilmiş müddətdə şikayət verməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -38.2. məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İlk növbədə qeyd edilməlidir ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli iddiaçıya ünvanlanmış hüquqi yardım haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi ##.##.2024-cü il tarixli qərarla iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış, iddia ərizəsi isə ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı mübahisələndirilən qərardan uzun müddət məlumatlı olmasına baxmayaraq, 1 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan cavabdeh orqan tərəfindən təqdim edilmiş qərarın təqdim edilməsi barədə cədvəldən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ##.##.2024-cü il tarixli, ******* saylı qərarını ##.##.2024-cü il tarixdə imza etməklə əldə etmişdir. İddiaçı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən qərar üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia mümkün sayılmamışdır. Həmçinin məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi birinci instansiya məhkəməsinin iddiaçının doğulduğu andan Azərbaycan Respublikasının vətəndaşı olmasın və onun hansı əsaslarla və nə vaxt ləğv edilməsi barədə araşdırma aparmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mübahisələndirilən qərardan xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət etməsi səbəbindən iddianı mümkün saymamışdır. Odur ki, iddia mümkünsüz hesab edildiyi halda, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxa, o cümlədən iddiaçının apellyasiya şikayətində qeyd etdiyi vətəndaşlıq statusu ilə bağlı araşdırma apara bilməzdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar