Məhkəmə qərarları › İş №2-1(3-9)-158/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-158/2026

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-158/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin X1 Sistemlərinin Istismarı Idarəsinə qarşı aylıq müavinətin ödənilməsinin bərpa edilməsi və s. tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin X1 Sistemlərinin Istismarı Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, istehsalat qəzasına görə aylıq ödənişin bərpa edilərək ödənilməsi, 2023-cü ilin yanvarından 2024-cü ilin mart ayına qədər düzgün hesablanmamış aylıq ödənişlərin qalıqlarının ödənilməsinin təmin edilməsi, avtomobilin əvəzində alınmış “Şkoda Octavia” markalı avtomobilin təmiri üçün tələb edilən 2000 (iki min) manat təmir xərclərinin ödənilməsinin, ona dəymiş ziyan kimi 1000 (bir min) manat maddi ziyanın cavabdehdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki cavabdeh inzibati orqanlara qarşı yönəlmiş olan tələb həmin inzibati orqanlarla publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, işə götürənlə onun arasında əmək münasibətlərindən yaranmaqla, əmək qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1973-cü ildə Salyan rayon Maşın Meliorasiya Idarəsinə Mexaniki Emalatxanaya çilingər kimi işə qəbul olunmuşdur. ##.##.1973-cü il tarixində **** №-li ekskavatora 4-cü dərəcəli maşinist köməkçisi əmri verilmişdir. Bu vaxt **** №-li ekskavator yararsız olduğu halda Mexaniki Idarənin planına görə işlədilirdi. ##.##.1973-cü ildə texnikanın nasazlığından bədbəxt hadisə baş vermişdir. O, hadisə nəticəsində xəsarət almış, sağ ayağı amputasiya olunmuşdur. Həmin vaxtdan əmək qabiliyyətini itirmiş, həmin vaxtdan idarə tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona əmək qabiliyyətinin itirlməsinə görə əməkhaqqının 85 faiz məbləğində aylıq ödəniş həyata keçirilirdi. 2024-cü ilin dekabr ayınadək 466,80 manat olmaqla ona ödəniş aparılmışdır. 2025-ci ilin yanvar ayından ödəniş dayandırılmışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etdikdə ona bildirilmişdir ki, məhkəmə qətnaməsinin 30 illik icra müddəti bitdiyi üçün ödənişin aparılması dayandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, hazırki mübahisə əmək hüquq münasibətləri deyil və məhkəmənin gəldiyi qənaət düzgün deyil. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Salyan Rayon Xalq Məhkəməsinin *-** nömrəli 1974-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Salyan rayon X5 hər ayda 116 manat 34 qəpik, 8/IX-1973cü il tarixdən 8/III-197-cü il tarixə kimi İddiaçı vurulmuş ziyan hesabına verilməsi, lakin əlavə ona qulluq pulu iddiası əsassız olduğundan rədd olunması qət edilmişdir. -Həmin Məhkəmənin *-*** nömrəli 1974-cü il tarixli qətnaməsi ilə Salyan rayon Ekskavator Stansiyasının hesabından 1000 manat İddiaçı avtomaşın alması üçün Azərbaycan SSR Ictimai Təminat Nazirliyinin dövlət bankının Azərbaycan kontorasında olan ******* №-li hesabına verilməsi qət edilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından müəyyən olunur ki, İddiaçı ##.##.1990-cı il tarixdən istehsalat zədəsi səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. -Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış 3-53-2/2-Q ****-**/** saylı, ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, məhkəmənin qərarı ilə aylıq müavinatın 1,5 misli miqdarında əlavə ona verilmiş və aylıq əlavə ödənişləri almışdır. Lakin 2023-cü il ərzində sözü gedən əlavələri almadığını ona verilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarından əmələ gələn tələb otuz ili keçdikdən sonra qüvvəsini itirir. Buna görə də sözügedən əlavələr və aylıq ödənişlərin verilməsi dayandırılmışdır. Şərh olunan sənədlərin məcmusundan bu qənaətə gəlinir ki, tərəflər arasında yaranmış mübahisə əmək hüquq munasibətlərindən yaranmışdır və inzibati məhkəmə icraatının predmeti olmadığından mübahisə publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalarla nizama salınmalıdır. Həmin mübahisələrə isə ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, iddiaçı məhkəmə aidiyyətini düzgün müəyyən etməmişdir. «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «Inzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Inzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. X3 Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar