Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-162/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının ## ###### 2022-ci il tarixli qərarının ləğv edilməsi, ümumi xəstəlik səbəbindən müəyyən faiz dərəcəsində müvafiq əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## ###### 2025-ci il tarixli, *-*(***)- **/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.13 cü bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Həmçinin, onun xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun sağlamlığının bərpa olunmasını təsdiq edən hər hansı dəlil, sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, ağır xəstədir, dəfələrlə Respublikanın müxtəlif növ ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicə, eləcə də cərrahi əməliyyat olunmuş, M51: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2) Diskogen (L4-L5) L5 sağtərəfli radikuloişemiya sağ aşağı ətrafın parezi. B) ağırlaşma: R32.Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək. Çanaq orqanlarının funksiya saxlamamazlığı şəklin pozulması. C) yanaşı xəstəliklər: D26.7. Uşaqlığın digər hissələrinin xoşxassəli yenitörəməsi. Qarın boşluğunun törəməsi. C92. Mieloid leykemiya (mieloleykoz) Mielopiferativ xəstəlik diaqnozu qoyulmuşdur. Xəstəliyinin ağırlıq dərəcəsi ilə bağlı ona cavabdehin 2015-ci il tarixli qərarı ilə II (ikinci) dərəcəli əlillik təyin edilmişdir. Növbəti 5(beş) illik müddətə əlilik dərəcəsinin təyin edilməsi üçün ##.##.2021-ci il tarixli *******AAU*F saylı elektron göndərişlə TSEK-na müraciət etmişdir. ##.##.2021-ci tarixdə cavabdeh orqan tərəfindən ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı imtina cavabı verilmişdir. Cavabdeh tərəfindən həmin elektron göndərişin səhiyyə müəssisəsi tərəfindən natamam doldurulması kimi şablon xarakterli səbəb göstərilsədə əslində elektron müraciətlə bağlı göndərişdə heç bir natamam doldulurmaya yol verilməmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən əlilliyi olmuş şəxs kimi ona qarşı ciddi qanun pozuntusuna yol verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyəti Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ##.##.2014-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin olaraq qiymətləndirilmiş və "ümumi xəstəlik" səbəbi ilə 1 (bir) il müddətinə Ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının *******AAC** nömrəli göndərişi əsasında ##.##.2015-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar olaraq qiymətləndirilmiş və "ümumi xəstəlik" səbəbi ilə 1 (bir) il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. "Ümumi xəstəlik" səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlilliyi ##.##.2016-cı il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (##.##.2021-ci il tarixədək) uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq İddiaçı aid "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin *******AAU*F nömrəli göndərişi ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və əsas diaqnozun ağırlıq dərəcəsinə görə köməkçi diaqnostik müayinələr tam aparılmadığından, "göndərişin natamam doldurulması" barədə əsaslı qərar verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və təmin edilməməsini xahiş etmiş, həmçinin iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ## ###### 2022-ci il tarixli qərarının ləğv edilməsi, ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının pozulması 60 faiz olmaqla, müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan və digər sənədlərdən görünür ki, iddiaçı 2015-2021ci il tarixləri aralığında əlillik vəziyyətində olmuş, növbəti qiymətləndirmələr nəticəsində ##.##.2022-ci il tarixli qərarla “əlavə müalicəyə ehtiyacın olması, ##.##.2022-ci il tarixli qərarla “göndərişin natamam doldurulması” əsası ilə əlillik təyinatından imtina edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-in T***/**** nömrəli ##.##.2023-cü il tarixli ekspert rəyində bildirilir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (*** №-li Formada) qeyd edilən "XIII sinif-sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54-dorsopatiyalar =>M50-M54-digər dorsopatiyalar=>M51digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri. Diaqnozun mətni: M51.0-Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), diskogen bel (L4-L5), L5 sağtərəfli radikuloişemiya, sağ aşağı ətrafın parezi. Ağırlaşma: R32-dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, çanaq orqanlarının funksiya saxlamamazlıq şəklində pozulması. Yanaşı xəstəliklər: D26.7-uşaqlığın digər hissələrinin xoşxassəli yenitörəməsi, qarın boşluğunun törəməsi C92-mieloid leykemiya (mieloleykoz), mieloproliferativ xəstəlik” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Diaqnozun ağırlaşmaları şəxsin əyani müayinəsində əlillik səviyyəsində olmadığından əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər ##.##.2015-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də ##.##.2022-ci il tarixli, *** nömrəli qərarla təsdiq edilmiş “orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini ilə əlaqədar meyarlarının hər hansı birini aid etmək mümkün olmadı. -Birinci instansiya məhkəməsinin müvafiq qərardadı əsasında “Azərbaycan Elmi- Tədqiqat Travmotologiya və Ortopediya Institutu” PHŞ-in ##.##.2025-ci il tarixli arayışında (tibbi rəy) (II cild, səh 59) yuxarıda şərh olunan tibbi rəydə onurğanın döş-bel tipli skaliozu, fəqərəarası disk yırtığı, Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ a.ağı ətrafın parezi. Paravertebral əzələlərin, sağ aşağı ətrafın əzələ atrofiyası, hər iki diz oynağının artrozu(II dərəcə). Daimi ağrı sindromu. Dayaq-hərəkət funksiyasının pozulması qeyd edilmiş diaqnoz yazılmaqla, XBT kodları M41.0, M51.0, Z98.8, G83.3, M62.5, R52.2, R26.0, R26.8 müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.13 cü bəndi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlməmiş, həmçinin qərarın nəticə hissəsində orqanizmin funksiyalarının pozulma dərəcəsini və əlilliyin hansı müddətə təyin edilməsini müəyyən etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, hazırki mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3.2-ci bəndində (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (aşağı ətrafların təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının mülayim pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri) diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 60% müəyyən edilməklə, müddətsiz əlillik təyinatının aparılmasına əsas verir. Iddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya əlillik təyinatından imtina edilməsi ilə bağlı mübahisələndirilən qərar qəbul edilərəkən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3.Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9.Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, tibbi göndərişin natamam doldurulması əlillik təyinatından imtina üçün əsas vermir və bu məsələ aidiyyəti səlahiyyətli qurumlar tərəfindən aradan qaldırılmalıdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilsin. İddiaçı orqanizmin funksiyalarının pozulması 60 faiz olmaqla ümumi səbəbdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-162/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-162/2026
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver