Məhkəmə qərarları › İş №2-1(3-9)-167/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-167/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-167/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ## ###### 2025-ci il tarixli, *A***H**** saylı qərarının ləğv edilməsi və həmin tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim F.Abbasov) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı səhhəti ilə bağlı ayrı-ayrı tibb müəssisələri (Cəlilabad RMX, xxxx, TSEK, Salyan RPX-nın HMK) tərəfindən təyin olunmuş diaqnozların hər biri ona ikinci dərəcə əlilliyin təyinatına əsas verir. Həmçinin iddiaçının xəstəliyi ilə bağlı təqdim olunmuş 2006-2025-ci illəri əhatə edən tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut, tibbi sənəd cavabdeh tərəfindən təqdim olunmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, 9 il ikinci dərəcə əlilliklə pensiya almışdır (diaqnoz Şizofreniya xəstəliyindən əziyyət çəkir). Əlillik dərəcəsinin müddəti bitdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi forma 88 göndərişi vermişdir. Cavabdeh qanunsuz olaraq əlillik dərəcəsinin verilməsindən imtina etmişdir. ##.##.2025-ci il tarixli əlillik dərəcəsinin verilməsindən imtina edilməsinə baxmayaraq cavabdeh orqana müraciət etmişdir. Onu əyani müayinəyə cəlb etmişlər və ##.##.2025-ci il tarixində yenidən imtina verilmişdir. Həmin qərar ona ## #### 2025-ci il tarixində poçt vasitəsilə təqdim edilmişdir. Iddiaçı, həmçinin cinayət işi ilə bağlı tibbi ekspertizalardan keçirilmiş və məhkəmələrin hökmü ilə xəstəliyi ilə bağlı olaraq məcburi müalicələr almışdır. Bununla bağlı bütün rəsmi sənədləri mövcuddur. Cavabdeh orqanın imtinasını qanunsuz hesab edir və konstision hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Şizofreniya. Məzkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Ixtisaslı psixiatrik tibb müəssisəsində müayinə, müalicə və diaqnozun dəqiqləşdirilməsi səbəbi ilə imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Məhkəmənin qərarda qeyd etdiyi “iddiaçının səhhəti ilə bağlı təyin olunmuş “Şizofreniya. Paranoid forma. Remissiya vəziyyəti” diaqnozu ##.##.2006-cı il tarixdən ##.##.2025-ci il tarixədək 17 il 8 aydan artıq müddəti əhatə edən bütün tibbi sənədlərdə öz əksini tapmışdır” ifadəsi əsassızdır və əlillik altsistemi ilə təkzib olunur. Belə ki, iddiaçı 2012- 2013, 2014-2015, 2015-2016, 2016-2021 ( elektron qaydada qiymətləndirmə ) illərdə cəmi 8 il olmaqla əlilliyi müəyyən edilmişdir. 2021-ci ildən isə bütün göndərişlərinə haqlı səbəblərlə imtina verilmişdir. Məhkəmə işin obyeltiv araşdırılması üçün ekspertiza təyin etmək əvəzinə öz mülahizəsinə əsasən qanunsuz qərar qəbul etmişdir. Bu tip işlərdə xüsusi zəruri bilik tələb edən ekspert rəyinin olması zəruridir. Bundan əlavə diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Prosessual məsələlər Iddiaçı əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya ##.##.2012-ci il tarixdə” XBT: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları =>F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları=>F20 – Şizofreniya F20,0 – Paranoid şizofreniya Diaqnozun mətni: Şizofreniya paranoid forma” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. ##.##.2014-cü il tarixli qərarla eyni diaqnozla 1 il müddətinə, ##.##.2015-ci il tarixdə 1 il müddətinə, ##.##.2016-cı il tarixli qərarla eyni diaqnoz əsasında 5 il müddətinə əlillik təyin edilmiş, bundan sonra müvafiq müraciəti olmamış və əlillik vəziyyətində olmamış, nəhayət ##.##.2025-ci il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirilmiş və ##.##.2025-ci il tarixli qərarla təyinatdan imtina edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx tərəfindən tərtib olunmuş ##.##.2011-ci il tarixli, ****/** nömrəli “Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarış”dan görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı anlaqsız vəziyyətdə AR CM-nin 234cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətdiyinə görə məcburi müalicəyə qəbul olunmuş, ##.##.2009-cu il tarixdən ##.##.2011-ci il tarixədək “xxxx” publik hüquqi şəxsində müayinə və müalicə olunmuş və ona “Şizofreniya. Paranoid forma. Remissiya vəziyyəti” diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx tərəfindən tərtib olunmuş ##.##.2021-ci il tarixli, ****** nömrəli “Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarış”dan görünür ki, İddiaçı ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək “xxxx” publik hüquqi şəxsində müayinə və müalicə olunmuş və ona “Şizofreniya. Paranoid forma. Remissiya vəziyyəti” diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli, ****** nömrəli “Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarış”dan görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək “xxxx” publik hüquqi şəxsində müayinə və müalicə olunmuş və ona “Şizofreniya. Paranoid forma” diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, ##.##.1977-ci il təvəllüdlü İddiaçı Cəlilabad RMX-nın ##.##.2024-cü il tarixli göndərişi əsasında ##.##.2024-cü il tarixdə Salyan Rayonlararası Psixatriya Xəstəxanasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və ona “Şizofreniya. Paranoid forma” diaqnozu qoyulmuşdur. -##.##.2025-ci il tarixli Tibbi göndərişdə (Forma 88) İddiaçı ilə bağlı “XBT F20 - Şizofreniya, şizofreniya, ağırlaşma: F20.0 – Paranoid şizofreniya, Şizofreniya paranoid forma” diaqnozu qeyd edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli X3 Həkim Psixiatr Komissiyasının ##.##.2025-ci il tarixli, ***** nömrəli rəyində bildirilir ki, İddiaçı “Şizofreniya, paranoid forma, fasiləsiz gedişli, emosional iradi enmə ilə, üzvi zəmində (anamnezində baş zədəsi, F20.01)” diaqnozu aşkar edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1.3-cü bəndi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində meyarların 7.3.1.2 bəndinə əsasən orqanizmin funksiyalarının pozulma faizini 65-80 dərəcə olması qənaətinə gəlmiş, həmçinin əlilliyin hansı müddətə təyin edilməsini müəyyən etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1.2 bəndində “şizofreniya, epizodik gediş artan defisit (çatışmazlıq) ilə, ildə 2 dəfədən az olmayan psixotik epizodlar; neqativ simptomatikanın daimi artması və bununla əlaqədar əmək qabiliyyətinin itirilməsi, gündəlik vəzifələrin yerinə yetirilməsi, ətrafdakılarla əlaqələrin qurulması və özünəqulluğun əhəmiyyətli dərəcədə məhdudlaşması, rezidual hallüsinator və paranoid simptomatikanın natamam saxlanması ilə müşayiət olunan remissiyalar; reallığın çətin dərk edilməsi və doğru mühakimə yürüdülə bilinməməsi, bir çox tələbatlarını ödəmək üçün daimi yardıma ehtiyacın olması” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 65-80% müəyyən edilməklə, 5 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Həmin meyarların 7.3.1.3-cü bəndində “şizofreniya, fasiləsiz gediş. Müşahidə dövründə remissiyanın qeydə alınmaması, davranışın sayıqlama və hallüsinasiyaların təsiri altında olması; xəstəliyin ilk 5 ili ərzində neqativ simptomların intensiv artması səbəbindən özünəqulluq, ev işləri, ailə və sosial əlaqələr, şəxsi gigiyena və s. sahələrdə fəaliyyət qabiliyyətinin itirilməsi, xəstəliyə və ətraf reallığa qarşı tənqidin tamam olmaması, kənar şəxslərin müşahidəsi və qulluğu olmadan yaşaya bilinməməsi” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 85-100% müəyyən edilməklə, müddətsiz əlillik təyinatının aparılmasına əsas verir. Təqdim edilmiş tibbi rəylərin təhlilindən görünür ki, iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntular fasiləsiz gedişli olduğundan əlillik təyinatı meyarların 7.3.1.3-cü bəndi ilə eynilik təşkil edir. Buna baxmayaraq, iddiaçı birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmış və şikayət verməmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddiaçı ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının pozulması 65-80 faiz olmaqla, 5 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar