Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-181/2026 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Şirvan Şəhər Polis şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Şirvan Şəhər Polis şöbəsinə qarşı “Üçüncü şəxs mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27 Q, m 8 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə (Üçüncü şəxs üçüncü şəxs qismində cəlb olunmaqla) dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: İddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Üçüncü şəxs mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 27 Q, m 8 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhər, T.İsmayılov küç, ev 27, Q, m.8 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Hazırda evində qeydiyyatda olan şəxslər haqqında məlumat istədikdə evində 1 nəfər kənar şəxsin- Üçüncü şəxs adlı şəxsin evində qeydiyyatda olduğunu bilmişdir. Adı çəkilən şəxs qardaşıdır. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlaması müqaviləsində görünür ki, Üçüncü şəxs qeydiyyatda olduğu ev üzrə paylı mülkiyyətini ona bağışlamış, hazırda onun heç bir hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə Şirvan Şəhər Polis şöbəsinə ərizə ilə müraciət edərək, həmin şəxsin ona məxsus Şirvan şəhər, T.İsmayılov küç, ev 27, Q, m.8 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin Şirvan Şəhər Polis şöbəsindən bildirilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir, bunun üçün məhkəməyə müraciət edilməlidir. Cavabdehin etirazları: Cavabdehin iddaya qarşı münasibəti məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı (hakim Rəşidə Quliyeva) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Şirvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iş üzrə zəruri olan sənədləri Şirvan İnzibati Məhkəməsinə təqdim etdiyindən sənədlərin surətlərini Şirvan İnzibati Məhkəməsində baxılan işə əlavə edilməklə əsllərinin götürülməsi zərurəti yarandığından Şirvan İnzibati Məhkəməsinə sənədlərin əsllərinin qaytarılması barədə ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Baxılan iş üzrə məhkəmənin növbəti iclasına səhhəti ilə əlaqədar iştirak edə bilmədiyindən ##.##.2026-cı il tarixdə teleqramla müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddia tələbindən imtina etməmişdir və baxılmasının davam etdirilməsini xahiş edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətlərinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam vermiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülməsi barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı iddianın geri götürülməsi barədə deyil, iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hətta, ərizəçinin belə bir ərizəsi olmuş olsa idi belə, bu hal birmənalı şəkildə məsələyə hazırda olduğu kimi yanaşmaya əsas verməzdi. Belə ki, iddiaçının iddianın geri götürülməsi barədə ərizəsi məhkəmə tərəfindən ərizə verən şəxslə müzakirə edilərək, baş verə biləcək hallar ona aydın şəkildə izah olunmalı idi. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-181/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-181/2026
23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver