Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-20/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyinin ləğv edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentliyinin ##.##.2017-ci il tarixli, *******0001 nömrəli qərarına əsasən ona təyin olunmuş ikinci dərəcəli əlilliyinin ##.##.2020-ci il tarixdə ləğv edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ##.##.2020-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Məhkəmə qeyd edir ki, normativ aktla əlilliyin düzgün müəyyən edilməsini şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir. Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən, iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edilə bilərdi. Cavabdeh inzibati orqan hər bir halda Qanunun tələblərinə əsasən, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Lakin cavabdeh orqan tərəfindən inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar məhkəməyə təqdim edilməmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci nilin may ayından 2-ci dərəcəli əlilliklə dövlət qulluqçusu kimi 5 illik, yəni 2022-ci ilə qədər əmək pensiyasına çıxmış, 2020ci ilin iyun ayından sonra dövlət qulluqçusu kimi əmək pensiyası ona heç bir rəsmi xəbərdarlıq və bildiriş olunmadan, canlı müayinəsi keçirilmədən dayandırılmışdır. Həmin vaxtdan pensiyası əsassız hesab olunmaqla kəsilmişdir. 2022-ci ilin oktyabr ayında TSEKdən canlı müayinəyə çağırılmış, lakin çağırılana qədər iki il ərzində dəfələrlə TSEK-ə müraciət etmiş, 2022-ci ilin oktyabr ayında TSEK-in çağırışı əsasında canlı müayinədən keçmiş və 2023-cü ilin fevral ayından 80 faiz əliliklə əmək pensiyası adi qaydada bərpa olunmuş və ilkin pensiya kimi təyin olunmuşdur. Yəni dövlət qulluqçusu kimi pensiya təyin olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik siyasəti şöbəsindən bildirilmişdir ki, 2016-cı ildə xəstəlik vərəqəsi olmadığına görə TSEK xəstəliyini etibarsız saymışdır. Beləliklə hər hansı tibb müəssiəsinin məsuliyyətsizliyi hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Nəticədə ##.##.2017-ci il tarixdən ##.##.2020-ci il tarixədək ödənilmiş məbləğ əsassız məbləğ hesab olunmuşdur. Həmin tarixdən adi pensiyasından əsassız tutulmalar həyata keçirilir, sonra DSMF-yə müraciət olunmuş və əsassız olduğuna görə pensiyasından tutulmalar dayandırılmışdır. Cavabdehin imtinasının dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyəti Füzuli Rayon Mərkəzi Xəstəxanasının *******AAFG* nömrəli göndərişi əsasında ##.##.2017-ci il tarixində elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən (Diaqnoz: Keçirilmiş transmural miokard infarktından sonrakı kardioskleroz. Durğunluq ürək çatışmazlığı) 5 il müddətinə (##.##.2022-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, İddiaçı dair rəsmiləşdirilən *******AAFG* nömrəli göndərişdə qeyd olunan stasionar müalicə tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi” və “Sığorta” altsistemlərində olan məlumatlara əsasən əmək haqqı ödənilmiş və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmadığından aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı ##.##.2020-ci il tarixində ləğv olunmuşdur. Sonrakı dövrdə İddiaçı Füzuli Rayon Mərkəzi Xəstəxanasının R********GIS nömrəli göndərişi və müraciəti əsasında ##.##.2022-ci il tarixində ** nömrəli Tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunmuşdur. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin müalicə potensialı tükənmədiyindən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə vətəndaşa dair Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən F********JCX nömrəli göndəriş rəsmiləşdirilmiş və şəxsin qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zərurəti yaranmışdır. Bu səbəbdən vətəndaş ##.##.2024-cü il tarixində ** nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuş, müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ##.##.2023-cü il tarixindən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən (Diaqnoz: Şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Diabetik retinopatiya) 2 il müddətinə (##.##.2025-ci il tarixinədək) orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə ekspertiza təyin etmədən, iddiaçının xəstəliyinin ağırlaşmalarını müəyyən etmədən qərar qəbul etmişdir. Cavabdeh sonradan apellyasiya şikayətinə əlavə təqdim edərək, iddiaçının barəsində 2022-ci ildə 4 dəfə, 2023-cü ildə 1 dəfə tibbi göndəriş rəsmiləşdirildiyini və müvafiq qərarlar qəbul edildiyini, lakin iddiaçının həmin qərarları mübahisələndirmədiyini, bununla da qanunla müəyyən edilmiş müddəti ötürdüyünü bildirməklə, qərarın ləğv edilməsi və iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə əlavədə qeyd edilmiş məzmunda izahat vermiş və qərarın ləğv edilməsi və iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Iddiaçı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, 2020-ci ildə əlilliyi ləğv edildiyi zaman işi çox olduğundan, sonradan isə koronavirus infeksiyasının yayılmasına görə məhkəməyə gec şikayət etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya ##.##.2017-ci il tarixli qərarla 5 il müddətinə II dərəcə əlillik təyin edilmiş, sonradan cavabdeh orqan əlillik altsistemində əlilliyin ##.##.2020-ci il tarixdən ləğv edilməsi (qərarsız) ilə bağlı məlumat yerləşdirilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərardadan görünür ki, İddiaçı *********** saylı, ##.##.2022-ci il tarixli xidməti məktuba əsasən “Tibbi-sosial ekspertiza və reablitasiya alt sistemi”ndə əlilliyin etibarsız edilməsi ilə bağlı hüququ ləğv edilməsi nəticəsində artıq ödənilmiş 16476,25 manat vəsait DSMF hesabına bərpa edilmişdir. -Əlillik altsistemindən digər çıxarışlardan görünür ki, iddiaçının barəsində ##.##.2022-ci il tarixdə verilmiş tibbi göndəriş əsasında əlillik təyinatından ##.##.2022-ci il tarixli qərarla “göndərişin natamam doldurulması” əsası ilə imtina edilmiş, ##.##.2022ci il tarixli göndərişə əsasən ##.##.2022-ci il tarixli qərarla “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə, ##.##.2022-ci il tarixli göndərişə əsasən ##.##.2022-ci il tarixli qərarla eyni əsasla imtina edilmiş, nəhayət ##.##.2023-cü il tarixli göndəriş əsasında 2 il müddətinə əlillik təyinatı aparılmış, həmçinin ##.##.2025-ci il tarixli qərarla 2 il müddətinə əlillik təyin edilmişdir. Şərh olunan sənədlərdən və işin faktiki hallarından göründüyü kimi iddiaçının barəsində ##.##.2017-ci il tarixdə aparılmış əlillik təyinatının ##.##.2020-ci il tarixdə inzibati icraat aparılmadan və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edilmədən əlillik altsistemində ləğv edilməsi barədə qeyd aparılmış (cavabdehin yazışmalarında etibarsız hesab edildiyi qeyd olunub), məhkəmə araşdırması zamanı cavabdeh bu faktiki xarakterli hərəkətini iddiaçının əlillik dövründə əmək haqqı alması və əlillik təyinatına əsas verən müalicə müddətinə dair məlumatların təsdiqini tapmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əlillik dövründə əməkhaqqı alması və ya əlillik təyinatına əsas verən müalicə müddətinə dair məlumatların təsdiqini tapmaması halı şərti olaraq, əlillik təyinatının ləğvi və ya etibarsız hesab edilməsi nəticəsinə gəlmək üçün kifayət edə biləcək amillər kimi nəzərə alınacağı təqdirdə belə, inzibati orqanın atmalı olduğu addım “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə bağlıdır və orqan məhz bu tələblərə əməl etməklə müvafiq qərar qəbul etmək vəzifəsini daşıyır. Bundan əlavə, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi şərtləri və əsasları öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. Lakin istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7ci bəndinə istinad etdiyi hallarda, cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Şərti olaraq qəbul etsək ki, birinci şərt ödənilmişdir və iddiaçının əlillik vəziyyətində olması məsələsinə yenidən baxılmalı idi, bu halda ikinci şərt də öz növbəsində ödənilməli idi. Başqa sözlə, iddiaçı əyani şəkildə müayinə olunduğu və əvvəlki qərarın qanunsuz olmasını əsaslandıran yeni hüquqi və ya faktiki hallar ortaya çıxdığı təqdirdə cavabdeh öz əvvəlki qərarını ləğv edə, dəyişdirə bilərdi. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3. əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. Inzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. -57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. -57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: -57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); -58.1. inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçını əyani şəkildə müayinə etmədən və onun orqanizmində patofunksional pozuntunun mövcud olub-olmamasını müəyyən etmədən, eyni zamanda müvafiq inzibati icraat aparmadan əvvəlki qərarının qanunsuz olması qənaətinə gəlmişdir ki, bu hal yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə və inzibati icraatın prinsiplərinə ziddir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-20/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-20/2026
03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver