Məhkəmə qərarları › İş №2-1(3-9)-208/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-208/2026

23.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-208/2026 23.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2024-cü il tarixli, *******0001 saylı qərarın ləğv edilməsi və ## ###### 2024-cü il tarixdən ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim F.Abbasov) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına və iş üzrə təqdim olunmuş tibbi sənədlərə əsasən iddiaçıya təyin olunmuş diaqnozlarda əksini tapmış xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2-ci “F06 baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusu” bəndinin orqanizmin funksiyasının pozulma faizinin 35-60 və orqanizmin funksiyasının pozulma müddətinin 2 il qeyd olunduğu 7.6.2.1-ci (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması), həmçinin, orqanizmin funksiyasının pozulma faizinin 65-80 və orqanizmin funksiyasının pozulma müddətinin 2 il qeyd olunduğu 7.6.2.2-ci (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) yarımbəndlərinə tam uyğunluğu təsdiq olunur. İddiaçı ##.##.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində döyüşlər zamanı yanında mərmi partlaması nəticəsində aldığı kəllə-beyin silkələnməsi ilə əlaqədar ona təyin olunmuş ilk diaqnoz (F06), Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” phş tərəfindən ## ### 2024-cü il tarixdə təyin olunmuş diaqnoz (F06.5), Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-**/*-***/**** nömrəli qərarı ilə təyin olunmuş diaqnoz (F06.5) və Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə təyin olunmuş diaqnozlar (F07.0) onun xəstəliyinin 31 il ərzində heç bir müsbət dəyişikliklər olmadan davam etdiyini və xəstəliyinin “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin tələblərinə cavab verdiyini, bunun isə ona əlillik təyinatının aparılması üçün əsas olduğunu təsdiq etməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya əlillik təyinatından imtina edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, Birinci Qarabağ müharibəsində ##.##.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində döyüşlər zamanı yanında düşmən mərmisi partlaması nəticəsində yaralanmış, partlayış dalğasının nəticəsində kəllə-beyin travması almışdır. Həmin gün hərbi hissə komandirinin gondərişi ilə hospitala göndərilmişdir. ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixə kimi 53 gün hospitalda müalicə olunmuşdur. Müalicədən sonra ona «(F06) Müharibə zamanı partlama nəticəsində alınmış beyin silkələnməsi nəticəsində üzvi dissosiativ pozuntu. Vegetativ damar davamsızlığı, yüngül əlamətlərlə» diaqnozu qoyulmuşdur. Lakin sinirlərindəki pozuntuya görə ona verilən sənədləri itirmişdir. Ona görə də əlilliyin verilməsi üçün müraciət edə bilməmişdir. Bir müddət sonra həmin sənədlərin surətini almaq üçün Dövlət Sərhəd Xidmətinə, hospitala, DSX-nin arxivinə müraciətlər etmişdir. Lakin sənədlərin surəti ona təqdim olunmamışdır. Nəhayət 2024-cü ildə aldığı xəsarət, aparılan müalicə, qoyulan diaqnoz barədə sənədlər Dövlət Sərhəd Xidmətinin Mərkəzi arxivindən tapılmış və ona təqdim edilmişdir. Eyni zamanda Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası ##.##.2024-cü il tarixdə onu yenidən tibbi müayinədən keçirmiş və 1993-cü ildə təyin olunmuş diaqnoz yenidən təsdiqini tapmışdır. Hətta diaqnoz 1993-cü ildə F06 ilə qiymətləndirildiyi halda 2024-cü ildə bir da şiddətlənərək F06.5 ilə qiymətləndirilmişdir. Mövcud qanunvericiliyə görə F06 dərəcəli beyin silkələnməsi əmək qabiliyyətinin itirilməsi və 2-ci dərəcə əlilliklə qiymətləndirilir. Onda isə diaqnoz F06.5-dir. Bu o deməkdir ki, ona 2-ci dərəcə əlillik təyin olunmalıdır. O, əlilliyin təyin olunması üçün verilən diaqnozla cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin cavabdeh əlilliyin təyin olunmasından imtina vermişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik barədə həm 1993-cü il, həm də 2024-cü il tarixli qərarı olduğu halda cavabdeh öz imtinasında xəstəlik əlamətlərinin aşkar olunmadığını əsas göstərmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan obarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Ağdam RƏD-in ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni. Üzvi (İ QM zamanı alınmış zərbə dalğası nəticəsində) şəxsiyyət pozuntusu, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə. Məzkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, iddiaçıda hər hansı diaqnozun doğruluğunun müəyyən edilməsi faktı, qanunvericiliklə müəyyən edilmiş qaydada şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa hüquqi əsas yaratmır. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Məhkəmə isə öz qərarında diaqnozun təsdiqini əsas götürərək, həmin diaqnozun şəxsdə konkret ağırlaşma mərhələlərini və laborator müayinə nəticələrini araşdırmadan nəticəyə gəlmişdir. Diaqnozun olması "xəstəlik" faktını təsdiq etsə də, bu fakt mütləq şəkildə orqanizmin funksiyalarının qanunvericiliklə müəyyən edilmiş faiz intervalında itirilməsi (əlillik) demək deyil. Məhkəmə isə öz əsaslandırmasında bu meyarların texniki və hüquqi tələblərini kənara qoyaraq, yalnız diaqnoz faktına söykənmişdir. Beləliklə, bu xüsusatlar onun təsdiqidir ki, göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz edilmişdir. Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışla müəyyən edilir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam RƏD-in ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. -Iddiaçı həmin qərardan narazı qalaraq, əlilliyin müəyyən edilməsi ilə bağlı məhkəmdə iddia qaldırmışdır. -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-**/*-***/**** nömrəli qərarından görünür ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu, ehtiyatda olan sabiq əsgər İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Beyləqan şöbəsinin ##.##.2024-cü il tarixli, *-**-**/*-***/**** nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə (DSX HH-nın ##.##.1993-##.##.1993-cü il tarixli, *** nömrəli xəstəlik tarixi, * nömrəli Psixi Sağlamlıq Mərkəzinin ##.##.2024-cü il tarixli, **** nömrəli rəyi) əsasən aşağıdakı qərar verilmişdir: Diaqnoz “(F06.5) Birinci Qarabağ müharibəsi zamanı alınmış beyin silkələnməsi nəticəsində üzvi dissosiativ pozuntu. Vegetativ-damar davamsızlığı, yüngül paroksizmal əlamətlərlə”. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin a) yarımbəndi, DSX MHHK-nın iyul 2024-cü il tarixli, * saylı protokolu. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” phş-nin ## ### 2024-cü il tarixli **** nömrəli rəyindən görünür ki, Dövlət Sərhəd Xidmətinin ##.##.2024-cü il tarixli göndərişinə əsasən ##.##.1974-cü il təvəllüdlü İddiaçı tibbi müayinədən keçmiş və ona “1-ci Qarabağ müharibəsi zamanı alınmış beyin silkələnməsi nəticəsində üzvi dissosiativ pozuntu F06.5” diaqnozu təyin edilmişdir. -Ağdam RƏD tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2024-cü il tarixli tibbi göndərişdən görünür ki, İddiaçı “əsas diaqnoz: F 07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış zərbə dalğası nəticəsində) şəxsiyyət pozuntusu, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” aşkar edilir. -Məhkəmə kollegiyasının müvafiq qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **** saylı ekspert rəyində bildirilir ki, İddiaçı hal-hazırda Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış zərbə dalğası nəticəsində) şəxsyiyyət pozuntusu, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Ağdam RƏD-in ##.##.2024-cü il tarixli tibbi göndərişində iddiaçının orqanizmində olan patofunksional pozuntu diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu (Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində), koqnitiv funksiyaların enməsi ilə” XBT 10 kodu F07.0 müəyyən edilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin təqdim etdiyi rəydə də həmin XBT kodu müəyyən edilsə də, rəyin “Psixi status” hissəsində psixiatrik pozuntunun dərəcəsi və pozuntunun klinik funksional xüsusiyyətləri belə təsvir edilmişdir: - “Zahirən bir qədər süst və narahat görünür. Özünə, zamana və məkana görə bələdliyi saxlanılıb. Verilən suallara əsasən ləng cavablar verir, bəzi hallarda nitqində kəkələmə büruzə verir. Təfəkküründə torpidlik əlamətləri müəyyən edilir. Müayinə zamanı kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar etmir. Əhvali-ruhiyyə fonu enmişdir. Şikayətləri barəsində soruşduqda İ Qarabağ müharibəsi zamanı gedən döyüşlər zamanı düşmən tərəfindən atılan əl qumbarası partlayışı nəticəsində huşunu itirməklə qapalı kəllə-beyin travması aldığını, müvafiq olaraq hospitallarda müalicələrdə olduğunu bildirir. Müxtəlif vaxtlarda onda yaranan əsəbilik, baş ağrıları, yuxu pozuntuları, yaddaşında zəifləmə, tez yorulma halları ilə əlaqədar müraciətlərinin olduğunu, son illərdə bu halların artması, əllərində əsmə, nəfəs darlığı, qorxu, təşviş hissləri keçirdiyini bildirərək bununla əlaqədar psixiatrik xəstəxanalarda müayinə və müalicələrdə olduğunu, aldığı müalicələrin nəticəsində səhhətində tam yaxşılaşma yaranmadığını bildirir. Aparılan sorğu-sual gedişatında əsəbi gərginliyinin meydana gəlməsi, astenizasiya olunması, əhval-ruhiyyənin aşkar enməsi nəzərə çarpır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda XBT üzrə F07.0 kodu ilə müəyyən edilmiş əlillik təyinatına əsas verən xəstəliklər aşağıdakı qaydada müəyyən edilmişdir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə 35-60 2 il azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti Göründüyü kimi yalnız koqnitiv funksiyaların enməsi hələ şəxsin əlillik vəziyyətində olması qənaətinə gəlmək üçün kifayət etmir, həmçinin Meyarlar psixiatrik pozuntuların konkret klinik əlamətlərinin və ağırlaşmalarının mövcud olduğu hallarda əlillik təyinatına əsas verir. Qeyd edilməlidir ki, XBT kodu əsasən xəstəliyin və sağlamlıq vəziyyətinin standart şəkildə təsnif edilməsi üçündür. Əlilliyin müəyyənləşdirilməsində isə yalnız diaqnozun adı və kodu deyil, həmin xəstəliyin şəxsin əmək və gündəlik həyat fəaliyyətinə təsiri, funksional məhdudiyyətlərin dərəcəsi, hərəkət, özünəxidmət, ünsiyyət və digər imkanlarına təsiri, pozuntuların davamlılığı və agırlığı, eyni zamanda tibbi sənədlərlə təsdiqlənməsi kimi amillər həlledici rol oynayır. Tibbi rəydən isə görünür ki, tədqiqat zamanı iddiaçının zahiri əlamətlər baxımından müxtəlif pozuntuları (əsəbilik, baş ağrıları, yuxu pozuntuları, yaddaşında zəifləmə, tez yorulma, koqnitiv funksiyaların enməsi və s.) nəzərə çarpsa da, özünə, zamana və məkana görə bələdliyi saxlanılmış, qavrama pozuntuları, sayıqlama fikirləri və s. aşkar edilməmiş, 30 il əvvəl baş vermiş hadisələri (İ Qarabağ müharibəsi zamanı gedən döyüşlər zamanı travma almasını) xatırlamış və danışmışdır. Bununla yanaşı işdə olan bütün tibbi sənədlərdən, o cümlədən tibbi rəydən görünür ki, iddiaçının kənar şəxsin köməyinə ehtiyacının olması (məsələn, yüksək intihar riski zamanı), habelə təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti müəyyən edilməmişdir. Odur ki, təqdim edilmiş tibbi rəydə iddiaçının xəstəliyinin əlillik təyinatına əsas verə biləcək səviyyətə olmadığı, klinik funksional xüsusiyyətlərinin Meyarların 7.6.2.1 və 7.6.2.2-ci bəndlərində qeyd olunan xüsusiyyətlərlə uyğunluq təşkil etmədiyi müəyyən olunur. Həmçinn qeyd edilməlidir ki, internet resurslarında və elmi ədəbiyyatlarda koqnitiv funksiyaların pozulmasının səbəbi kimi göstərilir ki, ümumiyyətlə, kəskin və geri dönə bilən şüurun dəyişdirilmiş səviyyəsindən fərqli olaraq sabit bir xüsusiyyətə aiddir. Koqnitiv çatışmazlıqlar anadangəlmə ola bilər və ya beyin xəsarətləri, nevroloji pozuntular və ya psixi xəstəliklər kimi ətraf mühit amillərindən qaynaqlana bilər. Koqnitiv çatışmazlığın iş keyfiyyətinə böyük təsir edəcəyi gözlənilsə də, sağlamlıq və iş keyfiyyəti arasında heç bir əlaqə yoxdur və ya çox azdır. Hava hərəkətinə nəzarətçi, peşəkar idmançı və digər koqnitiv cəhətdən asılı peşələr istisna olmaqla, yaş iş keyfiyyətinə təsir göstərmir. Digər mənbələrdə göstərilir ki, koqnitiv funksiyaların pozulması beynin yaddaş, diqqət və qərar vermə kimi mühüm funksiyalarının zəifləməsi ilə xarakterizə olunan, fərdin həyat keyfiyyətinə birbaşa təsir edən ciddi bir sağlamlıq vəziyyətidir. Bu vəziyyət həm genetik faktorlar, həm də müxtəlif xroniki xəstəliklər nəticəsində ortaya çıxa bilər. Erkən diaqnoz və düzgün müalicə yanaşması, simptomların idarə edilməsində kritik rol oynayır. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarına uyğun olmayan nəticəyə gəlməklə, həmçinin maddi hüquq normalarının tələblərinə riayət etməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar