Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-230/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Lənkəran rayonu X4rşı torpaq sahəsinə dair alqı satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Lənkəran rayonu Xolmili-Şıxəkəran Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən Lənkəran rayon Xolmili-Şıxıkəran bələdiyyəsinin mülkiyyətində olmaqla 27 ildən artıq müəddət ərzində onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona və ya ailə üzvlərindən hər hansı birinə bələdiyyənin öz hesabına satılması öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən bələdiyyələr tərəfindən torpaq ayrılması barədə qərarlar qəbul olunması, birmənalı olaraq qabaqcadan müvafiq orqanlardan, o cümlədən yerli icra hakimiyyəti orqanlarından rəy alınması ilə şərtləndirilir. Hazırkı mərhələdə cavabdeh inzibati orqan tərəfindən ümumiyyətlə torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı tədbirlərin görülməsi mümkün deyildir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması barədə o halda qərar qəbul edilə bilər ki, həmin torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəy alınsın. Iş materiallarından cavabdeh tərəfindən rəyin alınması üçün aidiyyəti inzibati orqana müraciət etməsi müəyyən olunmur. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddianı onunla əsaslandırmışdır ki, Lənkəran rayonunun Şıxəkəran kəndində qeydiyyatda olmaqla orada ailə üzvləri ilə birlikdə yaşayır.Yaşadıqları ev onun mülkiyyətində olmaqla evin yerləşdiyi torpaq sahəsi onun və ailə üzvlərinin mülıkiyyətindədir. Torpaq sahəsi onlara Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə həyətyanı torpaq sahəsi kimi onlara 0,23 ha olaraq verilmişdir. Sözügedən torpaq sahəsi 0,23 ha rəsmiləşdirilsə də, faktiki olaraq 0,29 ha olmuş, həmin vaxtdan da 0,29 ha olaraq faktiki istifadələrində qalmışdır.Onların istifadəsində olan 0,06 ha torpaq sahəsinə münasibətdə digər qonşu torpaq mülkiyyətçilərinin iddaları olmamışdır. Islahat zamanı onun ailə üzvlərinə 0,28 ha həyətyanı torpaq sahəsi verilməli olduğu halda, istifadələrində zəbt torpaq sahəsi olduğu üçün 0,23 ha torpaq sahəsi verilmişdir. Cavabdeh inzibati orqana istifadələrində olan torpaq sahəsinin onlara satılması ilə bağlı müraciət etsə də, müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqan yazılı münasibətində göstərmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla yanaşı, su kanalı zolağına düşür və kəndin ümumi istifadəsi üçün nəzərdə tutulmuş ərazi hesab edilir. Bu səbəbdən həmin torpaq sahəsinin hər hansı formada özgəninkiləşdirilməsi, o cümlədən satışı, qanunvericiliyin tələblərinə ziddir və hüquqi baxımdan mümkün deyildir. Apellyasiya şikayətinin dəlilləri: Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Prosessual məsələlər: Iddiaçı və onun nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması barədə o halda qərar qəbul edilə bilər ki, həmin torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınsın. Iş materiallarından cavabdeh tərəfindən rəyin alınması üçün aidiyyəti inzibati orqana müraciət etməsi müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə tətbiq olunmalı maddi hüquq norması qismində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsinin normaları çıxış edir. Belə ki, həmin Qanunun: 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Işin hallarından aydın olur ki, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə 0,23 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi ilə yanaşı 0,06 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi də iddiaçının faktiki istifadəsində olmuşdur. Iddiaçı da həmin 0,06 ha torpaq sahəsinin mülkiyyətinə verilməsini istəyir. Kollegiya qeyd edir ki, hazırki vəziyyətdə işə mahiyyəti üzrə baxılaraq mübahisə predmeti olan torpaq sahəsinin nə vaxtdan iddiaçının istifadəsində olması, torpaq sahəsinə dair digər şəxslərin iddialarının olub-olmaması, torpaq sahəsinin iddiaçıdan əlavə digər kənar şəxslərə satılmasının mümkün olub-olmaması aydınlaşdırılmalı, nəticəsindən asılı olaraq mahiyyəti üzrə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/*** nömrəli qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-230/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-230/2026
20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver