Məhkəmə qərarları › İş №2-1(3-9)-250/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-250/2026

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-250/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ## ##### 2024-cü il tarixindən, 60 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barəqə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni ##.##.2024-cü il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir, ümumi iş stajı cavabdeh tərəfindəndə mübahisələndirilməmişdir. Iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə məhkəmə qeyd edilən halları yenidən təkrarlanmasını zəruri hesab etmir. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ######## 1980-## #### 1983-cü illərdə Mirbəşir Rayon Texniki Peşə Məktəbində əyani təhsil almış, ## ### 1983-## #### 1985-ci il tarixlərində həqiqi hərbi xidmətdə olmuş, ## ###### 1985-ci il tarixində Mirbəşir * nömrəli Tikinti quraşdırma idarəsində fəhlə qəbul edilmiş, ## ### 1987-ci ildə işdən çıxmış, ## #### 1987-ci ildə Mirbəşir Rayon Daxili Işlər Şöbəsi nəzdində Silahlı Mühafizə Şöbəsində mühafizəçi vəzifəsinə qəbul edilmiş, ## ###### 1988-ci ildə işdən çıxmış, ## ###### 1988-ci ildə xxxx X2 dizel və teplovozların köməkçi avadanlıqlarının təmiri üzrə çilingər şagirdi vəzifəsinə qəbul edilmiş, ## ###### 1988-ci il tarixində həmin vəzifədə çilingər olaraq fəaliyyətinə davam etmişdir. ## ###### 1989-cu il tarixində teplovoz maşinisti köməkçisinin dublyoru vəzifəsinə keçirilmiş, ## ###### 1990-cı ildə teplovoz maşinisti köməkçisi keçirilmiş, ## ###### 1992-ci ild Bakı Texniki Məktəbində teplovoz maşinisti kurslarında təhsillə əlaqədar işdən çıxmış, ## ###### 1992-## #### 1992-ci il tarixində xxxxnın Bakı Texniki Məktəbində əyani şəkildə teplovoz maşinisti kursunda təhsil almış, ## #### 1992-ci ildə xxxx X2 teplovoz maşinisti köməkçisi vəzifəsinə işə qəbul edilmiş, ## ##### 2002-ci il tarixində işdən çıxmış, ## ###### 2014-cü il tarixində xxxx MMC-də teplovoz maşinisti köməkçisi və qatar tərtibatçısı vəzifəsinə qəbul edilmiş, ## #### 2022-ci ildə həmin müəssisədə maşinist köməkçisi keçirilmiş və həmin vəzifədə hal-hazırda da əmək fəaliyyətini davam etdirmişdir. Güzəştli iş stajı xxxx X2 teplovoz maşinisti köməkçisi və xxxx MMC-də teplovoz maşinisti köməkçisi və qatar tərtibatçısı vəzifələrində topladığı iş stajıdır. Cavabdeh onun Azərbaycan Səkər Istehsalat Birliyi MMC-də işlədiyi teplovoz maşinisti köməkçisi və qatar tərtibatçısı vəzifəsinin güzəştli siyahıda Nəqliyyat bölməsinə aid olmamasını əsas gətirmişdir. Azərbaycan Respublikasında dəmiryolları vahid sistem təşkil edir və ayrı-ayrı böyük müəssisələrin ərazisində yerləşən dəmiryolları da həmin sistemə inteqrasiya olunmuşdur. Başqa sözlə, həmin müəssisələr öz təsərrüfat fəaliyyətlərində dəmiryol daşımalarından istifadə edirlər. Bu məqsədlə, belə müəssisələr müvafiq ştat cədvəlinə əsasən bu dəmiryollarında işləmək üçün elektrovoz və teplovoz (adətən teplovoz, çünki bunun üçün elektrikləşdirilmiş dəmiryol xətlərinə ehtiyac yoxdur) maşinistləri və onların köməkçiləri, eləcə də qatar tərtibatçıları peşələrində çalışacaq işçiləri işə qəbul edirlər. Teplovoz maşinistləri (köməkçiləri ilə birlikdə) müəssisə ərazisindəki dəmiryolları ilə hərəkət edərək xxxxnın mülkiyyətində olan magistral dəmiryollarına çıxır və müxtəlif stansiyalarda yükləri qəbul edərək müssisəyə daşıyırlar. Bu səbəblə də, cavabdehin imtinasının əsası yoxdur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi “xxxx” MMC-nin arayışında ##.##.2014-cü il tarixindən bugünədək adıçəkilən müəssisədə Logistika və Planlama Departamentinin nəqliyyat sahəsində teplovoz maşinist köməkçisi və qatar tərtibçisi vəzifələrində işlədiyi qeyd olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21), Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, teplovozlarda maşinist köməkçiləri və qatar tərtibçiləri vəzifələri nəzərdə tutulduğu əsas göstərilərək iddiaçının 10 il 7 ay 3 gün güzəştli stajı olduğu qeyd edilmişdir. Lakin göründüyü kimi müvafiq siyahıda göstərilmiş bölmədə iş stajının güzəştli hesab olunması üçün işçinin bilavasitə nəqliyyat sahəsində xidmət edən işçi olması şərti mövcuddur. Hansı ki iddiaçıya iş yerindən verilmiş arayışdan müəyyən olunduğu kimi, onun icra etdiyi iş “xxxx”MMC-də teplovoz maşinisti köməkçisi, daha sonra qatar tərtibçisidir. Yəni “xxxx”MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan nəqliyyat sahəsinə aid olmadığından “xxxx” QSC-nin ##.##.2024cü il tarixli, **-*/*-S-****/*-**/**** nömrəli arayışına əsasən yuxarıda qeyd olunan siyahının müvafiq bəndləri üzrə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 3 gün (##.##.1990-##.##.1992-ci il və ##.##.1992-##.##.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajı # ###### 2006-cı il tarixinədək 25 ildən az (20 il 9 ay 13 gün (##.##.1980-##.##.1983-cü il, ##.##.1983-##.##.1985-ci il, ##.##.1985-##.##.1987-ci il, ##.##.1987-##.##.1988-ci il, ##.##.1988-##.##.1989-cu il, ##.##.1989-##.##.1992-ci il, ##.##.1992-##.##.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bəndində (Nəqliyyat bölməsi) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri”, “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” - güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun şamil edildiyi şəxslər kimi qeyd edilmişdir. Iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ##.##.1964-cü il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus ##.##.1987-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, ##.##.1980-cı il tarixdən ##.##.2022-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -##.##.1982-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -##.##.1983-cü il tarixli, ****** nömrəli Diplomun surətindən görünür ki, İddiaçı ##.##.1980-cı ildə Mirbəşir rayonu *** nömrəli texniki peşə məktəbə daxil olmuş və ##.##.1983-cu ildə geniş profilli traktorçu-maşinist (təmiri-çilingər işini bacıraqla) peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. -“xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ##.##.2024-cü il tarixli, **-*/*-Ş-****/*-**/**** nömrəli arayışında bildirilir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ##.##.1990-##.##.1992-ci il tarixədək, ##.##.1992-##.##.2002-ci il tarixədək X2 teplovoz maşinst köməkçisi işləmişdir. Işlədiyi müvafiq peşə üzrə sosial sığorta (əmək) stajı 11 il 9 ay 3 gün təşkil edir. Işlədiyi teplovoz maşinist köməkçisi peşəsinin əsas xüsusiyyətləri lokomotivin (qatarın) idarə edilməsi zamanı maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməklə müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən eaiiən tələb və qaydalara riayət edilməsi və hərəkət təhlükəsizliyinin təmin edilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 21.4-cü bəndin 7, 13 və 17-ci abzaslarına uyğundur. -“xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, ***/** nömrəli arayışında bildirilir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunauyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ##.##.2014-##.##.2022-ci il tarixədək Lokostika və planlama departamentində işləmişdir. Işlədiyi müvafiq peşə üzrə sosial siğorta (əmək) stajı 10 il 7 ay 3 gün təşkil edir. Işlədiyi teplovoz maşinist köməkçisi peşəsinin əsas xüsusiyyətləri Lokomotivin (qatarın) idarə edilməsi zamanı maşinsit tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməklə müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi və hərəkəttəhlükəsizliyinin təmin edilməsindən ibarət olmaqla(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiysı hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısında 21.4 bəndin 7,13 və 17-ci abzaslarına uyğundur. -“xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli, **-*/*-Ş-****/*-*/**** nömrəli məktubuna əlavə edilmiş arxiv sənədindən görünür ki, İddiaçı həqiqətən xxxx Bakı texniki məktəbinin “Teplovoz maşinist” kursunu ##.##.1992-##.##.1992-ci ildə əyani şöbəsini bitirmişdir. -“xxxx” MMC-nin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, ***/** nömrəli arayışından görünür ki, İddiaçı Yolçu oğlu həqiqətən o, ##.##.2014-cü il tarixindən Logistika və planlama şöbəsinin nəqliyyat sahəsinə teplovoz maşinisti köməkçisi və qatar tərtibatçısı vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2017-ci il tarixdə Logistik şöbəsinin nəqliyyat sahəsinə teplovoz maşinisti köməkçisi və qatar tərtibatçısı vəzifəsinə keçrilmişdir. ##.##.2022-ci il tarixindən hal hazırkı tarixədək Logistika və planlama departamentinin nəqliyyat sahəsində maşinist köməkçisi (teplovoz) vəzifəsində çalışır. Qeyd edilmiş peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında ’’Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarının“ Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” nın 28-ci bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri” - (23001000—18726), “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” - (23001000—14241) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərinin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri”, “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşələri ilə eynilik təşkil edir. Işin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının 1990-2002-ci illəri əhatə edən dövrdə ADY-də qatarda maşinist köməkçisi kimi işlədiyi dövrü onun sosial sığorta stajına daxil etsə də, 2014-2022-ci illər ərzində “Azərşəkər Istehsalat Birliyi”ndə teplovozda maşinist köməkçisi işlədiyi dövrü mübahisələndirmişdir. Cavabdeh imtinasını bununla əsaslandırmışdır ki, “Azərşəkər Istehsalat Birliyi” nəqliyyat sektorunda aid təşkilat deyildir, bu səbəbdən iddiaçının həmin təşkilatda teplovozda maşinist köməkçisi işlədiyi dövr güzəştli iş dövrü kimi sığorta stajına daxil edilə bilməz. Oxşar iş üzrə qəbul edilmiş və iş materiallarında mövcud olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadında göstərdiyi hüquqi mövqedən aydın olur ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (o cümlədən, *-*(***)-***/**** nömrəli iş üzrə ##.##.2022-ci il tarixli, (*-*(***)- ***/**** nömrəli iş üzrə ## ### 2023-cü il tarixli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Başqa sözlə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu baxımdan, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmir yollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar