Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-259/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müracitə edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ###### 2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın ləğv edilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh kameral vergi yoxlaması keçirmək qərarına gəlsə də, keçirilmə qaydası üzrə apardığı inzibati icraatın yalnız vergi ödəyicisi tərəfindən banklarda olan hesablarına ödənilmiş (mədaxil edilmiş) vəsaitlərin 2023-cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində əldə edilmiş gəlirlər kimi bəyan edilmədiyini, bu vəsaitin mənbəyi, sahibkarlıq fəaliyyətində əldə edilmiş gəlirlər olmaması barədə əlaqəli məlumatların müəyyən edilmədiyini və təsdiqedici sənədlərin təqdim edilmədiyini əsas gətirmişdir. Lakin cavabdeh orqan icraat apardığı zaman İddiaçı tərəfindən ##.##.2020-ci il tarixdə vergi orqanına təqdim etdiyi arayış əsasında sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatları ##.##.2020-ci il tarixdən ##.##.2025-ci il tarixədək dayandırıldığını nəzərə almamışdır. Konkret mübahisəyə münasibətdə vergi orqanı yalnız Vergi Məcəlləsinin ona verdiyi hüquqlardan istifadə etməklə kifayətlənmiş, vergi və inzibati icraat qanunvericiliyi ilə üzərinə qoyulmuş və xidməti mövqeyindən irəli gələn vəzifələri isə icra etməmiş, şəxsi hesaba köçürülən pul vəsaitinə Vergi Məcəlləsinin ümumi müddəalarına əsasən xərc və gəlir mütənasibliyinə istinad etməklə iddiaçıya vergi hesablamışdır. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Məhkəmə qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən barəsində ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla gəlir vergisi üzrə 18914,20 manat məbləğində əlavə vergi hesablanmışdır. Həmin qərardan Dövlət Vergi Xidmətinə inzibati qaydada şikayət edilmişdir. Şikayəti araşdırılan zaman eyni dövr üzrə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən “Vergilərin, sosial sığoıta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar qəbul edilərək gəlir vergisi üzrə 13258,93 manat məbləğində vergi hesablanmışdır. Dövlət Vergi Xidməti tərəfindən qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət edərək, kameral qaydada hesablanmış vergi məbləğinin azaldılmasını və qərarın ləğv edilməsini xahiş etmiş, lakin şikayət təmin edilməmişdir. Uçot-baza məlumatına əsasən fərdi sahibkar kimi ##.##.2017-ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanında uçota durmuş, Vergi orqanında uçota alınmış aktiv təsərrüfat subyekti (obyekti) olmamışdır. Eyni zamanda **************** nömrəli ərizəsinə əsasən fəaliyyəti müvəqqəti olaraq ##.##.2020-ci il tarixindən ##.##.2025-ci il tarixinədək dayandırılmışdır. Vergi orqanı tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan şəxsi bank hesabıma daxil olmuş vəsait guya onun gəliri kimi əsaslandırılaraq ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli məktub göndərilərək 2023-cü ilin gəlir vergisi bəyannaməsini təqdim edilmədiyi bildirilmişdir. Tərəfindən vergi orqanına gedilmiş, müvafiq bank hesablarından çıxarışı və izahat məktubu araşdırmaya təqdim edilmiş, eyni zamanda qeyd olunan məbləğ sahibkarlıq fəaliyyətinə aid olmadığından müvafiq bəyannamə vergi orqanına təqdim edilməmişdir. Uzun müddət Rusiya Federasiyasında yaşamış və orada şəxsi biznesi olmuşdur, 2022-ci ildə özünə məxsus 75.000 manata avtomobili satmışdır. Bank kartlarına daxil olan məbləğlərin böyük hissəsi özü tərəfindən mədaxil edilmişdir. Bu məlumatları vergi orqanına bildirsə də, nəzərə alınmamışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, uçot-baza məlumatlarına əsasən İddiaçı ##.##.2017 ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “yük avtomobil nəqliyyatlarının fəaliyyəti” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırmalar nəticəsində iddiaçının 2023-cü il ərzində sərəncamçısı olduğu bank hesablarına müxtəlif şəxslərdən 567426,00 manat məbləğ daxil olduğu və iddiaçı tərəfindən həmin hesabat dövrü üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir məbləği əks etdirilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya "Vergi orqanına dəvət edilməsi və məlumatların təqdim edilməsi barədə” ##.##.2024-cü il tarixli məktub göndərilmiş, lakin iddiaçı tərəfindən sənədlər təqdim etmədiyi, qeyd edilən məktuba əsaslandırılmış yazılı izahat və cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2023-cü il üçün gəlir vergisi bəyannaməsi üzrə 18914,20 manat vergi məbləğinin hesablanması haqqında ##.##.2024-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi orqanı tərəfindən 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə dəqiqləşdirmələr aparılaraq 397764,40 manat şəxsi karta daxil olmuş vəsait əsas götürülməklə hesablanmış vergi məbləği 5655,39 manat azaldılaraq 13258,93 manat hesablama aparılmış və ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuşdur. Iddiaçı iddia ərizəsində 2019-cu ildən sahibkarlıq fəaliyyətini dayandırdığını, adına heç bir təsərrüfat subyekti, nəzarət kassa aparatı, elektron qaimə faktura ilə alışı, satışı, idxalixracının olmadığını, heç bir bildiriş və ya uyğunsuzluq məktubu göndərilmədən birbaşa kameral hesablama aparıldığnı, sonu **9678 ilə bitən şəxsi kart hesabına 170184,00 manat mədaxil, 169138,81 manat məbləğində məxaric olunduğunu, eyni zamanda sonu ***3207 ilə bitən şəxsi kart hesabına isə 89929,44 manat məbləğində mədaxil olunduğunu, uzun illərdir Rusiya Federasiyasında yaşadığını, Rusiya Federasiyasında biznesinin olduğunu, obyekti işlədən adamların yaxınları tərəfindən bizneslərindən gələn gəlirlərin kart hesabına yükləndiyini, kart hesabına olan mədaxillərin demək olar ki, 70% hallarda özü tərəfindən mədaxil edildiyini, 2022-ci ildə özünə məxsus "Mersedes GL” markalı **-ZM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini satdığını, avtomobili alan şəxsin pulun böyük bir hissəsini kart hesabına hissə-hissə mədaxil etdiyini və hər iki kart hesabına olan mədaxillərin sahibkarlıq fəaliyyəti ilə əlaqəsi olmadığnı bildirmişdir. ##.##.2025-ci il tarixli izahatında iddiaçı Rusiya Federasiyasında biznesinin qardaşının adına rəsmiləşdirildiyi üçün öz adından vergilərin ödənişinə dair sənəd təqdim edə bilmədiyini, Rusiyada vergilərin ödənilməsinə dair sənədləri bir həftə ərzində təqdim etməyə çalışacağını bildirmiş, lakin hazırki vaxta qədər vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin iddiaçı izahatda kart hesabına daxil olan pulların bir qisminin dostlarına vermiş olduğu borcun hissə-hissə qaytarılmasından ibarət olduğunu bildirmişdir. Vergi orqanının "Dostlarınıza nə qədər borc vermisiniz?” sualını, "Şəxsi məlumat olduğu üçün məlumat verə bilmirəm” kimi, "Aranızda hər hansı borc müqaviləsi olmuşdurmu?” sualını isə "Xeyr” cavabları verərək cavablandırmışdır. Göründüyü kimi iddiaçı inzibati araşdırmaya kart hesabına daxil olan məbləğlərin mənbəyi barədə konkret cavablar və sübutlar təqdim edə bilməmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən 2023-cü il ərzində elektron qaimə faktura təqdim edilmədiyi, əldə edilmədiyi, elektron alış aktı ilə malların alınmadığı, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının bank hesablarına mədaxil olan məbləğlərlə bağlı hər hansı təsdiqedici sənədləri araşdırmaya təqdim etmədiyi, bank hesablarına ümumilikdə 397764,40 manat sahibkarlıq fəaliyyəti ilə bağlı məbləğlərin mədaxil olunduğu, bununla da iddiaçının əldə edərək bəyan edilməmiş gəlirlərinin olduğu və qeyd olunan halların vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılmış əməliyyatlar olduğu müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı inzibati araşdırmaya # ### 2022-ci il tarixli "Mersedes GL” markalı 99-ZM 925 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 75000,00 manata təqdim etməsinə dair "Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsini inzibati araşdırmaya təqdim etməsinə baxmayaraq, şəxsi kart hesabına daxil olan pul vəsaitlərinin həmin nəqliyyat vasitəsinin alqı satqısı əməliyyatlarından daxil olan pul vəsaiti olub-olmaması barədə təsdiqedici sənəd təqdim etməmişdir. Kameral vergi yoxlaması zamanı bankda olan hesabına ödənildiyi (mədaxil edildiyi) və iddiaçı tərəfindən elektron qaimə-faktura, ixrac gömrük bəyannaməsi, nəzarət kassa aparatı vasitəsi ilə rəsmiləşdirilməmiş, 2023-cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində əldə edilmiş gəlirlər kimi bəyan edilməmiş 397765,00 manat gəlirlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına uyğun xərclər müəyyən edilməklə 13258,93 manat gəlir vergisi hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, qəbul edilmiş qərar işin faktiki hallarına uyğun deyil. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). -36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. -54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0. 1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0. 2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər sırasına kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın həyata keçirilməsi şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərarın qəbulu üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları müəyyən etməyə borcludur. Qanunvericilik vergi qanunvericiliyinin pozulması faktının, eləcə də vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Işin araşdırılmış halları ilə müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin mübahisələndirilən qərarı ilə iddiaçıya 2023-cü ilin gəlir vergisi üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi əlavə vergi hesablanmışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, vergi orqanı tərəfindən iddiaçının bank məlumatlarına əsasən ona gəlir vergisi hesablansa da, həmin məbləğin hesablanmasına əsasən olan iddiaçının bank hesabına daxil olan pul vəsaitinin bilavasitə onun sahibkarlıq fəaliyyətilə bağlı əldə etdiyi gəlir olmasını təsdiq edəcək sübutlar vergi orqanı tərəfindən istər birinci instansiya məhkəməsinə, istəsə də apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. Belə olan halda, vergi orqanının qərarında qeyd olunan halların sübuta yetirilməməsi qərarın mötəbərliyini şübhə altına almağa əsas verir. Inzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya əlavə vergi hesabladığı zaman obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Beləliklə, işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-259/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-259/2026
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver