Məhkəmə qərarları › İş №2-1(3-9)-280/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-280/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-280/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etimad hüququ, qanunsuz əlverişli inzibati aktın ləğvi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi və əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) ##.##.1968-ci il təvəllüdlüdür. Tibbi-sosial ekspert komissiyasının ##.##.2006-cı il tarixli *******0001 nömrəli qərarından görünür ki, İddiaçı ##.##.2006-cı il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. DSMF Maliyyə-uçot sektorunun müdiri-baş mühasib M.M.Rzayev, DSMF Pensiya və müavinət təyinatı sektorunun baş məsləhətçisi S.Sahverdiyev, məsləhətçisi R.Nüsrətov tərəfindən tərtib edilmiş ## #### 2006-cı il tarixli *** nömrəli aktda qeyd edilmişdir ki, “...Tərtib etdik bu aktı ondan ötəri ki, pensiyanın təyin olunması ilə əlaqədar təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının (2005-ci il) 3.13-cü bəndinin tələblərinə uyğun olaraq fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığorta ayırma ödənişi vəziyyətini İddiaçı üzrə maliyyə-uçot sektorunda olan mühasibat sənədlərinə əsasən yoxladıq və aşağıdakı kimi olduğunu müəyyən etdik. DSMF Gəlirlər sektorunun məsləhətçisi İbadət Ağayev tərəfindən 05.07.06 ****** №-li məcburi dövlət sosial sığorta üçün mədaxil qəbzi ilə Masallı rayonu Qızılağac kənd sakini İddiaçı payıbəlli torpağa görə ******* №-li qeydiyyata əsasən aşağıdakı kimi pul alınmışdır: 2002-2006-cı illər üzrə 12 (on iki) manat. Akt Maliyyə-uçot sektorunda olan mühasibat sənədləri əsasında tərtib olundu. Akt oxundu, əlavəmiz yoxdur, düzdür.” Həmin akt DSMF Masallı rayon şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir (imza, möhür var). “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024cü il tarixli qərardan görünür ki, iddiaçıya ##.##.2006-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qərarın “Qeyd” hissəsində göstərilmişdir ki, ilkin təyinat zamanı əmək pensiyası hüququ verən iş stajı 2002-2006-cı illər üzrə torpağa görə ödənilmiş sığorta ödəmələrinə əsasən təyin olunmuşdur. Lakin PAS-da və digər proqram təminatında ödənilmiş məbləğlər göstərmədiyi üçün iş stajı yetərli deyil. Pensiya işi ləğv edilir. Artıq vermə 10675.50 manat. “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024cü il tarixli qərardan görünür ki, iddiaçıya ##.##.2006-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Yenidən hesablamanın ödəniş tarixi: ##.##.2024 qeyd edilmişdir. Qərarın “Qeyd” hissəsində göstərilmişdir ki, ilkin təyinat zamanı əmək pensiyası hüququ verən iş stajı 2002-2006-cı illər üzrə torpağa görə ödənilmiş sığorta ödəmələrinə əsasən təyin olunmuşdur. Lakin PAS-da və digər proqram təminatında ödənilmiş məbləğlər göstərmədiyi üçün iş stajı yetərli deyil. Pensiya işi ləğv edilir. Artıq vermə 11403.22 manat. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-Q-******/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, Sizə əlilliyə görə əmək pensiyası 2002-2026-cı illər üzrə torpaq sahəsinə görə ödədiyiniz məcburi dövlət sosial sığorta haqları əsasında təyin edildiyi halda, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. ...Mərkəzi Filialın müvafiq qərarı əsasında təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi ##.##.2024-cü il tarixindən dayandırılmışdır...Sizə ##.##.2021-ci il tarixdən ##.##.2021ci il tarixədək 130 manat, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 180 manat və ##.##.2023-cü il tarixdən 220 manat məbləğində II dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi) əlilliyə görə sosial müavinət təyin edilmişdir.” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yerli gəlirlər və xərclər üzrə maliyyə idarəsi tərəfindən cavabdehə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Maliyyə nazirinin ## ##### 2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli əmri ilə ## ### 2025-ci il tarixdən rayon (şəhər) maliyyə idarələri (şöbələri) ləğv edilmişdir. Ləğv edilmiş idarələrə (şöbələrə) məxsus 2020-ci il tarixinə kimi olan arxiv sənədləri çeşidlənmiş, saxlama müddəti başa çatmış sənədlər məhv edilmişdir. Bu səbəbdən sorğunuzda qeyd etdiyiniz dövr üzrə İddiaçı tərəfindən sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatların təqdim edilməsi mümkün deyildir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarların ləğvi edilməsi və əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən, yəni ##.##.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1968-ci il təvəllüdlüdür. Ona ##.##.2006cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan ##.##.2024-cü il tarixdə pensiya ödənişi əsassız olaraq dayandırılmışdır. Buna səbəb kimi 2002-2006-cı illər üzrə torpaq sahəsinə görə ödədiyi məcburi sosial sığorta haqları barədə elektron informasiya sisteminin müvafiq altsistemlərində məlumatın aşkar edilməməsi göstərilmişdir. Baş vermiş hal onun təqsiri deyil və həmin hal sosial təminat hüququnun pozulmasının əsası ola bilməz. Cavabdehin etirazları: İddiaya dair etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmiş, İddiaçı barəsində tərtib etdiyi ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarının ləğvi və ##.##.2006-cı ildən təyin edilən əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən, yəni ##.##.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya ilkin pensiya təyinatı zamanı Masalı Rayon İcra Hakimiyyətinin başçısı aparatı Dövlət Arxivinin ##.##.2006-cı il tarixli *** nömrəli arayışına əsasən ##.##.1988ci il tarixdən ##.##.1988-ci il tarixədək, ##.##.1989-cu il taridən ##.##.1989-cu il tarixədək, ##.##.1989-cu il tarixdən ##.##.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü və 4 il 3 ay mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət onun sığorta stajına daxil edilmişdir. Lakin daha sonra aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Belə olduğu halda isə iddiaçının sığorta stajı əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il # #### tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasının Qanunu (iddiaçıya pensiya təyin edilən vaxt qüvvədə olan redaksiya): Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri Əlilliyə görə əmək pensiyası (bu Qanunun qüvvəyə mindiyi günədək əlilliyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) 19 yaşınadək əlil olmuş sığorta olunana bir il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ... 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. ... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və bu zaman ##.##.2006-cı il tarixli akta əsasən İddiaçı tərəfindən 2002-2006-cı illər üzrə müvafiq məcburi dövlət sosial sığorta haqlarının ödənişini təsdiq edən mədaxil qəbzləri üzrə ödənişin həyata keçirilməsinə və cavabdeh orqanın nümayəndələri tərəfindən ödənişlərin hıyata keçirilməsi barədə halın həqiqiliyinin imzalanılaraq öz təsdiqini tapmasına, həmin dövrdən uzun müddət keçdikdən sonra yenidən zəruriliklə bağlı həmin qəbzlərin iddiaçıdan tələb edilməsinin qanunazidd hal olmasına, ödənişlərin mötəbərliyini şübhə altına alan hər hansı halın müəyyən edilməməsinə əsaslanmışdır. İşin halları ilə müəyyən edildi ki, iddiaçı ##.##.2006-cı ildən ümumi səbəbdən müddətsiz ikinci dərəcəli əlildir. Ona ##.##.2006-cı ildə tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bu zaman sığorta stajı kimi ##.##.1988-ci il tarixdən ##.##.1988-ci il tarixədək, ##.##.1989-cu il taridən ##.##.1989-cu il tarixədək, ##.##.1989-cu il tarixdən ##.##.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü və 4 il 3 ay mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət nəzərə alınmışdır. DSMF Maliyyə-uçot sektorunun müdiri-baş mühasib M.M.Rzayev, DSMF Pensiya və müavinət təyinatı sektorunun baş məsləhətçisi S.Sahverdiyev, məsləhətçisi R.Nüsrətov tərəfindən tərtib edilmiş ## #### 2006-cı il tarixli *** nömrəli aktda qeyd edilmişdir ki, “...Tərtib etdik bu aktı ondan ötəri ki, pensiyanın təyin olunması ilə əlaqədar təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının (2005-ci il) 3.13-cü bəndinin tələblərinə uyğun olaraq fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığorta ayırma ödənişi vəziyyətini İddiaçı üzrə maliyyə-uçot sektorunda olan mühasibat sənədlərinə əsasən yoxladıq və aşağıdakı kimi olduğunu müəyyən etdik. DSMF Gəlirlər sektorunun məsləhətçisi İbadət Ağayev tərəfindən 05.07.06 ****** №-li məcburi dövlət sosial sığorta üçün mədaxil qəbzi ilə Masallı rayonu Qızılağac kənd sakini İddiaçı payıbəlli torpağa görə ******* №-li qeydiyyata əsasən aşağıdakı kimi pul alınmışdır: 2002-2006-cı illər üzrə 12 (on iki) manat. Akt Maliyyə-uçot sektorunda olan mühasibat sənədləri əsasında tərtib olundu. Akt oxundu, əlavəmiz yoxdur, düzdür.” Həmin akt DSMF Masallı rayon şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir (imza, möhür var). 17 ildən artıq bir müddətdən sonradan cavabdeh inzibati icraatı təzələyərək, araşdırma aparmış və 2002-2006-cı illər üzrə torpağa görə ödənilmiş sığorta ödəmələrinin PAS-da və digər proqram təminatında ödənilmiş məbləğlərin göstərilmədiyi üçün “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024 və ##.##.2024-cü il tarixli qərarlar ilə pensiya işini ləğv etmiş, artıq ödəmə müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilir ki, iddiaçı tərəfindən 2002-2006-cı illər üzrə torpağa görə ödənilmiş sığorta ödəmələrinin PAS-da və digər proqram təminatında əksini tapmaması onun təqsiri deyil və bu hal şəxsin sosial təminat hüququnun pozulmasının əsası kimi çıxış edə bilməz. Şəxs sığorta ödəmələrinin PAS-da və digər proqram təminatında yerləşdirilməsini təmin edən şəxs deyil. Bu cavabdehin vəzifəsidir. Həmin məsələ üzrə iddiaçının üzərinə düşən sığorta ödəmələrinin həyata keçirilməsidir ki, o, bunu etmişdir. Dövlət orqanının əməkdaşının vəzifəsini düzgün şəkildə icra etməməsi şəxsin təqsiri deyil. İşdə olan DSMF Maliyyə-uçot sektorunun müdiri-baş mühasib M.M.Rzayev, DSMF Pensiya və müavinət təyinatı sektorunun baş məsləhətçisi S.Sahverdiyev, məsləhətçisi R.Nüsrətov tərəfindən tərtib edilmiş ## #### 2006-cı il tarixli *** nömrəli aktda qeyd edilmişdir ki, “...Tərtib etdik bu aktı ondan ötəri ki, pensiyanın təyin olunması ilə əlaqədar təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının (2005-ci il) 3.13-cü bəndinin tələblərinə uyğun olaraq fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığorta ayırma ödənişi vəziyyətini İddiaçı üzrə maliyyə-uçot sektorunda olan mühasibat sənədlərinə əsasən yoxladıq və aşağıdakı kimi olduğunu müəyyən etdik. DSMF Gəlirlər sektorunun məsləhətçisi İbadət Ağayev tərəfindən 05.07.06 ****** №-li məcburi dövlət sosial sığorta üçün mədaxil qəbzi ilə Masallı rayonu Qızılağac kənd sakini İddiaçı payıbəlli torpağa görə ******* №-li qeydiyyata əsasən aşağıdakı kimi pul alınmışdır: 2002-2006-cı illər üzrə 12 (on iki) manat. Akt Maliyyə-uçot sektorunda olan mühasibat sənədləri əsasında tərtib olundu. Akt oxundu, əlavəmiz yoxdur, düzdür.” Həmin akt DSMF Masallı rayon şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir (imza, möhür var). Cavabdeh orqan vaxtı ilə təyin etdiyi etdiyi əmək pensiyası barədə qərarını qanunsuz əlverişli inzibati akt kimi qəbul etmişdir. İşin araşdırılması ilə qanunsuz əlverişli inzibatin ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir. Cavabdeh orqan “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024 və ##.##.2024-cü il tarixli qərarlar ilə pensiya işini ləğv etmiş, lakin əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə qərarı ləğv etməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İnzibati orqan 17 ildən artıq bir müddət keçdikdən sonra iddiaçının pensiya işini ləğv etmişdir. Halbuki, hazırki yaranmış vəziyyət cavabdehə bu keçən illərdə məlum olmuş və ya olmalı idi. Bunun əksi qanunda nəzərdə tutulan 1 illik müddəti formal edər. Müddətdən asılı olmayaraq inzibati orqan istənilən vaxt icraatı təzələyər və hazırki davranışı nümayiş etdirər. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar