Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-283/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X3 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, üçüncü şəxs Üçüncü şəxs iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə qarşı subsidiyanın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ## ###### 2022 ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən icarəsində olan Sabirabad rayonu, Moranlı kəndi ərazisində yerləşən 400 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində arpa əkininə görə, 2023-cü il üçün ayrılmalı olan kənd təsərrüfatı subsidiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş əkin üçün ## ####### 2022-ci il tarixli, **/** nömrəli kənd təsərrüfatı bitkiləri toxumlarının alqı-satqısına dair müqavilə əsasında 68000 kq arpa toxumu alaraq əkməsi barədə məlumat müəyyən edilir. Lakin 68000 kq arpa toxumunun əldə edildikdən sonrakı vəziyyəti barədə məlumat verilməmişdir. Iddiaçı tərəfindən 400 ha torpaq sahəsində neçə kq arpa məhsulu (taxıl və s) əkib biçdiyi, əkib biçdiyi məhsulunun satışı, hara və kimə hansı qaydada təhvil verilməsi, alqı-satqı barədə və s. barədə heç bir məlumat, sənəd, qəbz və ya dirgər sübutlar nə cavabdeh orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçı məhsul subsidiyasını almaq üçün müvafiq Qayda ilə müəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), eləcə də məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (müvafiq qəbzləri) "X6” informasiya sisteminin (EKTIS) altsistemi olan "Subsidiya” informasiya sisteminə (SIS) daxil etməmişdir. Göründüyü kimi, iddiaçının arpa əkini və təhvil verdiyi məhsulun qəbzləri barədə məlumatları EKTIS-ə daxil edilmədiyi üçün cavabdehin iddiaçıya məhsul subsidiyasının ödənilməsindən imtinası əsaslı olmuşdur. Hazırkı iddia tələbinin təmin olunması subsidiya alınması üçün müraciət edən digər fermerləri sənədlərin vaxtında sistemə əlavə edilməsində lazımi məsuliyyət göstərməkdən yayınmağa sövq etməklə yanaşı, subsidiya verilməsinin mexanizmini tənzimləyən qanunvericilik normalarının faktiki işləkliyinin və əhəmiyyətinin itirilməsinə gətirib çıxa bilər. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu, Moranlı kəndi ərazisində yerləşən 400 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarə müqaviləsi əsasında istifadə edir. Həmin torpaq sahələrinin 300 ha hissəsinin icarəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış, 100 ha hissəsinin icarəsinə dair isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Həmin torpaq sahəsində taxıl əkib becərir. Əkin üçün ## ####### 2022-ci il tarixli, **/** nömrəli kənd təsərrüfatı bitkiləri toxumlarının alqısatqısına dair müqavilə əsasında 68000 kq arpa toxumu alaraq əkmişdir. Səpindən əvvəl və taxıl əkildikdən sonra tələb olunan bütün aqrotexniki tədbirlər tərəfindən həyata keçirilmişdir. Həmçinin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən, əkdiyi taxıl Aqrar Sığorta Fondu adından “xxxx” ASC ilə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsi imzalanaraq sığortalanmışdır. 2023-cü il üçün ayrılan subsidiyanı almaq məqsədilə X2 Mərkəzinə bəyannamə göndərsə də, həmin il üçün ayrılmalı olan subsidiyanı ala bilmir, dəfələrlə aidiyyəti üzrə müraciətlər etmişdir, ona subsidiya ayrılmasından imtina olunur. Müraciətinə cavab olaraq etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə ünvanlanan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ## #### 2024-cü il tarixli 3-22/2-Ə ****/*-**-****/**** saylı məktubunda keçirilmiş baxışın nəticələrinə dair arayışdan çıxarış təqdim edilmişdir və məhz həmin arayış əsasında hesab edilmişdir ki, ona subsidiya ayrılması məqsədəuyğun hesab edilməmişdir. Buna səbəb kimi onun adından bəyan edilmiş Sabirabad rayonunun Moranlı kəndi ərazisində 400 ha arpa sahələrində keçirilən monitorinq zamanı qeyd olunan sahədə aqrotexniki qulluğun düzgün aparılmadığı, şumlama və malalama işlərinin qeyriproporsional aparıldığı, əkinlərin olmadığı göstərilir. Halbuki yuxarıda qeyd etdiyi kimi arpa məhsulunun yetişdirilməsi üçün əkin və səpindən əvvəl və sonra lazımi becərmə tədbirlərini görmüşdür. Cavabdehin imtina aktı və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” 3.8ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri X6 Informasiya Sisteminə daxil etməlidirlər. Qaydanın 5.1.3-cü yarımbəndinə əsasən seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə X2 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirirlər. Qaydanın 5.2.4cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir 2022-2023-cü əkin ilində Ü.R.Zeynalovanın 300 hektar və İddiaçı 400 hektar torpaq sahələrində həyata keçirilən payızlıq arpa əkinlərinə dair EKTIS-ə daxil edilmiş məlumatlara əsasən keçirilən monitorinq zamanı həmin sahələrin müvafiq olaraq 300 hektarında və 383 hektarında aqrotexniki qulluğun düzgün aparılmadığı, şumlama və malalama işlərinin qeyriproporsional aparıldığı, əkinlərin suvarılmadığı, nəticədə bitkilərin məhv olduğu və ərazidə biçilməsi mümkün olan əkinlərin olmadığı müəyyən edilmişdir. Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün İddiaçı bəyan etdiyi 400 ha arpa əkinlərinə görə əkin subsidiyasının ödənilməsi mümkün olmamışdır. O cümlədən, Qaydanın 3.1-1-ci bəndinə əsasən fermerə istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2 ci bəndinə uyğun olaraq yaradılan X7 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Qaydanın 2.4-cü bəndinə müvafiq olaraq X7 2023-cü il ## ###### tarixli Qərarının 24-cü bəndinə əsasən 2024-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir. 2023-2024-cü əkin ilində İddiaçı həyata keçirdiyi 400 hektar arpa əkini qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı və torpaq sahəsinin aqrokimyəvi analizləri verilmədiyi üçün Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən 2022- 2023-cü əkin ili üzrə keçirilən monitorinqin nəticələri nəzərə alınmaqla həmin əkinlərə görə subsidiyanın ödənilməsi mümkün olmamışdır. Qeyd edilənləri, o cümlədən qanunvericiliyin tələbləri pozularaq arpa əkininin qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığını nəzərə alaraq iddiaçıya subsidiya hesablanması mümkün deyil və ödənilməməlidir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılması xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, lazımi həcmdə araşdırma aparmadan yalnız cavabdeh tərəfindən təqdim edilmiş dəlillərə istinad edərək qərar qəbul etmişdir. Prosessual məsələlər Üçüncü şəxs məhkəmə iclasında bildirmişdir ki, subsidiya ödənilməsi tələb olunan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 2024-cü ildə iddiaçının yaxın qohumu ilə razılığa gəlmişlər, lakin notariat qaydada təsdiq edilmiş müqavilə bağlamamışlar. Buna baxmayaraq, 2025-ci ildə həmin sahədə arpa əkini həyata keçirmişdir. Iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Aqrar Sığorta Fondu tərəfindən verilmiş kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının siğortası üzrə siğorta şəhadətnaməsinin surətindən görünür ki, 400 ha torpaq sahəsi üzrə siğortanın qüvvədə olduğu müddət ##.##.2023-cü il tarixdən ##.##.2023-cü ilədək müəyyən edilmişdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Sabirabad rayonu, Moranlı kəndi ərazisində yerləşən 100 ha torpaq sahəsi İddiaçı adına icarə hüququ əsasında qeydə alınmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Sabirabad rayonu, Moranlı kəndi ərazisində yerləşən 300 ha torpaq sahəsi İddiaçı adına icarə hüququ əsasında qeydə alınmışdır. -Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi yaninda Aqrar Kredit və Inkişaf Agentliyinin əməkdaşı tərəfindən İddiaçı icarəsində olan ümumilikdə 400 ha torpaq sahəsinə dair ##.##.2023-cü il tarixdə sonuncunun iştirakı ilə tərtib edilmiş “yerində müşahidə hesabatı”ndan görünür ki, bəyan edilmiş 400 ha torpaq sahəsinə “Dəyanətli” payızlıq arpa növünün əkilməsi müəyyən edilmişdir. -“Kənd təsərrüfatı bitkiləri toxumlarının alqı-satqısına dair” ##.##.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı ilə “xxxx” MMC arasında 1 kq dəyəri 0.70 manat olmaqla, 68000 kq arpa toxumun alqı-satqısı ilə bağlı razılıq əldə edilmişdir. -Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin ##.##.2024-cü il tarixli *-**-*/*-Kol-***-**-***/**** nömrəli məktubunda bildirilir ki, 2022-2023-cü əkin ilində Ü.R.Zeynalovanın 300 hektar və İddiaçı 400 hektar torpaq sahələrində həyata keçirilən payızlıq arpa əkinlərinə dair EKTlS-ə daxil edilmiş məlumatlara əsasən keçirilən monitorinq zamanı həmin sahələrin müvafiq olaraq 300 hektarında və 383 hektarında aqrotexniki qulluğun düzgün aparılmadığı, şumlama və malalama işlərinin qeyri-proporsional aparıldığı, əkinlərin suvarılmadığı, nəticədə bitkilərin məhv olduğu və ərazidə biçilməsi mümkün olan əkinlərin olmadığı müəyyən edilmişdir. Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün Ü.R.Zeynalovanın bəyan etdiyi 300 hektar arpa, İddiaçı bəyan etdiyi 400 ha arpa əkinlərinə görə əkin subsidiyasının ödənilməsi mümkün olmamışdır. 2022-2024-cü əkin ilində İddiaçı həyata keçirdiyi 400 hektar arpa əkini qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı və torpaq sahəsinin aqrokimyəvi analizləri verilmədiyi, Ü.R.Zeynalovanın isə 300 hektar buğda və arpa əkinləri sığortalanmadığı üçün, habelə Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən 2022- 2023-cü əkin ili üzrə keçirilən monitorinqin nəticələri nəzərə alınmaqla həmin əkinlərə görə subsidiyanın ödənilməsi mümkün olmamışdır. -“2023-cü il ## ### tarixində Sabirabad rayonunda bəzi əkin sahələrinə keçirilmiş baxışın nəticələrinə dair arayışdan çıxarış”da qeyd edilmişdir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun 2023-cü il ## ### tarixində Göyçay rayonunda keçirdiyi vətəndaş qəbulu zamanı monitorinqlərin nəticələrinin X6 Informasiya Sisteminə (EKTIS) daxil edilməməsi nəticəsində subsidiyaların ödənilməməsi barədə Möhüb isa oğlu Əhmədov və "X1 Təsərrüfatı" MMC-nin nümayəndəsi X5 müraciətləri yerində araşdırılmışdır. Verilmiş tapşırığa uyğun olaraq Nazirliyin Aparat rəhbərinin müavini- Daxili nəzarət və audit şöbəsinin müdiri Fuad Mayılov, həmin şöbənin Daxili nəzarət sektorunun müdiri Ramin Əhmədov, Aqrar Kredit və inkişaf Agentliyinin sədri Seymur Mövlayev, AKIA-nın Daxili nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Təhmin Əsgərov, Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsini icra edən sədr müavini Cəfər Məhərrəmov, AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun Ibrahimov, BMFM-in Regional mərkəzlərlə iş və keyfiyyətə nəzarət şöbəsinin müdiri Vüsal Hacıyev, Laboratoriya, Ekspertiza və X10 X9 istehsalı sahəsi şöbəsinin müdiri Elçin Əhmədov və X4 Inkişaf Mərkəzinin direktoru Heydar Yaqubovun iştirakı ilə Sabirabad rayonunun ərazisində 5 (beş) istehsalçının bəyan etdiyi əkinlərə baxış keçirilmişdir: İddiaçı tərəfindən bəyan edilmiş ümumilikdə 400 hektarlıq arpa sahəsinə baxış zamanı aqrotexniki qulluğun düzgün aparılmadığı, şumlanma və malalanma işlərinin qeyri proporsional aparıldığı, sahənin bütün hissəsində arpa qalıqlarının olduğu (yeni cücərmiş, cücərərək qurumuş və ya cücərməmiş), sahənin bir çox hissəsində arpa toxumunun 2-3 smdərinlikdə olduğu, sahədə qırılmış kolların qalıqlarının təmizlənmədiyi və həmin kolların bəzi yerlərdə bir neçə kvadrat metr ərazini əhatə edən 1 metr hündürlüyündə koma şəklində yığıldığı, səpinin həmin kolların üzərindən aparıldığı, sahədə təxminən 1 metr dərinliyində çalaların olduğu və suvarma üçün hər hansı bir hazırlıq işlərinin aparılmadığı (su arxlarının olmadığı) müəyyən edilmişdir. Ərazidə biçilməsi mümkün olan əkin yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın -3.12-ci bəndinə əsasən əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr, dincə qoyulmuş torpaq subsidiyası ilə bağlı dincə qoyulmuş torpaq sahələri barədə informasiyanı SIS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına (hüquqi şəxsin cari hesabına) köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SIS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında (hüquqi şəxsin cari hesabında) olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından (hüquqi şəxsin cari hesabından) avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. -5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Agentlik aşağıdakı formada monitorinqlər aparılmasını nəzərdə tutur: -çarpaz – elektron bəyannamə məlumatlarının SIS-də olan digər məlumatlarla üzləşdirilməsi; yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAIM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. -5.2. Bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası aşağıdakı qaydada verilir: 5.2.1. fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir; 5.2.2. fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır; 5.2.3. fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir; 5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. -5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə Agentliyin və ya DAIMin digər mütəxəssisləri tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SIS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir. Təqdim edilmiş və həm birinci instansiya məhkəməsi, həm də məhkəmə kollegiyası tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı icarəsində olan torpaq sahəsində aparılmış əkin işlərini və onun çeşidlərini müvafiq qaydada bəyan etmiş, cavabdeh monitorinq nəticəsində aqrotexniki qulluğun düzgün aparılmamasını, şumlama və malalama işlərinin qeyri-proporsional aparılmasını, əkinlərin suvarılmamasını, nəticədə bitkilərin məhv olmasını və ərazidə biçilməsi mümkün olan əkinlərin olmamasını, habelə 2023-2024-cü əkin ilində buğda və arpa əkinlərinin sığortalanmamasını əsas gətirərək, subsidiyanın verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası imtinanın 2023-2024-cü əkin ilində buğda və arpa əkinlərinin sığortalanmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, işə əlavə edilmiş sığorta şəhadətnaməsinin surətindən görünür ki, 300 ha torpaq sahəsi üzrə sığortanın qüvvədə olduğu müddət ##.##.2023-cü il tarixdən ##.##.2023-cü ilədək müəyyən edilmişdir. Imtinanın aqrotexniki qulluğun düzgün aparılmaması, şumlama və malalama işlərinin qeyri-proporsional aparılması, əkinlərin suvarılmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edilir ki, əvvala “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda qeyd edilən hallara görə subsidiyanın ödənilməsindən imtina nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçı tərəfindən hər kq 0.70 manat dəyərində 68000 kq arpa toxumunun alınmasına xərc çəkilərək, sonradan qəsdən aqrotexniki qulluğun göstərilməməsi, başqa sözlə qəsdən ziyan vurulmasına yönəlik hərəkətlərin edilməsi ağlabatan görünmür. Bu yanaşma həm də ondan qaynaqlanır ki, sahəyə cavabdehin nümayəndələrinin iştirakı ilə baxış zamanı sahənin bütün hissəsində arpa qalıqlarının olduğu (yeni cücərmiş, cücərərək qurumuş və ya cücərməmiş), sahənin bir çox hissəsində arpa toxumunun 2-3 sm dərinlikdə olduğu müəyyən edilmişdir ki, bu hal iddiaçı tərəfindən bəyan edilmiş sahədə əkin işlərinin aparıldığını təsdiq edir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin gəldiyi nəticə obyektivlik və qərəzsizlik prinsiplərinə zidd olmaqla, mötəbər və əsaslandırılmış dəlillərə söykənmir. Odur ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IPM-nin 81-82-ci, 87-ci, 89cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən İddiaçı icarəsində olan Sabirabad rayonu, Moranlı kəndi ərazisində yerləşən 400 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində arpa əkininə görə 2023-cü il üçün subsidiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-283/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-283/2026
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver