Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-289/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması, əmək kitabçasının mötəbərliyi prezumpsiyası) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Hüseynova Aydan İlham qızının iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, ##.##.1992-ci il tarixdən ##.##.1997-ci il tarixədək və digər iş stajlarının nəzərə alaraq əmək pensiyasının düzgün olaraq yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı İddiaçı (bundan sonra-iddiaçı) ##.##.1956-cı il təvəllüdlüdür. İddiaçıya məxsus İT-İ ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1981-ci ildən əmək fəaliyyətinə başlamış, müəyyən fasilələrlə müxtəlif idarə və müəssisələrdə, o cümlədən ##.##.1989-cu ildən ##.##.1997-ci Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsində işləmişdir. “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli qərardan və qərar əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya ##.##.2021-ci il tarixdən pensiya təyin edilmiş, bu zaman onun ##.##.2006-cı il tarixədək təhsil və hərbi xidmət müddətləri də nəzərə alınmaqla 22 il 8 ay sığorta stajı 25 ilə çatdırılmış, ##.##.1992-ci il tarixdən ##.##.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsinin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin iilər sığorta stajında nəzərə alınmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## #### 2022-ci il tarixli *********** nömrəli məktubda qeyd edilmişdir ki, ##.##.2006-cı il tarixindən ##.##.2020-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 57805.08 manat pensiya kapitalı əsasında, ##.##.2006-cı il tarixinədək sığorta stajı 25 il hesablanmaqla ##.##.2021-ci il tarixindən 508.52 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği ##.##.2022-ci il tarixindən isə 525.81 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən ##.##.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Sizin yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ## ######## 2023-cü il tarixli *-**-*/*- ******/**** nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən ##.##.1973-cü il tarixindən ##.##.1976-cı il tarixinədək təhsil illəri, hərbi biletin surətinə əsasən ##.##.1976-cı il tarixindən ##.##.1978-ci ii tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən ##.##.1981-ci il tarixindən ##.##.1985-ci il tarixinədək, ##.##.1985ci il tarixindən ##.##.1989-cu il tarixinədək, ##.##.1989-cu il tarixindən ##.##.1992-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il tarixinədək, ##.##.2001-ci il tarixindən ##.##.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə ##.##.2006-cı il tarixinədək 22 il 8 ay 2 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1992-ci il tarixindən ##.##.1997ci il tarixinədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır (##.##.1997-ci il tarixində işdən çıxma əmri rus dilində möhürlə təsdiq olunmuşdur). X4 və araşdırma şöbəsinin ##.##.2022-ci il tarixli xidməti məruzəsinə əsasən sözügedən müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması mümkün olmamış və bu səbəbdən sığorta stajına daxil edilməmişdir. “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023cü il tarixli qərarın “Qeyd” hissəsindən görünür ki, ##.##.1997-ci ildə İddiaçı barəsində ##.##.1997-ci ildə işdən çıxma əmrinin rus dilində möhürlə təsdiq olunması səbəbindən həmin illər sosial siğorta stajında nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi və ##.##.1992-ci il tarixdən ##.##.1997-ci il tarixədək işlədiyi iş stajı və işlədiyi ümumi illəri nəzərə alaraq əmək pensiyasının yenidən hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası alır. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, əmək kitabçasında qeyd edilən əmək stajını və fərdi hesabının sığorta hissəsində yığılmış 57805.08 manaı nəzərə alınmadan 525.81 manat pensiya təyin edilmişdir. Bununla bağlı cavabdehə etdiyi müraciət müsbət həllini tapmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçıya (təhsil illəri də nəzərə alınmaqla) 22 il 08 ay sosial sığorta stajı 25 ilə çatdırılmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. ##.##.2006-cı il tarixdən hüququnun yarandığı ##.##.2021-ci il tarixədək toplanmış 57805.08 manat pensiya kapitalı əsasında pensiyasın aylıq məbləği 525.81 manat olmaqla ödənilir. Mübahisəli sosial sığorta stajı 05 il 04 ay 09 gündür. İddiaçının ##.##.1992-ci il tarixdən ##.##.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsində işlədiyi dövrlər faktiki və arxiv sənədlərin təhvil verildiyi ünvan məlum olmadığından həmin dövrlərin digər təsdiqedici sənədlər əsasında (arxiv arayışları, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Lakin, iddiaçıya avtomatlaşdırılmış pensiya təyinatı həyata keçirilən zaman ##.##.2006-cı il tarixədək 25 il sosial sığorta stajı güzəşt olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı (hakim Amilya Hüseynova) ilə iddia qismən təmin edilmiş, ##.##.2023-cü il tarixli qərarın qeyd hissəsi “##.##.1997-ci ildə işdən çıxma əmrinin rus dilində möhürlə təsdiq olunması səbəbindən həmin illər sosial siğorta stajında nəzərə alınmamışdır) ləğv edilmiş, iddiaçının ##.##.1992-ci il tarixdən ##.##.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsindəki işlədiyi iş stajı sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, ekspert rəyi də təsdiq edir ki, inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyası hesablanarkən qeydə alınmış pensiya sığorta kapitalı və indeksləşdirmə düzgün nəzərə alınmışdır. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilsədə, kollegiya nəzərə almışdır ki, iddia qismən təmin edilmiş, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Apellyasiya şikayətində də iddianın təmin edilən hissəsi mübahisələndirmişdir. Göstərilən səbəblərdən mübahisələndirilən qərarın ləğv edilməsinin xahiş edilməsi formal xəta kimi qəbul edilmiş, apellyasiya şikayətinin tələbi kimi qərarın təmin edilən hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi kimi nəzərə alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı təmin edilən hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının iddianın təmin edilən hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, ##.##.1992-ci il tarixdən ##.##.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsində işləmiş və əmək haqqı almışdır. Hər hansı sənədin arxivə təhvil verilməməsi onun təqsiri deyil. Sonda İddiaçı birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il # #### tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (87-ci maddənin ## #### 2024-cü il tarixədək qüvvədə olan redaksiyası): Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.
2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
İddiaçının işlədiyi vaxt qüvvədə olan (## ######## 2006-cı ilədək qüvvədə olmuşdur) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, həmin qərardan iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdeh apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin qərarı təmin edilən hissədə mübahisələndirilmiş, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmışdır. Birinci instansiyası məhkəməsi iddianı qismən təmin etmiş və bu zaman iddianın təmin edilən hissəsinə münasibətdə iddiaçının işlədiyi dövlər üzrə iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsinə, əmək kitabçasının mötəbərliyinə əsaslanmışdır. İşin halları ilə müəyyən edildi ki, iddiaçı İddiaçı (bundan sonra-iddiaçı) ##.##.1956-cı il təvəllüdlüdür. İddiaçı ##.##.1981-ci ildən əmək fəaliyyətinə başlamış, müəyyən fasilələrlə müxtəlif idarə və müəssisələrdə, o cümlədən ##.##.1989-cu ildən ##.##.1997-ci Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsində işləmişdir. Cavabdeh iddiaçının ##.##.1973-cü il tarixdən ##.##.1976-cı il tarixədək təhsil aldığı illəri, ##.##.1976-cı il tarixdən ##.##.1978-ci ii tarixədək hərbi xidmət dövrünü, əmək kitabçasında qeyd edilmiş ##.##.1981-ci il tarixdən ##.##.1985-ci il tarixədək, ##.##.1985-ci il tarixdən ##.##.1989-cu il tarixədək, ##.##.1989-cu il tarixdən ##.##.1992-ci il tarixədək, ##.##.1998-ci il tarixdən ##.##.2001-ci il tarixədək, ##.##.2001-ci il tarixdən ##.##.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə ##.##.2006-cı il tarixədək 22 il 8 ay 2 gün mübahisələndirilməyən sığorta stajını qəbul etmiş, 22 il 8 ay sığorta stajını 25 ilə çatdırılmaqla ona ##.##.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin etmişdir. Bu zaman iddiaçının ##.##.1989-cu ildən ##.##.1997-ci Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsində işlədiyi müddəti nəzərə almamış, bunu müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılmasının mümkün olmaması və işdən çıxma əmrinin rus dilində möhürlə təsdiq olunması ilə əsasılandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçının məhkəmə qərarının mübahisələndirilən hissəyə münasibətdə hüquqi marağı ##.##.1992-ci il tarixdən ##.##.1997-ci il tarixədək olan dövlərin də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasıdır. Bununla bağla cavabdehə müraciət olunmuş, lakin məsələ müsbət həllini tapmamışdır. Buna səbəb iddiaçının qeyd edilən dövrlər üzrə müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılmasının mümkün olmaması və işdən çıxma əmrinin rus dilində möhürlə təsdiq olunması olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçının əmək fəaliyyəti əmək kitabçasında əksini tapmışdır. Əmək kitabçasında işçinin işə qəbul, işdən çıxma tarixləri, əmrlərin nömrələri, səlahiyyətli şəxsin vəzifəsi, imzaları, hüquqi şəxsin möhürü mövcuddur. Bununla bağlı tərəflər arasında mübahisə də yoxdur. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə iş stajını sübut edən əsas sənəd əmək kitabçası idi. Müəssisəyə aid sənədlərin arxivə təhvil verilməməsi səbəbindən qarşılqlı yoxlamanın aparılmasının mümkün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz, o cümlədən sosial təminat hüququnun pozulmasının əsası ola bilməz. Mübahisəli dövr (##.##.1992-##.##.1997-ci illər) üzrə əmək kitabçasındakı qeydlərin kiril qrafikalı möhürlə təsdiq edilməsinə gəldikdə isə 1990-cı illərdə belə yazılara təsadüf olunurdu. Çünki, hələ respublika səviyyəsində məcburi latın qrafikasına keçilməmişdi. Latın əlifbası 1991-ci il ######ın ##-də Azərbaycan parlamenti tərəfindən təsdiq olunsa da, müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2001-ci il ## #### tarixli Fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən sığorta stajı kimi 22 il 8 ay 2 gün qəbul edilir (səh 26-27). Həmin mübahisələndirilməyən 22 il 8 ay 2 gün sığorta stajına iddiaçının ##.##.1989-cu il tarixdən ##.##.1992-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsində işlədiyi müddət də daxildir. Yəni, cavabdeh iddiaçının eyni müəssisədə işlədiyi bir dövrü qəbul etmiş, digər dövrü isə yox. Halbuki, istər ##.##.1989-cu il tarixdən ##.##.1992-ci il tarixədək, istərsədə ondan sonrakı (##.##.1992-##.##.1997-ci illər) dövrlər üzrə iş stajı eyni möhür (kiril) təsdiqlənmişdir. Göründüyü kimi, inzibati orqan eyni faktiki hala malik olan məsələ üzrə fərqli mövqe sərgiləmişdir və bu qanuni hesab edilə bilməz. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının ##.##.1989-cu ildən ##.##.1997-ci ilədək işlədiyi müəssisə dövlət mülkiyyətində olan müəssisə olmuş, müəssisə sonradan Xüsusiləşdirilmiş Təmir Tikinti İdarəsi kimi qeydiyyata alınmış, sonuncu da dövlət müəssisəsi olmuşdur. Mübahisəli dövrlər (##.##.1992-##.##.1997-ci illər) üzrə əmək kitabçasında qeyd edilmiş məlumatların və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hal müəyyən edilmədiyi üçün əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı ##.##.1992- ##.##.1997-ci illərin nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.