Məhkəmə qərarları › İş №2-1(3-9)-321/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-321/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-321/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun qeydə alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Ucar Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Kürdəmir rayon Beyi Bələdiyyəsinin ## ######## 2001-ci il tarixli, ** saylı qərarı və “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-0096, Kod******** saylı Şəhadətnamə ilə ona ayrılmış Kürdəmir rayonu, Beyi kəndində yerləşən 23,18 hektar torpaq sahəsinin əkin kimi, 4,82 hektar torpaq sahəsinin örüş kimi istifadə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə cavabdeh Cavabdeh ** saylı Ucar Ərazi Idarəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmuşdur. Şirvan Inzibati Məhkəməsinin (hakim F.Abbasov) ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı Kürdəmir rayon Beyi Bələdiyyəsinin ## ######## 2001-ci il tarixli, ** saylı qərarı və “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-0096, Kod-******** saylı Şəhadətnamə ilə ona ayrılmış Kürdəmir rayonu, Beyi kəndində yerləşən 23,18 hektar torpaq sahəsinin əkin kimi, 4,82 hektar torpaq sahəsinin örüş kimi istifadə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin iddiaçı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, 1700326621 X2, KOD 210005, VÖEN ***********, Müxbir hesab AZ 41 NABZ01360100000000003944, SWIFT BIK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Kürdəmir rayon Beyi bələdiyyəsinin ## ######## 2001-ci il tarixli ** saylı qərarı ilə əkinçiliklə məşğul olmaq üçün bələdiyyə mülkiyyətinə aid torpaq fondundan 99 il müddətinə ayrılmış və ## ###### 2002-ci il tarixli, JN **** saylı (Kod 90607028) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə ilə rəsmiləşdirilmiş 28 hektar torpaq sahəsinin qanuni istifadəçisidir və iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciəti üzrə aparılan inzibati icraat çərçivəsində həmin sənədlər (onlardakı məlumatlar), onların həqiqətə uyğun olmaması ilə bağlı heç bir sübut toplanmadığından, mötəbər qiymətləndirilməlidir. Torpaq sahəsini iddiaçının istifadəsinə verməkdə Kürdəmir rayon Beyi bələdiyyəsi səlahiyyətli olduğundan, ##.##.2001-ci il tarixli, ** saylı bələdiyyə qərarı, eləcə də ## ###### 2002-ci il tarixli, JN **** saylı (Kod 90607028) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə mübahisələndirilmədiyindən, habelə etibarsız sayılmadığından və hazırda qüvvədə olduğundan, iddiaçının istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdehin imtinasında imtinanın səbəbi kimi qeyd edilən JN **** saylı “Torpağa müvəqqəti istifadə hüququna dair” Dövlət Aktı ilə bağlı ** saylı Ucar Ərazi Idarəsinin arxivində və elektron bazada məlumat aşkar edilməməsi iddiaçının iradəsindən irəli gələn hal deyil və bunun məsuliyyətinin onun üzərinə qoyulması yolverilməzdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayon Beyi bələdiyyəsinin ## ######## 2001-ci il tarixli, ** saylı qərarı ilə ona 99 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 28 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı onun adına JN-00096, Kod ******** saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə verilmişdir. Torpaq sahəsi onun istifadəsinə verilən gündən bu günə qədər onun istifadəsindədir, tərəfındən əkilir və müvafiq vergilər də ödənilir. Həmin torpaq sahəsinə onun müvəqqəti istifadə hüququnun tanınması və müvafiq çıxarışın verilməsini xahiş etsə də, müraciətin icrasından imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş JN **** saylı, (Kod 90607028) “Torpağa müvəqqəti istifadə hüququna dair” Dövlət Aktı ilə bağlı ** saylı Ucar Ərazi Idarəsinin arxivində və elektron bazada heç bir məlumat aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə hüquqların dövlət qeydiyyatı aparılır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının naturada göstərdiyi 28 ha torpaq sahəsi 2003-cü ildə tərtib edilmiş “Kürdəmir rayonu, Qocalı təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks islahat layihəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı (kollu, bataqlı örüş), bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. Kürdəmir rayonu Beyi bələdiyyəsi qanunvericiliyin tələblərini pozaraq torpaq sahəsi örüş olmasına baxmayaraq 99 il müddətinə istifadəyə vermişdir. Oxşar iş üzrə Ali Məhkəmənin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinə dair sənədlər qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır. Göründüyü kimi, həmin norma örüş torpaqlarının on beş ildən artıq icarəyə verilməsini istisna edir. Məhkəmə Kürdəmir rayon Beyi bələdiyyəsinin ##.##.2001-ci il tarixli, ** saylı qərarına istinad etsə də, iddiaçı nə idarəyə müraciəti zamanı, nə də məhkəmə icraatı zamanı həmin qərarı və həmin qərar əsasında tərəflər arasında bağlanmış müqaviləni təqdim etməmişdir. Prosessual məsələlər Iddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Kürdəmir rayon Beyi bələdiyyəsinin ##.##.2001-ci il tarixli, ** saylı iclas protokolqərarının surətindən görünür ki, İddiaçı əkinçiliklə məşğul olmaq üçün bələdiyyə mülkiyyətinə aid 28 hektar torpaq sahəsinin 99 il müddətinə verilməsi qərara alınmışdır. -## ###### 2002-ci il tarixli, JN **** saylı (Kod 90607028) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayon Beyi bələdiyyəsinin ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı əkinçiliklə məşğul olmaq üçün 99 il müddətinə verilmiş bələdiyyə mülkiyyətinə aid 28 hektar torpaq sahəsi üzərində istifadə hüququ rəsmiləşdirilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ** saylı Ucar Ərazi Idarəsinin ## ######## 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş ## ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində bildirilir ki, Kürdəmir rayon Beyi bələdiyyəsinin ## ######## 2001-ci il tarixli, ** nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları üçün Kürdəmir rayonu, Beyi kəndi ərazisindən İddiaçı ayrılmış 28.0 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş JN-**** nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə idarənin elektron baza və arxiv məlumatlarında aşkar edilmədiyi üçün 28 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır; Baxış zamanı iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 28 ha torpaq sahəsi 2003-cü ildə tərtib edilmiş “Kürdəmir rayonu, Qocalı təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks islahat layihəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı (kollu, bataqlı örüş), bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir; Baxış zamanı iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 28 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Kürdəmir rayonu Beyi kənd ərazi vahidi sərhədlərində yerləşməklə Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS-AzCad) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası kollu örüş olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir; Naturada göstərilən 28 ha torpaq sahəsinin 23.18 ha hissəsinin uqodiyası TEKUIS-AzCad məlumatlarında faktiki istifadəyə uyğun əkin olaraq, 4.82 ha hissəsinin uqodiyası kollu örüş göstərilmişdir; Baxış zamanı iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 28 ha torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi idarənin elektron baza məlumatlarında aşkar edilməmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan və apellyasiya şikayətinin dəlillərinin əsaslılığına dair maddi hüquq normalarının şərh edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri.

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının III bölmənin 13-cü bəndi bu qəbildən olan torpaq sahələrinin icarəsi müddətini bir qayda olaraq 10 ildən 15 ilədək müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2024-cü il tarixli Qərardadında təsbit edilmiş hüquqi mövqe ondan ibarətdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar aid edilmişdir. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Göstərilən normalar daşınmaz əmlakın yalnız qanunvericiliyin tələblərinə uyğun qaydada və əsaslarla şəxsə ayrılmış olduğu (özgəninkiləşdirilmə, icarəyə, istifadəyə vermə və s.) halda onun üzərində əmlak hüquqlarının dövlət qeydiyyatının aparılmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir.” Cavabdeh apellyasiya şikayətində örüş torpaqlarının on beş ildən artıq icarəyə verilməsinin qanunvericiliklə nəzərdə tutulmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsaslı hesab edir və qeyd edir ki, qanunvericiliyin sadalanan tələbindən göründüyü kimi, icarə müqaviləsi bağlanılarkən və bələdiyyə tərəfindən qərar qəbul edilərkən bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilərdi. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin icarəsi, yaxud istifadəsi ilə bağlı hüquq münasibətlərinin qanunla müəyyən edilmiş müddəti bitdikdən sonra, müddətin uzadılması yalnız qanuni prosedurlarla mümkündür. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tələblərinə zidd olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar