Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-331/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Cəbrayılov İsmayıl Nəsrulla oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətiin * saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cəbrayılov İsmayıl Nəsrulla oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərardan görünür ki, Cəbrayılov İsmayıl Nəsrulla oğluna məxsus Kürdəmir rayonunda yerləşən qızıl mağazasında nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək (##.##.2025-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsinə səbəb: Digər dövtət orqanının müaraciəti əsasında əldə edilmiş məlumatlar olmuşdur. Yoxlanılacaq dövr: ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək (##.##.2024-cü il tarix daxil olmaqla) olan dövr müəyyən edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY********* nömrəli çıxarışdan görünür ki, aparılacaq yoxlama reyestrdə qeydiyyata alınmış, yoxlamanın müddəti kimi - ##.##.2024-##.##.2025, yoxlamanın predmeti və hüquqi əsasları kimi - Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Milli Məclisi, ##.##.2000, maddə 50.1.11), Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Milli Məclisi, ##.##.2000, maddə 50.1.7) müəyyən edilmişdir. “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” ##.##.2024-cü il tarixli seriya DVX ****** nömrəli aktda qeyd edilmişdir ki, “...* saylı Ərazi Vergilər İdarəsinin ##.##.2024-cü il tarixli 24009********** nömrəli qərarına əsasən Cəbrayılov İsmayıl Nəsrulla oğluna məxsus olan ünvan 3 ünvanında yerləşən qızıl mağazasında vergi ödəyicisi Cəbrayılov İsmayıl Nəsrulla oğlunun iştirakı ilə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əmək olunması məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olundu: ##.##.2024-cü il tarixdən saat 12:10-da ünvan 2 ünvanında yerləşən fərdi sahibkar Cəbrayılov İsmayıl Nəsrulla oğlunun sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan yoxlanılan dövr ərzindən 207000 manat kreditin nağd (Cəbrayılov İsmayıl Nəsrulla oğlunun Kürdəmir RPŞ-yə verdiyi izahat) verdiyi müəyyən olundu. Nəticə: Cəbrayılov İsmayıl Nəsrulla oğlu Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələblərini pozmuş və buna görə də Cəbrayılov İsmayıl Nəsrulla oğlu barəsində Vergi Məcəlləsinin 58.7-1.2-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur.” “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərardan görünür ki, Cəbrayılov İsmayıl Nəsrulla oğlu “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.1ci bəndinin və Vergi Məcəlləsinin 50.1.11-ci maddəsinin tələblərini pozduğu üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 20700.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Kürdəmir Rayon Polis şöbəsində aparılan araşdırma ilə bağlı Cəbrayılov İsmayıl Nəsrulla oğlu ##.##.2024-cü il tarixdə verdiyi izahatında göstərmişdir ki, “...Kürdəmir şəhərində lombard fəaliyyəti ilə məşğul olan Məmmədova Zümrüd İsmayıl qızı ilə 2024-cü ilin aprel ayından birgə işləyirəm. Cari ilin iki ayı ərzində mən qramı 75 manatdan olmaqla ümumilikdə 2760 qram çəkidə qızıl-zinət əşyası təhvil almışam. Bunun qarşılığında mən Zümrüdə 207000 manat kredit vermişəm. Qeyd edim ki, mən Zümrüdə həmin məbləği iki ay ərzində nağd qaydada vermişəm. Mən Zümrüdə verdiyim 207000 manatın qarşılığında ondan hər ay 2.5 faiz əlavə ödəniş alırdım. ...Sual: Siz Üçüncü şəxs İsmayıl qızına vermiş olduğunuz 207000 manat kreditin qarşılığında ümumilikdə nə qədər qazanc əldə etmisiniz? Cavab: Mən həmin məbləği Zümrüdə 2.5 faizlə kreditə vermişdim. Zümrüd mənə faiz qismində üç ay ərzində 11175 manat faiz vermişdi. Sual. Siz Üçüncü şəxs İsmayıl qızına vermiş olduğunuz 207000 manat krediti hansı səbəbdən nağdsız qaydada vermişdiniz? Cavab: Mən sadələşdirilmiş vergi ödəyicisi olduğum üçün bütün əməliyyatlarımı nağdsız qaydada həyata keçirirəm.” İddiaçıya aid şəxsi hesab vərəqəsindən görünür ki, tətbiq edilmiş maliyyə sanksiyasına görə ##.##.2026-cı il tarixdə 500 manat, ##.##.2026-cı il tarixdə 3000 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nağdsız hesablaşmalarla bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Kommersiya fəaliyyəti ilə məşğul olması və qazanc əldə etməsi heç bir sübutla təsdiqlənmir. Mənfəət vergisi sahibkarın əldə etmiş olduğu qazanca tətbiq olunmalıdır. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, Cəbrayılov İsmayıl Nəsrulla oğlu ##.##.2018-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növünün “qızılların pərakəndə satışı” olduğu müəyyən edilmişdir. Həmçinin, “Hesabat Axtarış” informasiya sistemindən alınmış məlumata əsasən vergi ödəyicisinə məxsus Kürdəmir şəhəri, Sabir küçəsi ** saylı ünvanda yerləşən obyekt (təsərrüfat subyekti -qızıl satışı mağazası) ##.##.2018-ci il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. Kürdəmir rayonu, Ərəbqubalı kənd sakini X2 İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək və ərizə ilə Kürdəmir Rayon Polis şöbəsinə müraciət edərək Kürdəmir şəhərində yerləşən Üçüncü şəxs İsmayıl qızına məxsus lombarda özünə məxsus 4500.0 manat dəyərində olan ##.##.2023-cü il tarixdə 22.25 qram, ##.##.2024-cü il tarixdə isə 9.15 qram çəkidə qızıl zinət əşyalarını girov kimi qoyaraq Z. Məmmədovadan ümumilikdə 1800.0 manat pul götürməsini, ##.##.2024-cü il tarixdə ona pul ödəsə də, həmin şəxsin qızıl zinət əşyalarını mənimsədiyi üçün qaytarmaqdan müxtəlif bəhanələrlə yayındığını bildirmişdir. Qeyd olunan müraciət ilə bağlı Kürdəmir Rayon Polis şöbəsində araşdırma aparılmış və toplanmış materiallarda X4 və Üçüncü şəxs İsmayıl qızı tərəfindən Vergi Məcəlləsinin 218.5.2ci maddəsinin, Cəbrayılov İsmayıl Nəsrulla oğlu tərəfindən Vergi Məcəlləsinin 218.5.11-ci maddəsinin və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.15-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Kürdəmir Rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, R Babək İbrahimbəyli ##.##.2024 cü il tarixli qərarında Kürdəmir rayonu, Qaraqocalı kənd sakini Cəbrayılov İsmayıl Nəsrulla oğlunun Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq olmadan (lisenziya) almadan qanunsuz sahibkarlıq (zərgərlik və lombard) fəaliyyəti ilə məşğul olmaqla xeyli miqdarda gəlir əldə etdiyini, eləcə də xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcbur dövlət sosial sığorta haqlarını ödəməkdən yayındığını bildirmiş, Cəbrayılov İsmayıl Nəsrulla oğlunun əməllərində Cinayət Məcəlləsinin 192.1-ci və 213.1-ci maddələrinin tərkib əlamətləri olduğundan Cinayət-Prosessual Məcəllənin 215.5-ci maddəsinin tələbinə əsasən araşdırmanın davam etdirilməsi üçün toplanmış materialların aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilməsini qərara almışdır. Kürdəmir rayon Poliş şöbəsi Cəbrayılov İsmayıl Nəsrulla oğlu barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materialları ##.##.2024-cü il tarixli *-**-**/*-*-*****/**** saylı məktubla İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərmişdir. İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qeyd olunan materiallar ##.##.2024-cü il tarixli **************** nömrəli məktubla qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Cəbrayılov İsmayıl Nəsrulla oğlunun qeydiyyatda olduğu * saylı Ərazi Vergilər İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar ilə əlaqədar vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23-cü, 41ci və 50.2.2-ci maddələri əsas tutularaq (vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumat) digər dövlət qurumunun müraciəti əsasında * saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** saylı qərarına və ##.##.2024-cü il tarixli KY********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışına əsasən vergi ödəyicisi Cəbrayılov İsmayıl Nəsrulla oğlunun (VÖEN: **********) sahibkarlıq fəaliyyəti göstərdiyi Kürdəmir şəhəri, Sabir küçəsi ** saylı ünvanda yerləşən obyektdə ##.##.2024-cü il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələblərinin pozulduğu aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən ##.##.2023-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr ərzində 20700.00 manat kreditin nağd qaydada verildiyi müəyyən edilmişdir (İ.Cəbrayılovun izahatı). Göstərilən qanun pozuntusunun nəticələri qanunamüvafiq qaydada ##.##.2024 cü il tarixli DVX seriyalı ****** nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etdiyi üçün aktda qeydlər aparılmış və bu barədə ##.##.2024-cü il tarixli akt tərtib edilmişdir (akt etiraza əlavə olunur). Cəbrayılov İsmayıl Nəsrulla oğlu Kürdəmir Rayon Polis şöbəsində verdiyi ##.##.2024-cü il tarixli izahatında təhqiqatçının “Siz Üçüncü şəxs İsmayıl qızına vermiş olduğunuz 20700.0 manat kredit qarşılığında ümumilikdə nə qədər qazanc əldə etmisiniz?” sualına İ.Cəbrayılov tərəfindən “Mən həmin məbləği Zümrüdə 2.5%-lə kreditə vermişəm, Zümrüd mənə faiz qismində üç ay ərzində 11175 manat faiz vermişdir” ifadəsi ilə cavablandırmışdır. Həmçinin, təhqiqatçının “Siz Üçüncü şəxs İsmayıl qızına vermiş olduğunuz 20700.00 manat krediti hansı səbəbdən nağdsız qaydada vermişdiniz?” sualına İ. Cəbrayılov “Mən sadələşdirilmiş vergi ödəyicisi olduğum üçün bütün əməliyyatları nağdsız qaydada həyata keçirirəm” ifadəsi ilə cavablandırmışdır. Göründüyü kimi, İ.Cəbrayılov qazanc (mənfəət) əldə etdiyini, həmçinin 20700.00 manat krediti nağd qaydada verdiyini izahatında səmimi olaraq etiraf etmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddiaçı və üçüncü şəxs isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya etiraza uyğun izahata verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. ... 16.1.11-8. qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: ... 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: ... 58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə; Maddə 66. Qeyri-qanuni gəlir Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: ... 3.4.1. vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın inzibati icraat nəticəsində iddiaçı barəsində qəbul etdiyi qərar qanuni və əsaslı olmuş, onun hüquq və mənafelərinin pozulması ilə nəticələnməmişdir. İşin halları ilə müəyyən edildi ki, digər dövlət orqanından daxil olmuş məlumat əsasında “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərar qəbul edilmiş, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeyd alınmış, yoxlama nəticəsində Cəbrayılov İsmayıl Nəsrulla oğlunun 207000 manat kreditin nağd qaydada verdiyi müəyyən olunmuşdur. Aparılmış yoxlama “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” ##.##.2024-cü il tarixli seriya DVX ****** nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərar ilə Cəbrayılov İsmayıl Nəsrulla oğlu “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.1-ci bəndinin və Vergi Məcəlləsinin 50.1.11-ci maddəsinin tələblərini pozduğu üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 20700.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Kürdəmir Rayon Polis şöbəsində aparılan araşdırma ilə bağlı Cəbrayılov İsmayıl Nəsrulla oğlu ##.##.2024-cü il tarixdə verdiyi izahatında göstərmişdir ki, “...Kürdəmir şəhərində lombard fəaliyyəti ilə məşğul olan Məmmədova Zümrüd İsmayıl qızı ilə 2024-cü ilin aprel ayından birgə işləyirəm. Cari ilin iki ayı ərzində mən qramı 75 manatdan olmaqla ümumilikdə 2760 qram çəkidə qızıl-zinət əşyası təhvil almışam. Bunun qarşılığında mən Zümrüdə 207000 manat kredit vermişəm. Qeyd edim ki, mən Zümrüdə həmin məbləği iki ay ərzində nağd qaydada vermişəm. Mən Zümrüdə verdiyim 207000 manatın qarşılığında ondan hər ay 2.5 faiz əlavə ödəniş alırdım. ...Sual: Siz Üçüncü şəxs İsmayıl qızına vermiş olduğunuz 207000 manat kreditin qarşılığında ümumilikdə nə qədər qazanc əldə etmisiniz? Cavab: Mən həmin məbləği Zümrüdə 2.5 faizlə kreditə vermişdim. Zümrüd mənə faiz qismində üç ay ərzində 11175 manat faiz vermişdi. Sual. Siz Üçüncü şəxs İsmayıl qızına vermiş olduğunuz 207000 manat krediti hansı səbəbdən nağdsız qaydada vermişdiniz? Cavab: Mən sadələşdirilmiş vergi ödəyicisi olduğum üçün bütün əməliyyatlarımı nağdsız qaydada həyata keçirirəm.” Tətbiq edilmiş maliyyə sanksiyasına görə ##.##.2026-cı il tarixdə 500 manat, ##.##.2026cı il tarixdə 3000 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə xidməti vəzifəsinə görə aidiyyət məsələsinə münasibətdə bildirir ki, iddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olduğu * saylı Ərazi Vergilər İdarəsi Göyçay rayonunda yerləşməklə Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına daxil olan ərazi olsada, onun tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yer Kürdəmir rayonu olduğu üçün, həmçinin məhkəməyə çatımlılıq baxımından hesab edilmişdir ki, aidiyyət məsələsi ilə bağlı qanunvericiliyin tələbi gözlənilmişdir. Mübahisəyə münasibətdə isə bildirilir ki, iddiaçı tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.1-ci bəndinin tələbi pozulduğu üçün vergi orqanı tərəfindən haqlı olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 20700.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlili olan - qazanc əldə etməməsi, mənfəət vergisinin sahibkarın əldə etmiş olduğu qazanca tətbiq olunmalı olması barədə mövqeyə münasibətdə bildirilir ki, şəxsə mənfəət vergisi hesablanmamışdır. Onun barəsində vergi hüquqpozmasına görə maliyyə sanksiyası tətbiq edilmişdir. Yəni, hüquqpozmaya görə məsuliyyətə cəlb edilmə gəlir ilə şərtlənmir. Bundan başqa, iddiaçının həmin mövqeyi vergi məsuliyyətindən yayınma xarakteri daşıyır. Belə ki, iddiaçı Kürdəmir Rayon Polis şöbəsində aparılan araşdırma ilə bağlı ##.##.2024-cü il tarixdə verdiyi izahatında 2.5 faiz olmaqla 207000 manat məbləğində nağdsız qaydada kredit verməsi və üç ay ərzində 11175 manat faiz qismində pul almasını etiraf etmişdir. Həmçinin, işin araşdırılması ilə müəyyən edilmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərar əsasında vergi məsuliyyətinə cəlb edilmiş 20700.00 manat məbləğdən vergi ödəyicisi tərəfindən ##.##.2026-cı il tarixdə 500 manat, ##.##.2026-cı il tarixdə isə 3000 manat ödəniş edilmişdir. Kollegiya hesab edir ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə maliyyə sanksiyası tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunmuş və onun qanunla qorunan hüquqları pozulmamışdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-9)-331/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-331/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver