Məhkəmə qərarları › İş №2-1(3-9)-338/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-338/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-338/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vahid aylıq müavinətin ödənilməsinin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, dayandırıldığı vaxtdan hazırki vaxta qədər ödənilməmiş pulun hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi əsl cavabdeh Cavabdeh ilə əvəz olunmuşdur və inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinət onun təqvim ili ərzində 182 gündən artıq müddətdə başqa ölkədə olması səbəbindən dayandırılmışdır. Qaydalara əsasən təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan şəxslərə aylıq müavinət şamil olunmur. Istinad olunan normalar baxımından həmin müavinətin verilməsi üçün iddiaçıya münasibətdə məcburi köçkün statusu ilə yanaşı, həm də aidiyyəti normalarda nəzərdə tutulmuş digər şərtlər də ödənilmiş olmalıdır. Iddiaçının həmin şərtlərə cavab verdiyi mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş IAMAS bazasında olan məlumatdan müəyyən olunur ki, ##.##.1960-cı il təvəllüdlü İddiaçı ##.##.2017-ci il tarixdə ölkəni tərk etmiş, ##.##.2020-ci il tarixdə daxil olmuş, daha sonra yenidən ##.##.2020-ci il tarixdə ölkəni tərk etmiş və ##.##.2023-cü il tarixdə ölkəyə giriş etmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbi onunla əsaslandırmışdır ki, ## ###### 1960-cı il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində doğulmuşdur. 1993-cü il tarixdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı nəticəsində Bakı şəhərinə məcburi köçkün kimi köçmüşdür, hazırda da Bakı şəhərində yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin təqdim etdiyi ## ######## 2023-cü il tarixli vəsiqə ilə də məcburi köçkün olmağı təsdiq olunur. Məcburi köçkün olduğuna görə müvafiq olaraq aylıq yemək xərcinə dair müavinət də almışdır. Lakin, həmin müavinətin ödənilməsi dayandırılmış, səbəb olaraq bir təqvim ili ərzində 182 gündən artıq müddətdə başqa ölkədə olmağı bildirilmişdir. Müavinətin bərpası üçün Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin ## ##### 2025-ci il tarixli, N *-**-*/*-Ə-***/*-**/****/**** saylı məktubu müraciətinin təmin olunmasından imtina olunmuşdur. Həmin məktubda göstərilmişdir ki, müxtəlif illər ərzində uzun müddət başqa ölkədə olduğu üçün ona verilən aylıq müavinət qanunvericiliyin tələbinə əsasən Cavabdeh tərəfindən dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müqavinətin ödənilməsi Qaydası”nın 2.8-ci bəndinə əsasən, vahid aylıq müavinətin verilməsi məcburi köçkün statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətə başqa ölkədə olan məcburi köçkünlərə şamil olunur. Onun ölkə sərhədini tərk etməyi kommersiya, istirahət, gəlir əldə etmək və sair kimi maddi imkanın üstünlüyünə dəlalət edən səbəblərlə bağlı olmayıb qohumlarına qulluq və digər zəruri səbəblərlə əlaqədardır. Özü də Rusiya Federasiyası kimi ölkədə həmvətənlərinin az qala mütləq əksəriyyəti dolanışıq xərcini təmin edə bilmək üçün məskunlaşır, müvəqqəti yaşayır və belə ölkəyə ziyarətin, bu məqsədlə ölkə sərhəddini tərk etməyi, orada müvəqqəti yaşamağı maddi gəlirin üstünlüyü kimi qiymətləndirilib şəxsi aylıq minimal yaşayış vəsaitindən məhrum etmək inzibati orqanın fakta formal yanaşdığını göstərir, belə bir mövqe heç bir halda qanunun nəzərdə tutduğu məqsədə nail olmaq hesab edilə bilməz. Onun ölkə sərhədini tərk edib Rusiya Federasiyasına getməyi orada qohumlarının yaşaması ilə bağlıdır. Belə ki, Bakı şəhərinə köçdükdən sonra 2007-ci ilədək mərhum anası Minarə Əliyeva ilə birlikdə yaşamışdır. Anası onun himayəsində olub və 2007-ci ildə vəfat etdikdən sonra tək qalmışdır, subaydır, övladları yoxdur. Belə olduqda ara-sıra Rusiyada yaşayan qohumlarının yanına getməli olmuşdur. Həmçinin, orada yaşayan əmisi qızı xəstə olduğundan ona qulluq etməkdən ötrü müəyyən müddət onun yanında qalmışdır. Bu sırada koronavirus pandemiyasının başlaması səbəbindən də uzun müddət Rusiyada qohumlarının evində, onların dəstəyi ilə orada yaşamalı olmuşdur. Heç bir yerdən gəliri, ibtidai məişət ehtiyaclarını ödəyəcək qazancı yoxdur, heç bir maaş, pensiya, müavinət və sair pul almır. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ##.##.1960-cı il təvəllüdlü İddiaçı Ismasyıl qızı Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatdadır. -AA seriyalı ****** №-li Məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür. -Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış *-**-*/*-Ə- ***/*-**/****/**** saylı, ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, müxtəlif illər ərzində uzun müddət başqa ölkədə olduğu üçün ona verilən vahid aylıq müavinət mövcud qanunvericiliyin tələblərinə əsasən Cavabdeh tərəfindən dayandırılmışdır. -Cavabdeh *-**/*-**/**** saylı, ##.##.2026-cı il tarixli və 5- **/*-***/**** saylı ##.##.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş Soltanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin *** №-li, ##.##.2025-ci il tarixli və ** nömrəli ##.##.2026-cı il tarixli arayışlarında qeyd olunmuşdur ki, İddiaçı 1993-cü ilin avqust ayından erməni təcavüzü nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Məcburi köçkün düşdüyü ildən 2019-cu ilin fevral ayına qədər vahid aylıq müavinət almışdır. 2019-cu ilin fevral ayından müvafiq təlimatın 2.8-ə uyğun olaraq vahid aylıq müavinatı dayandırılmışdır -Qaçqınların və X2 üzrə Dövlət KomitəsiniN *-36-3/2-181/2026 saylı, ##.##.2026cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Komitənin məcburi köçkünlərin vahid elektron bazasında Cəbrayıl rayonundan məcburi köçkün kimi qeydiyyatdadır. Komitə tərəfindən ona məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Məcburi köçkün statusu ləğv edilməyib.Qüvvədədir. -Dövlət Sərhəd XidmətiniN *-38-33/2-283/26 saylı, ##.##.2026-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ##.##.1960-cı il təvəllüdlü İddiaçı dövlət sərhəddindən hərəkəti barədə IAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix Istiqamət ##.##.2008 Çıxış ##.##.2009 Giriş ##.##.2009 Çıxış ##.##.2010 Giriş ##.##.2010 Çıxış ##.##.2011 Giriş ##.##.2011 Çıxış ##.##.2011 Giriş ##.##.2011 Çıxış ##.##.2013 Giriş ##.##.2013 Çıxış ##.##.2016 Giriş ##.##.2016 Çıxış ##.##.2017 Giriş ##.##.2017 Çıxış ##.##.2020 Giriş ##.##.2020 Çıxış ##.##.2023 Giriş ##.##.2023 Çıxış ##.##.2024 Giriş Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ

1. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

2. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

3. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

4. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: -dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra - aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, "məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.8. “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə; Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normalar baxımından hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, qanunvericilik vahid aylıq müavinətin şamil edilmədiyi məcburi köçkünlərin dairəsini konkret olaraq müəyyən etmiş, “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünləri də həmin şəxslərin dairəsinə daxil etmişdir. Iş materiallarında mövcud olan Dövlət Sərhəd Xidmətinin iddiaçı barəsində təqdim etdiyi sərhədkeçmə məlumatları iddiaçının göstərilən müddətdən artıq müddətdə ölkə xaricində olduğunu təsdiq edir (hətta 2021 və 2022-ci illər ərzində iddiaçı, ümumiyyətlə, ölkəyə giriş etməmişdir). Iddiaçı özü də həmin faktı təkzib etməmiş, apellyasiya şikayətində daimi yaşamaq üçün ölkəni tərk etmədiyini və digər bir ölkənin vətəndaşı statusunda olmadığını qeyd etmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətində Rusiya Federasiyasında qohumlarının yaşadığını bildirməklə xaricə olan səfərlərinin gəlir əldə etmək məqsədi daşımadığını ifadə etmişdir. Iddiaçının bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericilikdə xaricdə olmanın məqsədindən asılı olaraq fərqləndirmə nəzərdə tutulmamışdır. Bu baxımdan iddiaçının hansı səbəbdən təqvim ili ərzində müəyyən edilən müddətdən (182 gün) artıq müddətdə başqa ölkədə olması əhəmiyyət kəsb etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar