Məhkəmə qərarları › İş №2-1(3-9)-34/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-34/2026

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-34/2026 11.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 2-1(120)-3025/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv olunması və həmin tarixdən ona Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 02 dekabr 2025-ci il tarixli, 2- 1(120)-3025/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda mövcud olan xəstəlik və tibb müəssisəsinin göndərişdə müəyyən etdiyi diaqnoz iş materiallarında olan mötəbər sübut hesab olunan iddiaçıya dair tibbi sənədlərlə və ekspert rəyi ilə öz təsdiqini tapır. İddiaçı barəsində sonuncu dəfə verilən tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir, qiymətləndirməsi isə həmin Əsasnamənin 7.6.2.1ci bəndi ilə uyğunluq təşkil edir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi qulluqçu olaraq 3 il xidmət etmiş, xidmət dövründə 2-ci Qarabağ Müharibəsində iştirak etmişdir. 2 dəfə yaralanmış, birinci dəfə xx.xx.2020-ci il tarixdə qəlpə yarası almış, ikinci dəfə isə xx.xx.2020-ci il tarixdə beyin travması və digər xəsarətlər almışdır. Bu səbəbdən də Mərkəzi Hospitala tərxis olunmuş, Hospitalın Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 6578 saylı şəhadətnaməsinə əsasən, sülh və müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuşdur. Ona bir nəfər müşayiətçi təyin edilmiş, komissiya ona kəllə-beyin travması, kəllədaxili hipertenziya, xroniki sefalgik, üzvi şəxsiyyət pozuntusu, intihar fikri ilə barotravma, döş qəfəsinin sağ yarısının qəlpə yarası və digər diaqnozlar qoyulmuşdur. Həmin rəyə əsasən, hərbi xidmətdən tərxis olunmuş və artıq 5 ildir ki, ona əlillik təyin olunmur. Cavabdeh inzibati orqana əlillik təyin edilməsi üçün müraciət etsə də, tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Keçirilmiş qapalı KBT sonraki posttravmatik ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarla, depressiv epizodlar, intihar fikirləri ilə. Üzvi mənşəli emosional labil pozuntu. Yüngül koqnitiv pozuntu. İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2. Miopiya, İki tərəffli İ dərəcəli xroniki neyrosensor ağıreşitmə. Qonartroz (diz oynağının artrozu), Sağtərəfli posttravmatik qonartroz İ mərhələ. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspert rəyinə əsaslanaraq, vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul etmişdir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan müəyyən olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0001 nömrəli qərarı ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə, xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarı, xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı və xx.xx.2025-ci il tarixli, xxxxxxx0004 nömrəli qərarı ilə diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə əlilliyin təyinatından imtina edilmişdir. -Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli, 4340 nömrəli tibbi rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar fikirləri ilə (F07.0). -877 nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 1481 nömrəli Travma haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “Döş qəfəsinin sağ yarısının qəlpə yaralanması”, xx.xx.2020-ci il tarixdə “Barotravma” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almış və xəsarətin döyüş tapşırığını yerinə yetirərkən aldığı müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli, 6578 nömrəli X2 görünür ki, iddiaçı barəsində Diaqnoz: “Partlayış travması (xx.xx.2020), keçirilmiş kəllə-beyin travması, baş beyin silkələnməsinin kəllədaxili hipertenziyası, simpto-adrenal krizlərlə. Xroniki sefalgik, insomnik sindrom, koqnitiv pozulmalar, koordinatorataktik pozulmalar ilə təzahür edən posstravmatik ensefalopatiya ilə nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, intihar fikirləri ilə. Barotravma (xx.xx.2020) sağtərəfli xroniki tubootit. Sağtərəfli konduktiv tip ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə. Döş qəfəsinin sağ yarısının ön səthinin qəlpə yarasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı”, “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”, Diaqnoz: “Hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M 2,0D, solda Em və M 3,0D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Qalxanvari vəzin düyünlü uru. İkincili hissəvi adentiya. İkinci dərəcəli alimentarkonsttusional piylənmə BÇİ 31,9”, “Xəstəlikdir, Hərbi Xidmət Dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. -Tibb müəssisənin K00242467VQE nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçıya əsas diaqnoz “F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarla, depressiv epizodlar, intihar fikirləri ilə, ağırlaşması- “F06.6- Üzvi mənşəli emosional labil (astentik) pozuntu, üzvi mənşəli emosional labil pozuntu” kimi, səbəbi Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilmişdir. -Səhiyyə Nazirliyi Məhkəmə X4 X6 xx.xx.2025-ci il tarixli, 1796 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, depressiv epizodlar, intihar fikirləri ilə (F07.0) aşkar olunur. Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində orqanizmin funksiyalarının pozulma dərəcəsini və əlillik vəziyyətində olmanın müddətini müəyyən etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, hazırki mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. İddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 2-1(120)-3025/2025 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar