Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-35/2026 11.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(120)-2394/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı ali təhsilə dair kvalifikasiyanın akademik tanınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən onun adına verilmiş ДИ № ******* nömrəli, xx.xx.2024-cü il tarixli (qeydiyyat nömrəsi: 3368) “Fövqəladə Halların xəbərdar edilməsi və ləğv edilməsi/qiyabi” ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 13 noyabr 2025-ci il tarixli, 2- 1(120)-2394/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırda da Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (9980 saylı hərbi hissə) Xüsusi Riskli Xilasetmə bölüyü Radiasiya və kimyadan mühafizə taqımının baş sürücüsü vəzifəsində işləyir. İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində bağlanmış əməkdaşlıq sazişi çərçivəsində təhsil almışdır. Məhkəmə hesab etmişdir ki, işin fərdi halları nəzərə alınmaqla iddiaçının qeyd edilən ixtisas üzrə tədris yükünü mənimsəməməsi barədə dəlillər məqbul hesab edilə bilməz. Belə ki, iddiaçı fərdi qaydada deyil, məhz “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti”ndə 2019-2024-cü il tədris illərində müvafiq Sazişdən (əməkdaşlıqdan) irəli gələn öhdəliklərin yerinə yetrilməsi məqsədi ilə bağlanmış müqavilə əsasında təhsil almışdır. Digər tərəfdən məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus diploma əlavənin (Məqbul - imtahan cədvəlindən çıxarışdan) notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti” dövlət təhsil müəssisəsinin qiyabi təhsil formasında “Fövqəladə halların xəbərdar edilməsi və ləğv edilməsi” ixtisası üzrə almış və həmin ixtisas üzrə təhsil aldığı müddətdə müvafiq fənnləri öyrənmiş və bilikləri nümayiş etdirmişdir. Ali təhsil haqqında xx.xx.2024-cü il tarixli ДИ seriyalı ******* №-li Diplom və Diploma Əlavə “Belarus Respublikası FHN Mülki Müdafiə Universiteti tərəfindən təsdiq edilmişdir. Odur ki, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aid olmaqla ali təhsil haqqında diplom və əlavəsi təsdiq olunmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı dövrlərdən 2019/2020, 2020/2021, 2021/2022-ci ilə qədər olan dövr məhz xüsusi karantin rejiminin tətbiq olunduğu, xarici ölkəyə gediş-gəliş imkanlarının məhdudlaşdırıldığı dövrə təsadüf edir. Bu hal isə özlüyündə formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq həmin dövr üzrə təhsil müddətinin nəzərə alınması ilə bağlı üzrlü hal kimi çıxış edir. Bundan əlavə, qeyd edilməldir ki, 2022/2023-cü və 2023/2024-cü tədris illərində isə iddiaçının həmin ölkədə olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2019-2024-cü illərdə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetininin “Fövqəladə Halların xəbərdar edilməsi və ləğv edilməsi” ixtisası üzrə qiyabi formada ali təhsil almış və həmin dövr ərizndə tədris olunmuş fənnləri öyrənmiş, biliyi həmin təhsil müəssisəsi tərəfindən qiymətləndirilmişdir. İmtahan-məqbul cədvəlindən çıxarışdan görünür ki, tədris olunmuş fənnlər üzrə ona qiymətlər yazılmışdır. Bu da onu göstərir ki, o, tədris proqramı üzrə davamiyyətə riayət etmişdir. Lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmiş və xarici dövlətin ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2019/2020-ci tədris ili üzrə-İ yarım il getməyib, İİ yarımil (pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrəgetməyib (pandemiya dövrü), 2021/2022-ci tədris ili üzrə-getməyib (pandemiya dövrü), 2022/2023-cü tədris ili üzrə - 15 gün (Minsk-Moskva sərhəddi üzərindən), 2023/2024-cü tədris ili üzrə - 1 ay (Moskva-Dalaman sərhəddi üzərindən). İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri imtina aktının və iddiaya qarşı etiraz dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq şikayətdə qeyd edilmişdir ki, iddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi ДИ № ******* nömrəli, xx.xx.2024-cü il tarixli diplomun əlavəsində onun təhsil müddətinin 5 il olması (240 ECTS kredit) və iddiaçının təhsil formasının qiyabi təhsilalma formasında olması müəyyən edilir. İddiaçı ilə eyni ildə Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrindən birində eyni fakültəyə daxil olmuş tələbə məzun olmaq üçün qiyabi təhsilalma formasında pandemiya olmayan illər üzrə ən az 6 həftə ərzində sessiyalarda iştirak etməli idi və əgər bir tədris ili üçün belə bu şərt ödənilmədikdə həmin şəxs imtahanlara buraxılmaqdan məhrum ediləcəkdi. Məhkəmə Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsaslanaraq iddiaçının Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alması faktının təsdiq edildiyini və bu müddət ərzində ona “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114-cü maddəsinin “e” bəndinə uyğun olaraq təhsil məzuniyyətləri verildiyi qənaətinə gəlmişdir. Bu baxımdan, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 082/e №-li, xx.xx.2021-ci il tarixli 234/e №-li, xx.xx.2022-ci il tarixli 054/e №-li, xx.xx.2022-ci il tarixli 236/e №-li, xx.xx.2022-ci il tarixli 306/e №-li, xx.xx.2023cü il tarixli 71 №-li, xx.xx.2023-cü il tarixli 271 №-li və xx.xx.2024-cü il tarixli 113 №-li əmrlərlə iddiaçıya müxtəlif müddətlərdə təhsil məzuniyyətlərinin verilməsi məhkəmə tərəfindən iddiaçının təhsil prosesində iştirak etdiyini göstərən hal kimi qiymətləndirilmişdir. İddiaçıya müvafiq tədris illəri üzrə təhsil məzuniyyətləri verilsə də, həmin dövrlər ərzində onun təhsil aldığı ölkədə faktiki iştirakı, ya ümumiyyətlə olmamış, ya da 2022–2023-cü tədris ili üzrə cəmi 15 təqvim günü ilə məhdudlaşmışdır. Bu hal iddiaçının tədris yükünü normativ müddətə uyğun şəkildə yerinə yetirmədiyini göstərir. Lakin məhkəmə bu mühüm faktiki halları nəzərə almamış və nəticədə işin faktiki hallarına uyğun olmayan, hüquqi baxımdan əsaslandırılmamış qənaətə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili)təhsilinin məzmunu və təşkili Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən bakalavr təhsili üzrə qiyabi təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180- 240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2024-cü il tarixli ДИ seriyalı ******* №-li Ali təhsil haqqında diplomun notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 2019-cu ildə Belarus Respublikası FHN “Mülki Müdafiə Universiteti” Dövlət təhsil müəssisəsinə daxil olmuş və 2024-cü ildə adı çəkilən universitetin “Fövqəladə Halların xəbərdar edilməsi və ləğv edilməsi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 20 iyun 2024-cü il tarixli qərarı ilə, protokol № 106, Rüstəmli A.T “Fövqəladə Halların xəbərdar edilməsi və ləğv edilməsi” ixtisası verilmişdir. Diplom xx.xx.2024-cü ildə 6111 № ilə təsdiq (Apostil) edilmişdir. -Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” NA00032138 №-li, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən, ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Qeyd olunanlara əsasən, ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 3-38- 33/2-414/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət Ölkə xx.xx.2019 Çıxış İran xx.xx.2019 Giriş İran xx.xx.2019 Çıxış İran xx.xx.2019 Giriş İran xx.xx.2019 Çıxış Rusiya xx.xx.2019 Giriş Rusiya xx.xx.2019 Çıxış İran xx.xx.2019 Giriş İran xx.xx.2019 Çıxış Rusiya xx.xx.2019 Giriş Rusiya xx.xx.2019 Çıxış İran xx.xx.2019 Giriş İran xx.xx.2019 Çıxış İran xx.xx.2019 Giriş İran xx.xx.2023 Çıxış Belarusiya xx.xx.2023 Giriş Rusiya xx.xx.2024 Çıxış Rusiya xx.xx.2024 Giriş Belarusiya -Fövqəladə Hallar Nazirliyinin 05 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçənlərin, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi barədə razılığa gəlmişdirlər. Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alması ilə əlaqədar olaraq İddiaçı tədris məzuniyyətinin verilməsi haqqında əmrlərin surətini təqdim edir və bildiririk ki, Nazirlik tərəfindən onun təhsilinə və təhsil alacağı ixtisaslara dair hər hansı tələb və ya məhdudiyyət qoyulmamışdır. -082/e №-li, xx.xx.2021-ci il tarixli əmri ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (9980 saylı hərbi hissə) Xüsusi Riskli Xilasetmə bölüyü Radiasiya və kimyadanmühafizə taqımının baş sürücüsü kiçik gizir İddiaçı 11 aprel 2021-ci il tarixdən gediş-gəlişi nəzərə alınmaqla və əmək haqqı saxlanılmaqla 14 təqvim günü müddətində tədris məzuniyyəti verilmiş, 234/e №-li, xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı 04 oktyabr 2021-ci il tarixdən gediş-gəlişi nəzərə alınmaqla və əmək haqqı saxlanılmaqla 14 təqvim günü müddətində tədris məzuniyyəti verilmiş, 054/e №-li, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı 14 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək gediş-gəlişi nəzərə alınmaqla və əmək haqqı saxlanılmaqla 15 təqvim günü müddətində tədris məzuniyyəti verilmiş, 236/e №-li, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı 14 sentyabr 2022-ci il tarixdən 27 sentyabr 2022-ci il tarixədək gediş-gəlişi nəzərə alınmaqla və əmək haqqı saxlanılmaqla 14 təqvim günü müddətində tədris məzuniyyəti verilmiş, 306/e №-li, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı 30 noyabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək gediş-gəlişi nəzərə alınmaqla və əmək haqqı saxlanılmaqla tədris məzuniyyəti verilmiş, 71 №-li, xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı xx.xx.2023-cü il tarixdən Belarus Respublikasının Minsk şəhərində keçirməklə 16 təqvim günü müddətində təhsil məzuniyyəti verilmiş, 271 №-li, xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı xx.xx.2023- cü il tarixdən Belarus Respublikasının Minsk şəhərində keçirməklə 20 təqvim günü müddətində təhsil məzuniyyəti verilmiş, 113 №-li, xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı xx.xx.2024- cü il tarixdən Belarus Respublikasının Minsk şəhərində keçirməklə 35 təqvim günü müddətində təhsil məzuniyyəti verilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının: -4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; -4.1.2. Müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; -4.1.3. Müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yeriningöstərilməsi; -4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); -4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: -1.1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -2.2.2. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. -3.1.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. -3.1.8. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişə əsasən: -Tərəflər milli qanunvericiliyə uyğun olaraq və Tərəflərin səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər: -informasiya, dövri mətbuat, metodiki və elmi-texniki ədəbiyyat, elmi tədqiqat işlərinin nəticələri, video, foto və digər materialların mübadiləsi; -birgə işçi müşavirələrinin, seminarların, konfransların, tədris kurslarının, məşqlərin, təlimlərin, elmi tədqiqat layihələrinin, idman və digər tədbirlərin planlaşdırılması, işlənməsi və həyata keçirilməsi; -Tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçirilən, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi; Tərəflərin fəaliyyətinə aid olan gənclər, könüllülər, idman və digər ictimai hərəkətlər sahəsində əməkdaşlığın inkişafı; Tərəflərin səlahiyyətinə daxil olan məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin işlənib hazırlanması; Texniki, sosial və humanitar əməkdaşlıq üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi; Zərurət yarandıqda, təbii və texnogen mənşəli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qarşılıqlı yardımın və ya üçüncü ölkələrə birgə yardımın göstərilməsinin təşkili; Tərəflərin səlahiyyətlərinə daxil olan digər fəaliyyətin həyata keçirilməsi. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı fərdi qaydada deyil, Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Saziş əsasında təhsil almışdır. İddiaçının tədris yükünü mənimsəmə müvafiq təhsil müəssisəsi tərəfindən verilmiş diplom və diploma əlavə ilə təsdiq edilir. Bu hal onu göstərir ki, cavabdehin iddiaçının müvafiq tədris yükünü mənimsəməsi barədə dəlili əsaslı deyildir. Bundan əlavə birinci instansiya məhkəməsinin iddiaçının təhsil aldığı dövrlərin (2019/2020, 2020/2021, 2021/2022-ci il) məhz xüsusi karantin rejiminin tətbiq olunduğu, xarici ölkəyə gediş-gəliş imkanlarının məhdudlaşdırıldığı dövrə təsadüf etməsi barədə gəldiyi nəticə də əsaslı hesab edilməlidir. Belə ki, qeyd edilən dövrlər dünya üzərində COVİD-19 pandemiyası dövrünə təsadüf etdiyindən həmin dövrdə ölkədən çıxış və xarici ölkələrə səfərlər məhdudlaşdırılmışdı. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2-1(102)-2494/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında göstərdiyi hüquqi mövqeyi ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya şikayətində göstərilən iddiaçının təhsil müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması və digər dəlillərə birinci instansiya məhkəməsi tərəfindən zəruri olan həddə qiymət verilmiş, tam araşdırma aparılmış, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(120)-2394/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-35/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-35/2026
11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver