Məhkəmə qərarları › İş №2-1(3-9)-358/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-358/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-358/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Biləsuvar Rayonu Biləsuvar Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılmaması, mülki mübahisə) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X1 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Biləsuvar Rayonu Biləsuvar Bələdiyyəsinə qarşı “Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM № ****** nömrəli ## ###### 2020-ci il tarixli 120 nömrəsi ilə qeydiyyata alınmaqla hərrac qalibi olması barədə təqdim edilmiş şəhadətnaməyə əsasən Biləsuvar Bələdiyyəsi mülkiyyətində olan Biləsuvar şəhəri ərazisində yerləşən 180 kv.m sahibkarlıq fəaliyyəti təyinatlı torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə ## ###### 2020-ci il tarixli *** saylı protokoldan görünür ki, Biləsuvar Bələdiyyəsinin mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin satılması ilə bağlı hərrac keçirilmiş, hərracda ən yüksək qiymət olan 4256 manat təklif etmiş İddiaçı hərracın qalibi olmuşdur. Hərracların Təşkili üzrə Auksion Mərkəzinin seriya AM ****** nömrəli şəhadətnamədən görünür ki, Biləsuvar Bələdiyyəsinin mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin satılması ilə bağlı keçirilmiş hərracın qalibi olan İddiaçı hərracın qalibi olmasına dair şəhadətnamə verilmişdir. Biləsuvar Rayonu Biləsuvar Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli *** nömrəli məktubda qeyd edilmişdir ki, “...Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şəhərin H.Əliyev küçəsində ## ###### 2020-ciil tarixli *** nömrəli qeydiyyata alınmış qalib şəhadətnamə ilə siz olmusunuz. Qanuna müvafiq olaraq 20 gün keçdiyi üçün və Bələdiyyə ilə alğı-satqı müqaviləsi bağlamadığınız üçün müddətin keçməsi ilə əlaqədar yenidən alğı-satqı müqaviləsi bağlana bilməz.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM № ****** nömrəli ## ###### 2020-ci il tarixli 120 nömrəsi ilə qeydiyyata alınmaqla hərrac qalibi olması barədə təqdim edilmiş şəhadətnaməyə əsasən Biləsuvar Bələdiyyəsi mülkiyyətində olan Biləsuvar şəhəri ərazisində yerləşən 180 kv.m sahibkarlıq fəaliyyəti təyinatlı torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehə həvalə olunması”ına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar Bələdiyyəsi mülkiiyyətində olan Biləsuvar şəhəri ərazisində yerləşən 180 kv.m torpaq sahəsini hərrac yolu ilə satışa çıxarmış, hərracda iştirak etmiş və hərracın qalibi olmuşdur. Torpaq sahəsinin dəyəri olan 4250 manatı Biləsuvar Bələdiyyəsinin hesabına köçürmüşdür. Koronovirus infeeksiyasının yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejimi ilə bağlı tədbirlar barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli **-* saylı qərarına əsasən ölkə ərazisində karantin rejimi tətbiq edilmişdir. Tətbiq edilmiş karantin rejimi ilə əlaqədar qərarın tələbinə əsasən idarə müəssisələrin fəaliyyəti dayandırılmışdır. Biləsuvar Bələdiyyəsi həmin vaxtlarda karantin rejimi ilə bağlı fəaliyyətinin olmamasını bildirərək, müqavilənin bağlanmasını pandemiya başa çatanadək dayandırmışdır. Pandemiyadan sonra Bələdiyyəyə müraciət etsə də, iş otaqlarını su basdığı üçün sənədlərin su basma nəticəsində sıradan çıxması bildirilərək, müqavilənin bağlanması həmin sənədlərin bərpa edilməsinədək təxirə salınmışdır. Sonuncu dəfə yenidən bu barədə Bələdiyyəyə müraciət etsədə, məsələ müsbət həllini tapmamışdır. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, qanunun tələbinə əsasən hərrac qalibi ilə Biləsuvar Bələdiyyəsi arasında torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlanmalı idi. Lakin həmin vaxt onlardan asılı olmayan səbəblərdən müqavilənin bağlanması mümkün olmamışdır. Belə ki, həmin vaxtlarda COVİD virusu yayıldığı üçün karantin rejimi ilə bağlı fəaliyyətləri məhdudlaşdırılmışdır. Karantin rejimindən sonra Bələdiyyənin inzibati binasını su basmış, nəticədə arxivdə olan sənədlər yararsız hala düşmüşdür. Bundan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində istintaq aparıldığı üçün alğı-satqı müqaviləsinin bağlanması dayandırılmışdır. İddiaçının müraciətindən müddətin keçməsi əsası ilə imtina olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı (hakim Rəşidə Quliyeva) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaya uyğun izahat verərək, bildirdi ki, mübahisə inzibati mübahisədir. Bu səbəbdən mübahisələndirilən qərardad ləğv edilməlidir. Cavabdehin nümayəndəsi X2 bildirdi ki, mübahisə inzibati mübahisədir. Bu səbəbdən mübahisələndirilən qərardad ləğv edilməlidir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə mülki xarakterli mübahisədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının hüquqi marağı şəhadətnamə əsasında hərracda qalib gəlmiş tərəf kimi cavabdehlə icarə müqaviləsinin bağlanılmasına nail olmaqdan ibarətdir. İnzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun müm-künlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddianın digər mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan əsas mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. İnzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarə etmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrın səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 6.3-ci bəndində qeyd edilmişdir ki, “...Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülkihüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarının 18-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3 və 414.1-ci maddələrinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Mübahisə üzrə cavabdeh inzibati orqanın publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyəti bələdiyyə mülkiyyətində olan torpağın mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə yekunlaşmışdır. Başqa sözlə, hazırkı halda cavabdeh inzibati orqan inzibati münasibətlərinin (publik hüquq münasibətlərinin) tərəfi (subyekti) kimi deyil, xüsusi hüquq münasibətlərin bərabər hüquqlu subyekti kimi çıxış edir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, mülki qanunvercilikdə müqavilə bağlamağa məcburetməyə yol verilməməsində istisnalar nəzərdə tutulmuşdur. Beləliklə, hazırkı mübahisənin xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisə hesab edilməsini, başqa sözlə, mübahisəyə ümumi məhkəmədə baxılmalı olmasını nəzərə alaraq hesab edilir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı mümkün saymamışdır. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar