Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-369/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, bələdiyyə qərarı, rayon torpaq şöbəsinin rəyi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsinə qarşı “Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarına əsasən ünvan 1 ərazisində yerləşən 12.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş “Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsi ərazisindən Qara-Nuru kənd sakini İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə satılacaq torpaq sahəsinin mövcud vəziyyəti barədə” rəydən görünür ki, satılması nəzərdə tutulan 13.9144 hektar torpaq sahəsinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Qara-Nuru Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla şərti yararsız torpaq sahəsidir. Torpaq sahəsinin kənd təsüərrüfatı məhsullarının istehsalı məqsədilə satılması qanunvericiliyə uyğun hesab edilmişdir. Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarından görünür ki, 13.9144 hektar əkinə az yararlı torpaq sahəsi vətəndaş tərəfindən yararlaşdırılması üçün çəkilən xərc nəzərə alınaraq ilkin dəyərinin 40% güzəşt olmaq şərti ilə İddiaçı satılmışdır. “Torpaqların alğı-satqısına dair” ##.##.2006-cı il tarixli aktdan görünür ki, Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarının icrası ilə bağlı 13.9144 ha torpaq sahəsinin satılması barədə müqavilə bağlanmışdır. Seriya A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarı ilə İddiaçı satılmış 13.9144 hektar torpaq sahəsinin koordinatları X2 kitabında ##.##.2012-ci il tarixdə 365 nömrə ilə uçota alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanalanmış ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...13.9144 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddələrinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir.” cavabdeh1n ** saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...2-ci sual üzrə: Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış ünvan 1 ərazisində yerləşən əkinə az yararlı 13.9144 ha torpaq sahəsi bələdiyyənin alğı-satqı müqaviləsinə əsasən iddiaçının xüsusi mülkiyyətinə satılmışdır. Lakin iddiaçının faktiki istifadəsində olan 14.18 ha əkin torpaq sahəsinin hazırda 12.40 ha (2.41, 2.13, 3.54, 3.33, 0.99) hektarının hüquqi statusu (mülkiyyəti) - bələdiyyə, kateqoriyası - kənd təsərrüfatı təyinatlı torpaqlar, faktiki uqodiyası - əkin torpaq sahəsi, 1.78 hektarının mülkiyyəti - dövlət, kateqoriyası meşə fondu torpaqları, faktiki uqodiyası - əkin torpaq sahəsidir. 5-ci sual üzrə: Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış Saatlı rayonu, Qara-Nuru kəndi ərazisində yerləşən əkinə az yararlı 13.9144 ha torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir (yəni mövcuddur).” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarına əsasən ünvan 1 ərazisində yerləşən 12.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə reyestdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının ## ###### 1996-cı il tarixli ** saylı sərəncamı ilə “Xətai” adına kolxozun ərazisindən 15 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün “Okami” kəndli fermer təsərrüfatına verilmişdir. Saatlı Rayon İcra Hakimiyyəti başçısının ## ###### 1998-ci il tarixli ** nömrəli sərəncamına əsasən “Okami” kəndli fermer təsərrüfatının dövlət aktı ilə ona verilmiş 15 ha torpaq sahəsindən istifadə edə bilmədiyi üçün həmin torpaq sahəsi “xxxx” çoxsahəli xüsusu müəssisəsinin istifadəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmin torpaq sahəsinin 139144 kv.m-i Saatlı Rayonu Qara Nuru Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsal etmək üçün xüsusi mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin alğı-satqısı üçün Bələdiyyənin hesabına 1505.40 manat pul köçürmüşdür. Torpaq sahəsi əkinə az yararlıdır. Torpaq sahəsi üzərinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin məsələ müsbət həllini tapmamışdır. Cavabdehin etirazları: İddiaya dair etiraz məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmiş, Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı iclas protokoluna əsasən ünvan 1 ərazisində yerləşən 12.40 ha (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsi üzrə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlili imtinanın dəlili ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən tarixdə qüvvədə olan redaksiyada) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya) ...
2. Müəyyən edilsin ki: ... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpağın ayrılması ilə bağlı hüquq müəyyənedici sənədlər qüvvədədir, bu səbəbdən iddiaçının etimad hüququ qorunmalıdır. İşin halları ilə müəyyən edildi ki, Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin ## ###### 2006cı il tarixli ** saylı qərarı ilə İddiaçı 13.9144 hektar əkinə az yararlı torpaq sahəsinin satılması qərara alınmış, torpağın satılması ilə bağlı “Torpaqların alğı-satqısına dair” ##.##.2006-cı il tarixli akt tərtib edilmişdir. Torpaq sahəsi satılmamışdan əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Saatlı rayon şöbəsi tərəfindən müvafiq rəy verilmiş, həmin rəyə əsasən satılması nəzərdə tutulan 13.9144 hektar torpaq sahəsinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Qara-Nuru Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla şərti yararsız torpaq sahəsidir. Satılmış 13.9144 hektar torpaq sahəsinin koordinatları müəyyən edilmiş və X2 kitabında ##.##.2012-ci il tarixdə 365 nömrə ilə uçota alınmışdır. Cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilməsinə səbəb kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilməsi olmuşdur. cavabdeh1n ** saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...2-ci sual üzrə: Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış ünvan 1 ərazisində yerləşən əkinə az yararlı 13.9144 ha torpaq sahəsi bələdiyyənin alğı-satqı müqaviləsinə əsasən iddiaçının xüsusi mülkiyyətinə satılmışdır. Lakin iddiaçının faktiki istifadəsində olan 14.18 ha əkin torpaq sahəsinin hazırda 12.40 ha (2.41, 2.13, 3.54, 3.33, 0.99) hektarının hüquqi statusu (mülkiyyəti) - bələdiyyə, kateqoriyası - kənd təsərrüfatı təyinatlı torpaqlar, faktiki uqodiyası - əkin torpaq sahəsi, 1.78 hektarının mülkiyyəti - dövlət, kateqoriyası meşə fondu torpaqları, faktiki uqodiyası - əkin torpaq sahəsidir. 5-ci sual üzrə: Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış Saatlı rayonu, Qara-Nuru kəndi ərazisində yerləşən əkinə az yararlı 13.9144 ha torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir (yəni mövcuddur).” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Torpaq sahəsinin ayrılması zamanı onun təyinatı, kateqoriyası və uqodiyası ilə bağlı qanunvericiliyin tələblərinin nəzərə alınması və həmin tələblərə əməl olunması müvafiq torpaq sahəsinin ayrılması üzrə icraatı həyata keçirən inzibati orqanın xidməti vəzifəsi sayılır və həmin inzibati orqanın risklərinə aid olunmalıdır. Bundan başqa, həmin dövrdə torpaq sahələrinin ayrılmasının qanunauyğunluğuna nəzarət edən müvafiq dövlət qurumu, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Saatlı rayon şöbəsinin rəyinə əsasən satılması nəzərdə tutulan 13.9144 hektar torpaq sahəsi Saatlı Rayonu Qara-Nuru Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla şərti yararsız torpaq sahəsi olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 və 7.1.2-ci maddələrinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının eyni faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli 2-1(102)-1063/2024, ##.##.2024-cü il tarixli *- *(***)-***/**** nömrəli qərarlarında hüquqi mövqe hazırkı işə uyğun olmuşdur. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif xxxxov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.