Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(3-9)-4/2026 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-1536/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 03 mart 2023-cü il tarixli, 2-1(120)- 1536/2023 saylı qərardadı ilə iddia ərizəsinin geri qaytarılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023cü il tarixli, 2-1(120)-1536/2023 saylı qərardadının surəti 09 mart 2023-cü il tarixdə İddiaçı göndərilmişdir. İddiaçı tərəfindən həmin qərardadın əldə edilməsi barədə hər hansı sübut iş materiallarında mövcud deyildir. İddiaçı tərəfindən 26 dekabr 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi apellyasiya şikayəti 26 dekabr 2025-ci il tarixdə, birinci instansiya məhkəməsinin qərardadının qəbul edilməsindən uzun müddət sonra, 1 il 09 aydan çox müddət keçdikdən sonra verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət ötürülmüşdür. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını qəbul edildiyi vaxtdan təqribən 1 ay sonra poçt vasitəsi ilə əldə etmişdir. Göründüyü kimi iş materiallarında iddiaçının mübahisələndirilən qərardadı nə vaxt əldə etməsi barədə sübut olmasa da, iddiaçı məhkəmə iclasında həmin qərardadı əldə etdiyini təsdiq etmişdir. Bununla yanaşı, müddətin ötürülməsinin üzrlü sayılmasına əsas verən sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. -87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(120)-1536/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-4/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-4/2026
22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver