Azərbaycan Respublikası adından Qərar İş № 2-1(3-9)-406/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.1959-cu il tarixdə doğulması və ##.##.2024-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Məhkəmə tərəfindən araşdırmanın predmeti iddiaçının ##.##.1976-cı il tarixindən ##.##.1977-ci il tarixinədək, ##.##.1977-ci il tarixindən ##.##.1978-ci il tarixinədək, ##.##.1987-ci il tarixindən ##.##.1995-ci il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.1997-ci il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək olan dövrləri olmuşdur. Iddiaçının əmək fəaliyyəti göstərdiyi “xxxx” Dövlət şirkətinin, eləcə də Sabirabad ** nömrəli X5 Dəstənin və “xxxx” X1 Cəmiyyətinin “Sabirabad Aqrartikinti" filialının fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Məlumatların arxivdə saxlanılmaması ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını və əmək kitabçasında olan qeydlərin bir hissəsinin natamam qeyd edilməsini, həmçinin əmək kitabçasının bir müddət işlədiyi dövrdən sonra, yəni 1980-cı ildə açılması ilə bağlı pozuntu hallarını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Hazırki halda inzibati orqanların bazasında olan məlumatlar arasında əməkhaqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının inzibati orqan tərəfindən mübahisəli hesab edilən dövrlərini onun sığorta stajına daxil edir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1959-cu ildə anadan olmuş, yaşa görə sosial müavinət alır, lakin onun yetəri qədər əmək stajı vardır, onun 25 il olan əmək stajı hesablanmaqla hüququ olan yaşa görə əmək pensiyası təyin edilməlidir. Əmək stajını təsdiq edən bütün sənədlərlə cavabdehə müraciət etmiş, lakin cavabdeh ##.##.2025-ci il tarixli məktubla imtina edərək, onun əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün müəyyən dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmadığını bildirmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətinə əsasən ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək, ##.##.1981-ci il tarixdən ##.##.1987-ci il tarixədək, ##.##.1987-ci il tarixdən ##.##.1987-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 9 il 20 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1976-cı il tarixdən ##.##.1977-ci il tarixədək və ##.##.1977-ci il tarixdən ##.##.1978-ci il tarixədək (əmək kitabçasının 1980-ci il tarixdə açılmasına baxmayaraq işə daxilolma tarixi ##.##.1976-cı il və ##.##.1977-ci il qeyd olunmuşdur), ##.##.1987-ci il tarixdən ##.##.1995-ci il tarixədək (işdənçıxma qeydi SSRI möhürü ilə təsdiqləndiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin ##.##.2025-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1995-ci il tarixdən ##.##.1997-ci il tarixədək (işdənçıxma qeydində möhür oxunaqlı olmadığından) və ##.##.1997-ci il tarixdən ##.##.2002-ci il tarixədək (işə daxilolma qeydi səlahiyətli şəxsin imzası ilə deyil möhürlə təsdiqləndiyindən və işdən azadolma qeydi düzgün yazılmadığından) sözügedən dövrlərin də sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan əlavə, iddiaçının müraciəti üzrə aparılmış araşdırma zamanı əmək kitabçasında olan qeydlərə əsasən işlədiyini iddia etdiyi Sabirabad rayon * nömrəli Mexanikləşdirmə Nəqliyyat Idarəsi və Sabirabad rayorıu ** nömrəli Təsərrüfatlararası MSD adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçmələri barədə məlumatın mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu eynilik təşkil edir. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin olmaması iddiaçının təqsiri olmasa belə, əgər əmək kitabçasının mötəbərliyinə şübhələr varsa, və arxiv sənədləri yoxdursa, deməli iddiaçının mübahisələndirilən illərdə əmək fəaliyyətində olması əmək kitabçası ilə birbaşa təsdiqini tapmır və iddiaçıya pensiya təyinatından imtina ilə bağlı mövqeyində cavabdeh inzibati orqan haqlı olmuşdur. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -##.##.1978-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı ##.##.1978-ci il tarixdən ##.##.1980-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -##.##.1980-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ##.##.1976-cı il tarixdən ##.##.2022-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. -Azərbaycan Respublikası “xxxx” ASC Sabirabad “Aqrartikinti” filialının ##.##.2021-ci il tarixli, **/*** nömrəli arayışında bildirilir ki, İddiaçı ##.##.1981-ci il tarixli, **/* saylı əmrlə UMSR * №-li Trestə sürücü vəzifəsinə qəbul edilmiş, ##.##.1987-ci il tarixli, */* saylı əmrlə işdən azad edilmişdir. ##.##.1995-ci il tarixli, **/* saylı əmrlə Sabirabad * №-li MANI-yə sürücü vəzifəsinə qəbul edilmiş, ##.##.1997-ci il tarixdə ** saylı əmrlə Sabirabad ** saylı TMSD-yə köçürülmüş, ##.##.1997-ci il tarixli, ** saylı əmrlə Sabirabad ** saylı TMSD-yə sürücü vəzifəsinə qəbul edilmiş, ##.##.2002-ci il tarixli, ** saylı əmrlə işdən azad edilmişdir. -Sabirabad rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubunda bildirilir ki, * nömrəli Mexanikləşdirmə Nəqliyyat Idarəsi və ** nömrəli Təsərrüfatlararası M.S.D-in sənədləri Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2025-ci il tarixli, 3-21-2-12/2- *****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində “** nömrəli X6 Dəstə”nin ##.##.1991-ci il tarixdə 57 nömrə ilə dövlət qeydiyyatından keçməsi və ##.##.1998-ci il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılması barədə məlumat mövcuddur. -X2 ASC-nin ##.##.2026-cı il tarixli, ** nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən ##.##.1977-ci il tarixdən *** nömrəli əmrlə * nömrəli sənaye kombinatına qəbul olunmuş, ##.##.1981-ci il tarixdə ** nömrəli əmrlə azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçı ##.##.1960-cı il doğumludur və pensiya yaşına çatmışdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması ona məxsus əmək kitabçası və digər mötəbər sənədlərlə sübuta yetir. Iddiaçı müvafiq sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeydlərin doldurulma qaydasının pozulmasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasında və apellyasiya şikayətində bu hallara istinad etmişdir ki, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: 1) Əmək kitabçasının 1980-ci il tarixində açılmasına baxmayaraq işə daxilolma tarixi ##.##.1976-cı il və ##.##.1977-ci il qeyd olunmuşdur. Qeyd edilən halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ##.##.1976- ##.##.1977-ci illəri əhatə edən dövrdəki əmək fəaliyyəti Sabirabad rayon Dövlət Arxivinin, ##.##.1977-##.##.1978-ci illəri əhatə edən dövrdəki əmək fəaliyyəti isə işlədiyi müəssisə olan X2 ASC tərəfindən verilmiş arayışlarla təsdiq edilir. 2) ##.##.1987-ci il tarixindən ##.##.1995-ci il tarixinədək olan dövr üzrə işdənçıxma qeydi SSRI möhürü ilə təsdiqlənmişdir. Qeyd edilməlidir ki, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ##.##.1991-ci il tarixli Qərarına əsasən 1992-ci il tarixdən latın qrafikasına keçilmiş, möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsinə başlanılmışdır. Buna baxmayaraq, latın qrafikasına tam keçid 2001-ci ildə başa çatmışdır. Odur ki, iddiaçının ##.##.1995-ci il tarixə aid işdən azad edilməsi barədə qeydin kiril qrafikalı möhürlə təsdiq edilməsi həmin sənədin mötəbərliyini şübhə altına almağa əsas vermir. 3) ##.##.1995-ci il tarixindən ##.##.1997-ci il tarixədək işdənçıxma qeydində möhür oxunaqlı deyildir. Iddiaçı qeyd edilən dövrdə * nömrəli Mexanikləşdirmə Nəqliyyat Idarəsində əmək fəaliyyəti ilə məşğul olmuş, həmin müəssisə tərəfindən müvafiq sənədlər (əmrlər, əməkhaqqı cədvəlləri və s.) Dövlət Arxivinə verilməmişdir. Həmin sənədlərin işəgötürən tərəfindən arxivə təhvil verilməməsi işçinin məsuliyyət sferasına aid edilə bilməz. 4) ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək işə daxilolma qeydi səlahiyətli şəxsin imzası ilə deyil möhürlə təsdiqlənmiş və işdən azadolma qeydi düzgün yazılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən qeyd iddiaçının işlədiyi müəssisə tərəfindən möhürlə təsdiq edilmişdir. Həmçinin qeyd edilən hal iddiaçının səhvi nəticəsində baş verməmişdir və bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Buna görə də məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərlə bağlı qüsurlar onun əmək fəaliyyətinin olmaması qənaətinə gəlmək üçün kifayət etmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətilə razılaşır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-406/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-406/2026
02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver