Azərbaycan Respublikası adından Qərar İş № 2-1(3-9)-418/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh N saylı Hərbi hissəyə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, X2 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Daxili Qoşunlarının Baş Idarəsi tanınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.Musayev) ##.##.2025-ci il tarixli 2- *(***)- ***/**** saylı qərarı ilə iddia təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin 2- *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş və iş Şirvan Inzibati Məhkəməsinə geri göndərilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## #### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, əsgər X3 ##.##.2019-cu il tarixdə Daxili Qoşunların hospitalında sol tərəfli çəp qasıq yırtığı və ağ xəttin yırtığına görə herniotomiya və hernioplastika cərrahi əməliyyatına cəlb olunmuş, müalicə tədbirlərindən sonra Hərbi-həkim komissiyasının protokoluna əsasən, ona 15 gün xəstəliyinə görə məzuniyyət verilməsi məqsədəuyğun hesab edilmişdir. O, ##.##.2019-cu il tarixdə Cəlilabad rayonu, Cəfərxanlı kəndinə məzuniyyətə buraxılmış, 4 gün sonra ##.##.2019cu il tarixdə hemorragik infarkt ocaqlarından yaranmış kəskin ağciyərürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olunduğunu əhatə edir. Belə olan halda Sabuhi Həşimovun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir. Eyni zamanda, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X3 2019-cu ilin iyul ayında SHXÇDX tərəfindən hərbi həkim komissiyasının rəyinə əsasən tam sağlam hərbi xidmətə yararlı hesab edilərək Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinə təyin edilmişdir. ##.##.2019-cu il tarixdə həqiqi hərbi xidmətdə olan oğlu X3 Azərbaycan Respublikası Daxili Qoşunların Gəncə N nömrəli hərbi hissəsində Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi tələbi ilə cavabdehə müraciət etsə də, tələbinin təmin edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə həmçinin bildirilir ki, tibbi şəhadətnamədə mərhumun ölüm səbəbi kəskin ağciyər-ürək çatışmazlığı kimi göstərilsə də, son tibbi səbəb ölümün son fizioloji nəticəsini ifadə edir, lakin həmin vəziyyətə gətirib çıxaran ilkin səbəblərin, xəstəliyin yaranma şəraitinin, əməliyyatdan sonrakı ağırlaşmaların və hərbi xidmətin mərhumun sağlamlığına təsirinin mövcudluğunu istisna etmir. Əgər oğlu hərbi xidmətə çağırılarkən sağlam və xidmətə yararlı hesab edilmişdirsə, sonradan hərbi xidmət dövründə əməliyyat olunması və qısa müddət sonra vəfat etməsi ciddi hüquqi nəticə doğuran haldır. Bu hal ya xəstəliyin hərbi xidmət dövründə yarandığını, ya da mövcud xəstəliyin hərbi xidmət şəraitində kəskin ağırlaşdığını göstərə bilər. Prosessual məsələlər Iddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsinin iştirakının təmin etməmiş, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması barədə ##.##.2026-cı il tarixli Qərarından müəyyən edilir ki, İddiaçı müraciətində övladı X2 ogluna şəhid statusunun verilməsini xahiş etmişdir. Mövcud sənədlərə əsasən, Daxili Qoşunların N saylı Hərbi hissəsindən daxil olmuş ##.##.2019-cu il tarixli, *** nömrəli əmrdən çıxarışda X2 ##.##.2019-cu il tarixdə ağciyər-ürək çatışmazlığı xəstəliyindən vəfat etdiyi göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Inzibati icraat haqqında Qanunun 59-cu maddəsini Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Qanunun 2-ci maddəsini və Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının 1.2.5, 1.2.6 bəndlərini rəhbər tutaraq qərara alır ki, İddiaçı oglunun müraciəti təmin edilməsin. -N saylı Hərbi hissənin ## ###### 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, müddətli xidmət etmiş hərbi qulluqçu X1 Azərbycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərəkən həlak olması barədə heç bir əsas olmamışdır. X1 məzuniyyətdə olduğu vaxt bilinməyən səbəbdən dünyasını dəyişmişdir. -DIN Daxili Qoşunları N saylı Hərbi hissənin ##.##.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, əsgər X3 xəstəliyə görə məzuniyyətdə olarkən ## ###### 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AZS******* nömrəli ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən, ## ###### 2019-cu il tarixdə ağciyər ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. -DIN Daxili Qoşunlarının ## ###### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, əsgər X3 ##.##.2019-cu il tarixdə Daxili Qoşunların hospitalında sol tərəfli çəp qasıq yırtığı və ağ xəttin yırtığına görə herniotomiya və hernioplastika cərrahi əməliyyatına cəlb olunmuş, müvafiq müalicə tədbirlərindən sonra Hərbi-həkim komissiyasının protokoluna əsasən, ona 15 gün xəstəliyinə görə məzuniyyət verilməsi məqsədəuyğun hesab edilmişdir. ##.##.2019-cu il tarixdə Cəlilabad rayonu, Cəfərxanlı kəndinə məzuniyyətə buraxılmış, 4 gün sonra ##.##.2019-cu il tarixdə hemorragik infarkt ocaqlarından yaranmış kəskin ağciyər-ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş AZS******* nömrəli ölüm haqqında tibbi şəhadətnamədə əsgər S.Həşimovun ölümünün səbəbi kəskin ağciyər və ürək çatışmazlığı göstərilmişdir. Əsgər S.Həşimovun ölüm faktı üzrə Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılmış və onun ölümündə cinayət hadisəsi olmadığına görə ##.##.2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Yuxarıda qeyd edilən sənədlərlə müəyyən edilir ki, iddiaçının oğlu X2 ##.##.2019-cu il tarixdə il tarixdə “kəskin ağciyər və ürək çatışmazlığı” nəticəsində vəfat etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ilk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların:- 1.1.bəndinə görə Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. ## ###### 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X9 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin ** saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu R və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili Işlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, X9 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Iş materiallarından göründüyü kimi mərhum İddiaçı ölümü döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı olmamış, habelə hərbi xidmət vəzifələrini yerinə yetirərkən deyil, ##.##.2019-cu il tarixdə hərbi hissədən Cəlilabad rayonu, Cəfərxanlı kəndinə məzuniyyətə buraxıldıqdan 4 gün sonra - ##.##.2019-cu il tarixdə Cəlilabad rayonunda “kəskin ağciyər və ürək çatışmazlığı” nəticəsində vəfat etmişdir, bu səbəbdən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələbləri mərhum İddiaçı şamil oluna bilməz. Nəzərə alınmalıdır ki, qanunverici şəhid adının verilməsini konkret olaraq şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması ilə şərtləndirmişdir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı “kəskin ağciyər və ürək çatışmazlığı” xəstəliyindən vəfat etməsi onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması kimi qiymətləndirilə bilməz. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-418/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-418/2026
02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver