Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-430/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ona kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ##.##.2013-cü il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqqı nəzərə alınaraq 65 yaşının tamam olduğu tarixdən, yəni ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh imtinasını və yazılı etirazını iddiaçı tərəfindən ödənilmiş 14,70 manat məcburi dövlət sosial sığorta haqqı üzrə məbləğin onun fərdi hesabına oturmaması ilə əsaslandırır. Ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaolunan İddiaçı fərdi şəxsi hesabında əks olunmaması iddiaçının təqsirindən baş vermədiyindən bu hal onun pensiya hüququna təsir edə bilməz. Iddiaçı müvafiq dövrdə torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi təqdim etməklə aidiyyəti qurumda uçota alınaraq yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Nəzərə alınmalıdır ki, ödənişin son təyinat yeri üzrə müvafiq hesabda həmin dövrdə əks olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda əmək stajı 15 il 07 ay müəyyən edilsə də, ümumi əmək stajı 25 ildən yuxarıdır. Ona görə ki, fiziki şəxs kimi məcburi dövlət sosial sığorta ödənişləri etmişdir. Lakin həmin illər onun əmək stajına daxil edilməmişdir. Bununla bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək ona pay torpağına görə ## ###### 2013-cü il tarixində ödənildiyini qeyd etdiyi 14,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunması və pensiyanın təyin edilməsi xahiş etmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEIS) iddiaçıya dair sığortaedənin uçot nömrəsi (SUN) almaqla uçot məlumatı, tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” (Forma B2) və ona uyğun “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Foma B3), həmçinin ödənilmiş 14,50 manat məbləğində sosial sığorta haqqı aşkar edilməmişdir. İddiaçı müraciətində qeyd olunan 14,50 manat məbləğində sosial sığorta haqqının ödənilməsinə dair məsələnin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X6 və Agentliyin ** saylı Regional Xəzinədarlıq idarəsinə müraciət olunmuş və Agentliyin cavab məktubunda iddiaçının adından 14,50 manat məbləğində vəsaitin dövlət xəzinədarlığına mədaxilinin müəyyən edilmədiyi bildirilmiş və həmin vəsaitin ödənilməsini həyata keçirən müvəkkil bankla dəqiqləşdirilmənin aparılması tövsiyə olunmuşdur. Idarə tərəfindən isə sosial sığorta haqları üzrə ödəniş sənədləri xəzinədarlıq orqanlarına cəm şəklində daxil olduğundan və ödəyicilərin fərdi uçotu xəzinədarlıq orqanlarında aparılmadığından, məsələnin araşdırılmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı 2013-cü il üzrə təqdim etdiyi ödəniş qəbzinin araşdırılması ilə bağlı Fondun Aparatına müxtəlif tarixlərdə müraciət olunmuşdur. X3 uçota nəzarət və sosial sığorta departamentinin, Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının, Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının, * saylı Lənkəran-Astara regional filialının, X4 uçotu departamentinin məktublarında İddiaçı dair 2013-cü il üzrə ödəniş və hesabat məlumatlarının aşkar olunmadığı bildirilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərarında ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaolunan İddiaçı fərdi şəxsi hesabında əks olunmamasının iddiaçının təqsirindən baş vermədiyini və bu halın onun pensiya hüququna təsir etməməli olduğunu qeyd etmişdir. Lakin qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsidir. Belə ki, iş materiallarına əsasən iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə hesabatın verilməsi müəyyən olunmur. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ##.##.1958-ci il tarixdə anadan olmuşdur. -##.##.2013-cü il tarixli *** №-li qəbzin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən ##.##.2013-cü il tarixdə Cəlilabad DSMF-nin AZ**CTRE******************** №li hesabına 14,70 manat MDSS haqqı ödənilmişdir. -ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: ##.##.1979-cu ildə Nikolayevskoye MHM-Oçakovskoye sahəsinə 2-ci dərəcə üzrə bənna vəzifəsinə qəbul edilmişdir (Əmr № **k, ##.##.1979); ##.##.1979-cu ildə işdən azad edilmişdir (Əmr № **k, ##.##.1979); ##.##.1979-cu ildə Oçakovskoye sahəsinə 1-ci dərəcə üzrə çilingər vəzifəsinə qəbul edilmişdir (Əmr 87k, ##.##.1979); ##.##.1981-ci ildə işdən azad edilmişdir. ##.##.1981-ci ildə * saylı a/d 3-cü sinif sürücü qəbul edilmişdir (Əmr № **, ##.##.1981); ##.##.1982-ci ildə işdən azad edilmişdir (Əmr № ***, ##.##.1982); ##.##.1982-ci ildə “Cənub-Muğan meliorasiya su-tikinti” TI-nin ** saylı ANM 2-ci dərəcəli çilingər qəbul edilmişdir (Əmr № ***, ##.##.1982); ##.##.1984-cü ildə işdən azad edilmişdir (Əmr № **, ##.##.1984); ##.##.1984-cü ildə Cəlilabad rayon Bəxtiyar adına sovxoza fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № **, ##.##.1984); ##.##.1989-cu ildə işdən azad edilmişdir (Əmr № ***, ##.##.1989); ##.##.1990-cı ildə Bəxtiyar adına sovxoza fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № **, ##.##.1990); ##.##.1994-cü ildə işdən azad edilmişdir (Əmr № ***, ##.##.1994). -DSMF Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialın *-**-*/*-*****/**** saylı, ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, ##.##.1958-ci il təvəllüdlü İddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişin aparılıb-aparılmaması barədə məlumatlar Mərkəzi Filialda aşkarlanmamışdır. -Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin *-**-*-**/*-*****/**** saylı, ##.##.2026-cı il tarixli məktubunda İddiaçı ##.##.2026- cı il tarixə vergi orqanında olan baza məlumatlarına əsasən vergi ödəyicisi kimi qeydiyyata alınması müəyyən olunmadığı qeyd olunmuşdur. -Maliyyə Nazirliyi yanında X7 *-**-*/*-***/**** saylı, ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, sorğuya əlavə olunmuş ödəniş qəbzi ilə bağlı bildirilir ki, qəbzdə qeyd olunan rekvizitlərin Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə aid olduğu və həmin rekvizitlərin düzgün yazıldığı müəyyən edilmişdir.İddiaçı adından 14,50 manat məbləğində vəsaitin dövlət xəzinədarlığına mədaxili müəyyən edilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. -22-1.1-ci maddəsinə əsasən, 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq 25 il olaraq hesablanır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı şaxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); sığortaolunana onun müraciətinə əsasən fərdi səxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi səxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2). Şərh olunan normalardan göründüyü kimi mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq hüquqları olduğu kimi, dövlət orqanın da sığortaedən və şığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsi, onların etibarlı saxlanması və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi səxşi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək vəzifəsi var. Hazırki halda cavabdeh inzibati orqan iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaması əsası ilə pensiya təyinatından imtina etməsi fonunda inzibati orqanın özünün də vəzifələrini düzgün icra etməməsi görünür. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə görə ödəmiş olduğu sosial sığorta haqlarının elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması onun təqsiri ilə bağlı olmayan hal kimi qəbul edilir və pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi nəzərdə tutulmur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-430/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-430/2026
09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver