Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-437/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Salyan Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı iddiaçı2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 C (Yeni qaydalarla: AZ 5200, ünvan 4) ünvanında yerləşən 0.0276 ha torpaq sahəsi və ümumi sahəsi 220 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçı2 mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 (köhnə ünvan) ünvanında yerləşən 0.0272 ha torpaq sahəsi üzərində iddiaçı1 oğlunun mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Salyan Rayon Salyan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli *** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Salyan şəhəri üzrə zibil qutularının yerləşdirilməsi, zibillərin daşınması və onlara nəzarət” Salyan Mənzil-İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ünvan 3 ünvanlarının yaxınlığında yerləşən zibil qutusunun götürülməsi və həmin əraziyə bir daha yerləşdirilməməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, ünvan 2 ünvanında yerləşən evlərində ailə üzvləri ilə birlikdə yaşayırlar. Yaşadıqları evlərin çox yaxınlığında 5-6 metr məsafəsində zibil qutuları yerləşdirilmişdir. Həmin zibil qutuları Salyan Rayon İcra Hakimiyyəti Mənzil-kommunal istismar idarəsi tərəfindən yerləşdirilmişdir. Bununla bağlı dəfələrlə Salyan Rayon İcra Hakimiyyəti Mənzil-kommunal istismar idarəsinə və Salyan Rayon İcra Hakimiyyəti başçısının Salyan rayon inzibati ərazi nümayəndəliyinə müraciətlər etsələr də, heç bir nəticəsi olmamışdır. Zibil qutularının evlərinə bu qədər yaxın yerləşdirilməsi orada yaşayan şəxslərin həyat və sağlamlığına çox ciddi təhlükə yaradır və bunun da ağır nəticələri labüddür. Zibil qutularının yerləşdirilməsi ilə bağlı qanunvericilik aktlarında müəyyən şərtlər göstərilmişdir ki, həmin şərtlər cavabdeh tərəfindən pozulmuşdur. Cavabdehin etirazları: İddaya münasibət bildirilməmişdir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı (hakim Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq, işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı iddiaçı1 və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı iddiaçı2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların tələb üzrə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçılar yaşadıqları fərdi yaşayış evlərinə yaxın məsafədə zibil qutusunun yerləşdirilməsinin onların və ailə üzvlərinin normal yaşamalarına pis təsir etmələrini və sağlamlıqlarına zərər vurulmasını bildirirlər. Bu səbəbdən zibil qutusunun mübahisəli ərazidən götürlüməsini tələb edirlər. İş materiallarında olan fotoşəkildən (səh 43) iddiaçının fərdi yaşayı evi ilə zibil qutusunun arasında bir neçə metr məsafə olması görünür. Tələb hüququ qanundan irəli gəlir. İddiaçıların belə bir tələb üzrə subyektiv hüququnun olması üçün həmin zibil qutusunun məhz onların mülkiyyətlərində olan torpaq sahəsinə qoyulması zəruri deyil. İşə yenidən baxılarkən məhkəmə iş üzrə cavabdeh orqan ilə bağlı da araşdırma aparmalı, əgər bununla bağlı fərqli məsələ ortaya çıxarsa, iddiaçılara hüquqi yardım etməli və yaranmış vəziyyətə uyğun davranaraq, müvafiq məhkəmə aktı qəbul etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-437/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-437/2026
16.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver