Məhkəmə qərarları › İş №2-1(3-9)-44/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-44/2026

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-44/2026 05.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X13, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(120)-3218/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 75VNZN10008 nömrəli qərarının ləğv olunması və həmin tarixdən X1 ümumi xəstəlik səbəbi ilə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 uzun müddətdir ki, xəstədir. Onun 11 yaşı var. X1 “Yüngül dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə. İQ=55%” xəstəliyi üzrə əsas diaqnoz qoyulmuşdur. Digər tərəfdən X5nun, “Nitq qüsuru”, “epilepsiya nəticəsində şəxsiyyət dəyişkənliyi” diaqnozları ilə təyin edilmiş yanaşı xəstəlikləri də mövcuddur. X5, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında və Saatlı rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və müalicə kursları keçib. Ailənin maddi vəziyyəti çox ağırdır. Övladı Uğuru müalicə etdirməyə maddi imkanları yoxdur. X5 ağır xəstədir. O, özünü idarə edə bilmir. X1 qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Sözügedən göndərişə əsasən, ƏƏSMN-nin tabeliyində DTSE və RA-nın həkimləri tərəfindən övladı Uğura, əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi “diaqnozun əlillik əlaməti təyin etmədiyi” göstərilmişdir. Qeyd edir ki, övladı Uğur mütəmadi olaraq müalicə alır. Onun səhhəti günü-gündən ağırlaşır, artıq müalicəyə tabe olmur və həmçinin onun səhhətində heç bir irəliləyiş yoxdur. Övladı Uğurun qeydiyyatda olduğu səhiyyə müəssisəsində xəstəlikləri barədə bütün sənədlər və məlumatlar var. TSERAS-a göndərişdə (forma 88) xəstəlikləri barədə və müalicə olduğu illər barədə məlumat verilsə də, hansı səbəbdən övladı Uğura əlillik dərəcəsinin təyin edilməməsi müəmmalıdır. Hesab edir ki, övladı Uğura Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq əlillik dərəcəsi verilmir və ona qarşı haqsızlıq olur. Müraciətləri heç bir nəticə vermir. Övladı Uğurun hüquqlarının bərpa olunmasını xahiş edir. Cavabdeh tərəfindən bu qanun pozuntusu və süründürməçilik, sözügedən Əsasnamənin tələblərinə ziddir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının oğlunun əlillik vəziyyətinə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Yüngül dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə. İQ=55%. Məzkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.Səbəbi ilə imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(120)-3218/2025 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(120)-3218/2025 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi əsassız olmuş, hər hansı sübuta əsalanmadan sırf iddiaçının sözlərinə əsasən qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yəni, iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Həmçinin, əlillik təyinatı üçün tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (Forma-088) şəxsin diaqnozu ilə bağlı məlumatlarda ziddiyyət və uyğunsuzluqlar aşkar olunduqda, müayinələr əsas diaqnozu təsdiq etmədikdə, şəxsin stasionar və ambulator müalicələri yetərli olmadıqda və yaxud ziddiyyət təşkil etdikdə, göndəriş düzgün tərtib olunmadıqda, natamamdoldurulduqda və s. hallarda həmin göndəriş üzrə məlumatların dəqiqləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması üçün tibb müəssisəsinə geri qaytarılır. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən, şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, X2 uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilməklə göndərişin tərtibi, rəsmiləşdirilməsi və elektron sənəd formasında müvafiq altsistemə daxil edilməsi dövlət tibb müəssisələrinin səlahiyyətlərinə aiddir. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçıda diaqnozun olmasına əsaslanaraq əsassız qərar qəbul etmişdir. Həmçinin bildirmək istəyirik ki, bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 3218/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2- 1(3-9)-44/2026 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Kamran Abdulrəhimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2- 1(120)-3218/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Elçin Mehdiyev apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(120)- 3218/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmiş və izahatında bildirmişdir ki, bacısı oğlu X16 dəfələrlə evdən qaçmış, hətta tək qaldıqda evi yandırıb getmişdir. Saatlı rayonu, Məmmədabad kəndi nümayəndəliyi tərəfindən verilən arayışla Uğur Şıxəlizadənin evdən qaçması öz təsdiqini tapır. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 75VNZN10008 nömrəli qərarının ləğv olunması və həmin tarixdən X11 ümumi xəstəlik səbəbi ilə sağlamlıq imkanları məhdud uşaq kimi əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərək Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 75VNZN10008 nömrəli qərarının ləğv edilməsini və həmin tarixdən X11 ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə bağlı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını qərara almışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaçının övladına əlillik təyinindən diaqnozun təsdiqini tapmaması səbəbi ilə imtina etsə də, şəxsə məxsus göndərişdə qeyd olunan diaqnoz və xəstəliyin hal-hazırda mövcudluğu və anadangəlmə olmaqla ömürlük psixi patologiya hesab olunması mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan əlilliyin qiymətləndirilməsi barədə elektron altsistemdən çıxarışlardan görünür ki, X8 əlillik vəziyyəti: Tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli, V00027669CZD nömrəli (forma 88) göndərişi əsasında əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Daha sonra Tibbi müəssisənin xx.xx.2024-cü il tarixli, L00228093UXC nömrəli (forma 88) göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Sonuncu dəfə Tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli, S00236029UPQ nömrəli (forma 88) göndərişi əsasında xx.xx.2024-cü il tarixdə əlillik qiymətləndirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 75VNZN10008 nömrəli qərarı ilə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X8 əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında U.Şıxalızadə xx.xx.2025-ci il tarixində 1Q nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının ekspert-həkimi tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X21-Sosial Ekspert Komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq oiaraq, əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, xx.xx.2024-cü il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının müxtəlif tarixli rəylərində X12 “F07.8- MSS-nin üzvi xəstəliyi (epilepsiya) nəticəsində şəxsiyyətin dəyişkənliyi və F07.1- intellektin yüngül geriləməsi qulluq və müalicə tələbi ilə, F80.0- nitq qüsuru” diaqnozu təyin edilmişdir. Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktunda qeyd edilmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü X3 RMX-nın müvafiq göndərişlərinə əsasən xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə Salyan Rayonlararası Psixiatriya X14 Komissiyasında müayinədən keçmiş və ona “MSS-nin üzvi xəstəliyi (epilepsiya xəstəliyi) nəticəsində davranış pozuntuları, yüngül dərəcəli əqli gerilik, nitq qüsuru” diaqnozları təyin edilmiş və tibbi rəylər təqdim edilmişdir. Əlilliyin təyini ilə bağlı X9 tibbi sənədlər (anketi) sonuncu dəfə Saatlı RMX-nın HMK tərəfindən eyni diaqnozlarla protokollaşdırılaraq Salyan RPX HMK-ya təqdim edilmişdir. Təqdim edilən sənədlərə əsasən, xx.xx.2024-cü ildə əlilliyin təyin edilməsilə bağlı xəstənin adına S00236029UPQ nömrəli elektron göndəriş (Forma-88) tərtib edilərək TSEK-in elektron altsisteminə yerləşdirilmişdir. Qeyd edilən göndərişə “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbli imtina verilmişdir. Sonuncu tarixdən sonra uşağın əlillik təyini ilə bağlı müraciəti qeydə alınmamışdır. İş materiallarında olan Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X27 xx.xx.2025-ci il tarixli, 3370 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2025 -ci il tarixdə həkimpsixiatr Cəmilə Musayeva tərəfindən müayinə olunub və tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova məruzə edilib. “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F70.1 (RPX-nın xx.xx.2025 tarixli epikrizinə əsasən)” diaqnozu təyin edilmişdir. İş materiallarında olan Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024cü il tarixli, S00236029UPQ nömrəli göndərişi əsasında X12 əsas diaqnoz “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, DZ: F70.1 Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, İQ=55%” kimi müəyyən edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020- ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirilir ki, U.Şıxalızadəyə dair ilkin olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Saatlı Mərkəzi Rayon Xəstəxanası tərəfindən V00027669CZD nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə şəxsin əlillik vəziyyəti Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının L00228093UXC və S00236029UPQ nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində elektron qiymətləndirilmiş və hər iki halda natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Qiymətləndirmə nəticələrindən narazı vətəndaş müraciət əsasında xx.xx.2025-ci il tarixində 19 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının ekspert-həkimi tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X21- Sosial Ekspert Komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X27 xx.xx.2025-ci il tarixli, 2568 nömrəli rəyində qeyd edilmişdir ki, X10 Yüngül kəmağıllıq, kəskin nəzərə çarpan, ciddi davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F70) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik (məlumatlara görə irsiyyəti ağırlaşması, belə ki, yoxlanılan şəxsin dayısı, iki dayısı qızı və iki dayısı oğlu ruhi xəstəlikdən əziyyət çəkməsi, yoxlanılan şəxs doğuş travmasirasfiksiya ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, gec gəzməyə və danışmağa başlaması, nitqində kasadlıq müşahidə edilməsi, körpəlikdən dövründə ara-sıra qıcolma tutmaları biruzə vermiş, sonradan qıcolmaların müşahidə edilməməsi, davranış pozuntuları ilə əlaqədar müxtəlif psixiatrik xəstəxanalarda müalicələrdə olması, xx.xx.2025-ci il tarixdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında həkim məsləhət komissiyası tərəfindən müayinə olunaraq onda “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə” diaqnozunun müəyyən edilməsi, həmçinin Bakı şəhər 2 saylı X7 müalicədə olması, Saatlı Rayon Mərkəzi Xəstəxanasında dəfələrlə stasionar müalicələrdə olması, sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları” diaqnozu ilə stasionar müalicədə olması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, əqli inkişafdan geri qalması səbəbi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, əsəbiliyi, səbəbsiz qışqırması, narahatlığı, evdən qaçması, yersiz hərəkətlərə yol verməsi, əşyaları yandırması, bir yerdə qərar tutmaması, fizioloji ifrazatları ilə natəmiz olması, davranış pozuntuları və narahatlığı ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Beləliklə, X10 Yüngül kəmağıllıq, kəskin nəzərə çarpan, ciddi davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F70) müəyyən edilir və onun barəsində müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (forma 88) qeyd edilən xəstəlik hazırki əyani müayinə zamanı öz təsdiqini tapır. Qeyd edilməlidir ki, X10 aşkar edilən kəmağılılıq anadangəlmə olmaqla ömürlük psixi patologiya hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X11 xx.xx.2024-cü il tarixdə “F70.1. Yüngül dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə. İQ=55%.” diaqnozu qoyulmuş, göndərişin natamam doldurulması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. Sonuncu dəfə Şıxalızadə Uğurun əlillik vəziyyəti xx.xx.2024-cü il tarixdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının S00236029UPQ nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş, əvvəlki qərarla eyni diaqnoz qoyulmuş, bu dəfə də əlillik təyin edilməsindən imtina edilmiş, imtina səbəbi kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.2. bəndində göstərilən Əqli gerilik (F70-F73) mövcud olduqda əlilliyin qiymətləndirilməsi xəstəyə qoyulmuş diaqnozlardan asılı olaraq Əlavənin müvafiq bəndinə əsasən aparılır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edilir ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən "F70.1-Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Yüngül dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, İQ=55%.” diaqnozu xx.xx.2024-cü il tarixdə əlilliyin təyini ilə bağlı S00236029UPQ №-li göndərişlə (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. xx.xx.2024-cü il tarixli qərarda diaqnozun mətni “Yüngül dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, İQ=55%”, imtina səbəbi kimi “Diaqnoz əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. İddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi (məhkəmə-psixiatriya) ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Mərkəz tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 2568 nömrəli rəydə qeyd edilmişdir ki, X10 Yüngül kəmağıllıq, kəskin nəzərə çarpan, ciddi davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F70) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik (məlumatlara görə irsiyyəti ağırlaşması, belə ki, yoxlanılan şəxsin dayısı, iki dayısı qızı və iki dayısı oğlu ruhi xəstəlikdən əziyyət çəkməsi, yoxlanılan şəxs doğuş travmasirasfiksiya ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, gec gəzməyə və danışmağa başlaması, nitqində kasadlıq müşahidə edilməsi, körpəlikdən dövründə ara-sıra qıcolma tutmaları biruzə vermiş, sonradan qıcolmaların müşahidə edilməməsi, davranış pozuntuları ilə əlaqədar müxtəlif psixiatrik xəstəxanalarda müalicələrdə olması, xx.xx.2025-ci il tarixdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında həkim məsləhət komissiyası tərəfindən müayinə olunaraq onda “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə” diaqnozunun müəyyən edilməsi, həmçinin Bakı şəhər 2 saylı X7 müalicədə olması, Saatlı Rayon Mərkəzi Xəstəxanasında dəfələrlə stasionar müalicələrdə olması, sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları” diaqnozu ilə stasionar müalicədə olması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, əqli inkişafdan geri qalması səbəbi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, əsəbiliyi, səbəbsiz qışqırması, narahatlığı, evdən qaçması, yersiz hərəkətlərə yol verməsi, əşyaları yandırması, bir yerdə qərar tutmaması, fizioloji ifrazatları ilə natəmiz olması, davranış pozuntuları və narahatlığı ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Beləliklə, X10 Yüngül kəmağıllıq, kəskin nəzərə çarpan, ciddi davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F70) müəyyən edilir və onun barəsində müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (forma 88) qeyd edilən xəstəlik hazırki əyani müayinə zamanı öz təsdiqini tapır. Qeyd edilməlidir ki, X10 aşkar edilən kəmağılılıq anadangəlmə olmaqla ömürlük psixi patologiya hesab olunur. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən diaqnoz X8 iş materiallarında adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində və digər tibbi sənədlərdə olan əsas diaqnoz ilə eynilik təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X8 xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.2.1. bəndində göstərilən “Yüngül dərəcəli əqli gerilik İQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri” (F70.1) xəstəliyinə uyğundur və həmin bəndə müvafiq olaraq X11 orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə bağlı müddətsiz əlillik təyin edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(120)-3218/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar