Məhkəmə qərarları › İş №2-1(3-9)-45/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-45/2026

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-45/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *******0002 nömrəli qərarının ləğv olunması və ona həmin tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə xxxx PHŞ üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs2üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etməmiş və qeyd etmişdir ki, ididaçıya əlillik təyin edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərək xəsarət almışdır. Bildirir ki, evlidir, iki övladı var. Işləmir. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Barotravma, kəllə beyin travması” xəsarətini almış (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi, 06.2021-ci il tarixli, **** nömrəli travma haqqında arayışı), N nömrəli hərbi hissədə stasionar müalicədə olmuşdur. ##.##.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyyata tərxis olunmuşdur. ##.##.2022-ci il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinədə olmuşdur. ##.##.2022- ##.##.2022-ci il tarixədək SN xxxxnda “Üzvi (barotravma), kəllə-beyin travması) emosional labil pozuntu. Posttravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. ##.##.2022-ci il tarixdə xxxxnin direktoru, Bakı Şəhər Baş Səhiyyə idarəsinin Baş psixiatrı, X3, professor Fuad Ismayılov tərəfindən müayinə olunmuş, “Üzvi emosional-labil pozuntu F06.6. Posttravmatik stress pozuntusu F 43.1” diaqnozu təyin edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi tərəfindən komissiyaya göndərilmişdir. MN BKH-nin nevroloqu ilə konsultasiya olunmuşdur. Aparılmış müalicələr və müddətlər: ##.##.2022-##.##.2022 tarixində * nömrəli xxxx müayinədə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: Dəri və dərialtı toxumalar - Dərialtı piy qatı normal inkişaf etməmişdir. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir.; Limfa vəziləri - Periferik limfa vəziləri böyüməmişdir.; Tənəffüs sistemi - Perkussiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir.; Ürək, qan-damar sistemi - Nəbzi ritmik, dəqiqədə sayı 72 vurğudur, A/T 120/70 mm.cv.st. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxilindədir. Ürək tonları aydındır.; Həzm sistemi - Dili nəm, təmizdir. Palpasiya zamanı qarnı yumşaq, ağrısızdır.; Sidik və cinsiyyət sistemi - Bel nahiyəsində döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Fizioloji aktlar sərbəstdir.; Digər - düzgün bədən quruluşludur. Ona əlillik dərəcəsinin təyinin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin cavabdeh orqan əlillik dərəcəsinin təyin edilməsindən imtina edərək bildirmişdir ki, diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Hesab edir ki, cavabdeh orqan açıq-aşkar ölkə üzrə xəstə və əlil olmuş vətəndaşların-məqsədyönlü şəkildə konstitutsiyada və beynəlxalq qanunlarda təsbit edilmiş və qorunan hüquqlarını pozmaqla məşğuldur. Ona görə də o, Konstitusiyada təsbit edilmiş sosial təminat hüququnun təmin olunması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, Agentliyin tibbisosial ekspert komissiyası ##.##.2022-ci il tarixdə 14 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 5) Beyləqan rayon sakini ##.##.1989-cu il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli, **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı kəllə beyin travması (##.##.2020) baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlıqı şəklində qalıq əlamətləri. Sol baldırın ön səthinin bərkimiş dəri çapıqları” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2022-##.##.2022-ci il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (barotravma kəllə-beyin travması) emosional-labil pozuntu. Posttravmatik stress pozuntusu.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnin PHŞ ##.##.2022-ci il tarixli, **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi emosional-labil pozuntu. Posttravmatik stress pozuntusu.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, tənəffüsün çətinliyindən, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından şikayətlənmişdir. Ünsiyyət əsnasında suallara sakit cavab vermiş, hadisələri danışmış, əhvalı enmiş, emosional labillik və astenik-qıcıqlı əlamətlər qeyd olunmuşdur. Bələdliyi bütün növlər üzrə saxlanılmış, intellekti sosial mühitə, aldığı təhsilə müvafiq olmuş, məhdud sosial həyat keçirməsi məlum olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq iddianın mümkünsüz hesab olunması barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmə ekspert rəyinə əsaslanaraq vətəndaşın xeyrinə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki ekspert heç bir insturmental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin ekspert rəyində qeyd edilən “mülayim dərəcədə ifadə olunmuş üzvi emosioanal-labil(astenik) pozuntu diaqnozlu psixi pozuntunun olması şəxsə əlillik təyin edilməsi üçün kifayət deyildir. Bundan əlavə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: - Iddiaçıya dair Əlillik altsistemindən çıxarışlardan müəyyən olunur ki: Ağdam RƏD-in ##.##.2022-ci il tarixli göndərişi əsasında əlillik vəziyyəti Komissiya tərəfindən ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə, Ağdam RƏD-in L********YGF nömrəli, ##.##.2023-cü il tarixli göndərişi əsasında əlillik vəziyyəti qiymətləndirilmiş və Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *******0002 nömrəli qərarı ilə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə, Komissiyanın ##.##.2024-cü il tarixli, *******0003 nömrəli qərarı ilə diaqnozun öz əksini tapmaması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Ağdam RƏD-in L********YGF nömrəli, ##.##.2023-cü il tarixli göndərişi (Forma 88) əsasında iddiaçıya Əsas diaqnoz- F43.1- Posstravmatik stress pozuntusu, ağırlaşması- F06.3- Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) affektiv pozuntu, intihar cəhdləri ilə müəyyən edilmişdir. - ##.##.2022-ci il tarixli, **** nömrəli X13 görünür ki, İddiaçı diaqnozu “mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı kəllə beyin travması (##.##.2020) baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı şəklində qalıq əlamətləri. Sol baldırın ön səthinin bərkimiş dəri çapıqları.” Və “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. - Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2022-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı ##.##.2022-ci il tarixdə X3, professor Fuad Ismayılov tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi emosional - labil pozuntu F06.6, Posttravmatik stress pozuntusu F43.1 - Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2023-cü il tarixli, *** nömrəli Həkim Psixiatr Komissiyasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*- *-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı xxxxnin ##.##.2023-cü il bildirişinə əsasən xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması) affektiv pozuntu, intihar cəhdləri ilə F.06.3 - ##.##.2021-ci il tarixli Travma haqqında arayışda qeyd edilmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində “Balotravma kəlləbeyin travması” diaqnozu ilə xəsarət almışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X14-sosial ekspert komissiyasının *-**-*/*-*-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X14-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) ##.##.2023-cü il tarixdə aşağıda adı göstərilən 21 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 11) Beyləqan rayon sakini ##.##.1989-cu il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı kəllə-beyin travması (##.##.2020) başbeyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı şəklində qalıq əlamətləri. Sol baldırın ön səthinin bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx PHŞ-nin ##.##.2023-##.##.2023-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması) affektiv pozuntu, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, tənəffüsün çətinliyindən, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, verilən suallara əsəbi cavab vermiş, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional labillik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Intihar cəhdini dərmandan sui istifadə ilə əlaqələndirsə də, tibbi sənədlərlə öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - "xxxx” X2 üçüncü şəxs1 X2 məhkəməyə ünvanladığı ## ###### 2023-cü il tarixli, PHŞ-*-**/*- ***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) affektiv pozuntu, intihar cəhdləri ilə. Posttavmatik stress pozuntusu” diaqnozu ilə üçüncü şəxs1 X2 HMK-ya müraciət etmiş, (Bildiriş N L00100517Y6F) tibbi sənədləri Tibbi Sosial Ekspert Komissiyasının reysterinə daxil edilmişdir. İddiaçı ##.##.2023-üi il TSEK-dən imtina gələrək “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Bu müraciətdən sonra İddiaçı üçüncü şəxs1 X2 HMK-ya heç bir müraciət etməmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X1 Xəstəlikləri Dispanserinin L********YGF nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X14-sosial ekspert komissiyasının *-**-*/*-*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X14sosial ekspert komissiyası (bundan sonra - Komissiya) aşağıda adı göstərilən 4 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 3) Beyləqan rayon sakini ##.##.1989-cu il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına əsasən, İddiaçı *-**-*/*-****/**** nömrəli məktub əsasında ##.##.2024-cü il tarixində əyani müayinə məqsədilə Agentliyə dəvət edilmişdir. Araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı kəllə-beyin travması (##.##.2020), başbeyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı şəklində qalıq əlamətləri. Sol baldırın ön səthinin bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx PHŞ-nin ##.##.2024-##.##.2024-cü il tarixli, ********/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, tənəffüsün çətinliyindən, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından şikayətlənmişdir. Müayinə zamanı əsəbiliyi heç bir situasiya ilə əlaqələndirə bilməmişdir. Emosional-iradi stabil olmuş, affektdə dalğalanmalar müşahidə edilməmişdir. Anamnezində Tramadolun sui-istifadəsi nəticəsində (təyinat üçün əsas olmadığı halda) intihar davranışı olduğunu (çox sayda dərman içdiyini iddia etmiş, lakin heç bir tibbi yardım göstərilməmişdir) iddia edilmişdir. Dərmanlarını müalicə məqsədi ilə deyil, sadəcə əsəbilik dövründə içdiyini bildirmişdir. Düşüncəsi aydın, təfəkkürü adekvat olmuş, bələdliyi və tənqidi qorunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-davamsız pozuntu, davamlı kompensasiya vəziyyəti’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez- tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. - Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2025-ci il tarixli, T**/**** nömrəli rəyində qeyd edilmişdir ki, 1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən onun adına Beyləqan mərkəzi rayon xəstəxanasında tərtib edilmiş ##.##.2023-cü il tarixli çıxarışdan görünür ki, o, XBT 10 kodu ilə qeyd edilmiş “F06.3-Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış QKBT) affektiv pozuntu, intihar cəhdləri; F43.1 - posttravmatik stress pozuntusu; S06.0baş beyin silkələnməsi” diaqnozu ilə sahə psixiatrında qeydiyyatdadır və təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edir. Diaqnoz nəzərə alınmaqla şəxsin DTSERA-da ##.##.2024-cü il tarixdə obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından başgicəllənmədən, tənəffüsün çətinliyindən, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından şikayətlənmiş, əsəbiliyi, heç bir situasiya ilə əlaqələndirə bilməmiş, emosional-iradi stabil olmuş, affektdə dalğalanmalar müşahidə edilməmiş, dərmanlarını müalicə məqsədi ilə deyil, sadəcə əsəbilik dövründə içdiyini bildirmiş, düşüncəsi aydın, təfəkkürü adekvat olmuş, bələdliyi və tənqidi qorunmuş, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-davamsız pozuntu, davamlı kompensasiya vəziyyəti” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Diaqnozlar ona stasionarda müayinə və müalicədə olarkən anamnestik, psixi status, diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, TSEK-də şəxsin müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hərhansı bir qeydiyyat aparılmamışdır. Xəstəliklərin XBT 10 kodu ilə göstərilməsi müvafiq ixtisas sahəsi həkimlərinin səlahiyyətlərinə aiddir. Iş materiallarında tibb müəssisəsinin verdiyi Forma 88 göndərişi olmadığından onun tam ya natamam doldurulması barədə fikir söyləmək mümkün olmamışdır. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, 11 JN^-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. - Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X2 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Mülayim dərəcədə ifadə olunmuş üzvi emosionallabil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10- cu baxışında kodu F06.6) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamenestik məlumatlara görə ##.##.2020-ci il tarixdən könüllü olaraq II Qarabağ müharibəsinə iştirak etməsi, hərbi xidmət vəzifələrini yerinə yetirərkən ##.##.2020-ci il tarixdə minamyot partlaması nəticəsində huşunu itirməklə barotravma alması, N nömrəli hərbi hissədə stasionar müalicədə olması, ##.##.2020-ci il tarixdə hərbi xidmətdən təxris edilnəsi, MN BKH-da şəhadətləndirilərək “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı-kəllə beyin (##.##.2020) baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı şəkli əlamətləri, Sol baldırın ön səthinin bərkimiş dəri çapıqları” diaqnozu ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. Yararlılıq haqqında “Xəstəliklər cədvəlinin” 14b, 176 maddəsinin II qrafasına və ƏTC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən: sülh dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi, deməsinə görə aldığı barotravmadan sonra onda əsəbilik, hövsələsizlik, baş ağrıları, qıcıqlara qarşı həssaslıq, yaddaş zəifliyi, yuxu pozuntusu, özünü idarə edə bilmədiyini, aşağı ətraflarında keyləşmə olması, təxris edildikdən sonra meydana gəlmiş şikayətləri ilə əlaqədar SN-nın xxxxnda ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək “Üzvi (barotravma) emosional labil pozuntu. Posttravmatik stress pozuntusu” diaqnozu ilə müalicədə olması, ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, ##.##.2022-ci il tarixdə xxxxnin direktoru, Bakı Şəhər Baş Səhiyyə Idarəsinin Baş psixiatrı, X3, professor Fuad Ismayılov tərəfindən müayinə olunaraq onda “Üzvi emosional- labil pozuntu F06.6. Posttravmatik stress pozuntusu F43.1” diaqnozunun müəyyən edilməsi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Posttravmatik stress pozuntusu. Flipertenziv ensefalopatiya. Astenonevrotik hal. Nevrozabənzər sindrom. F07.0, F.48, F.43.1” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Beyləqan RMX-da ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək “Üzvi emosional-labil pozuntu F06.6. Posttravmatik stress pozuntusu F43.1. Baş-beynin silkələnməsi” dianqozu ilə stasionar müalicədə olması, təkrarən Beyləqan RMX-da ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması), affketiv pozuntu, intihar cəhdləri ilə” dianqozu ilə stasionar müalicədə olması, materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Fləkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq onda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması) affektiv pozuntu intihar cəhdləri ilə F.06.3” diaqnozunun müəyyən edilməsi, hazırki müayinə zamanı əsəbilik, hövsələsizlik, baş ağrıları, qıcıqlara qarşı həssaslıq, yaddaşında zəifləmə yaranması, yuxu pozuntusu, aşağı ətraflarında keyləşmə olması, yoxlanılan şəxslə aparılan sorğu-sual gedişatında onda emosional-labilliyi, bir qədər əsəbiliyi nəzərə çarpması və s.) sübut edir. Beləliklə də, İddiaçı hal-hazırda Mülayim dərəcədə ifadə olunmiş üzvi emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Və müəyyən edilən Mülayim dərəcədə ifadə olunmiş üzvi emosional-labil (astenik) pozuntu diaqnozlu psixi pozuntu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı barotravma ilə səbəbli əlaqəli hesab edilir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X9 tərəfindən hazırlanmış 10-cu reviziyanın X16 V bölməsində nəzərdə tutulmuş F06.6 xəstəlik kodunun “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin 7-ci sırasına uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Iş materiallarından göründüyü kimi, iddiaçı barəsində Ağdam RƏD tərəfindən verilmiş L********YGF nömrəli, ##.##.2023-cü il tarixli göndərişdə əsas diaqnoz- F43.1- Posstravmatik stress pozuntusu, ağırlaşması- F06.3- Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) affektiv pozuntu, intihar cəhdləri ilə müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X2 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində isə qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “mülayim dərəcədə ifadə olunmuş üzvi emosionallabil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Kollegiya qeyd edir ki, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdəki XBT kodu ilə ekspert rəyində müəyyən edilmiş XBT kodları fərqli olsa da, nəzərə alınmalıdır ki, hər iki XBT kodu ilə müəyyən edilmiş xəstəliklər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndinə uyğun olan psixi və davranış pozuntularına aiddir. Bundan əlavə, iddiaçı barəsindəki tibbi göndərişdə olan əsas XBT kodu F43.1- Posstravmatik stress pozuntusu Səhiyyə Nazirliyinin “xxxx” PHŞ tərəfindən də müəyyən olunmuşdur. Göründüyü kimi, hazırkı halda XBT kodları arasındakı fərqlər formal xarakater daşıyır. Iddiaçının orqanizmində olan patofunksional pozuntular ekspert rəyi və ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq bəndinə uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, ekspert rəyi və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının övladının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Qeyd olunanlarla yanaşı kollegiya diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın iddiaçıya əlillik təyin edilməsindən imtina etməsinin hüquqi və faktiki əsaslarının müəyyən edilməməsi və imtinanın əsassız olması barədə düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində orqanizmin funksiyalarının pozulma dərəcəsini, əlillik vəziyyətində olmanın müddətini müəyyən etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, hazırki mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndinə uyğun olaraq iddiaçıya orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “HYPERLINK "https://eqanun.az/framework/39591" \o "Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanunu"Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2023-cü il tarixli, *******0002 nömrəli qərarı ləğv edilsin və həmin tarixdən İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar