Məhkəmə qərarları › İş №2-1(3-9)-471/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-471/2026

17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-471/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Salyan Rayonu Xalac Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Salyan Rayonu Xalac Bələdiyyəsinə qarşı “Salyan Rayonu Xalac Bələdiyyəsinə məxsus 0.024 ha torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Salyan rayonu Xalac kəndində yerləşən ümumi sahəsi 184.9 kv.m olan fərdi yaşayış evi və 0.53423 ha torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüququ ##.##.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. X1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş ##.##.2017-ci il tarixli ***-**/**** nömrəli inventar nömrəli texniki pasportdan görünür ki, mülkiyyətdə olan torpaq sahəsinin sənəd üzrə sahəsi 0.53423 ha, faktiki sahə 0.68633 hektardır, 0.1521 ha torpaq zəbti müəyyən olunmuş və texniki pasportda ştrixlə göstərilmişdir. AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 ##.##.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2020-ci il tarixdə 45 nömrə ilə qeydiyyat aparılmışdır. Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, Salyan Rayonu Xalac Bələdiyyəsinin İddiaçı qarşı iddia tələbi qismən təmin edilmiş, İddiaçı tərəfindən zəbt olunmuş bələdiyyə mülkiyyəti hesab olunan 0.024 ha ümumi istifadədə olan torpaq sahəsi, yolun zəbtdən azad olunmuş və həmin sahə Xalac Bələdiyyəsinin sahibliyinə qaytarılmışdır. İddiaçı iddia tələbi ilə cavabdehə ərizə ilə müraciət etmiş, lakin məsələyə münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Salyan Rayonu Xalac Bələdiyyəsinə məxsus 0.024 ha torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Xalac kənd ərazisində yerləşən fərdi yaşayış evi və 0.53423 ha torpaq sahəsi üzərində mərhum atası X1 mülkiyyət hüququ dövlət qeydiyytına alınmış, faktiki istifadədə olan torpaq sahəsi isə 0.6740 hektardır. 2024-cü ildə X3 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, bələdiyyə mülkiyyətinə aid zəbt olunmuş 0.03 ha ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Bu iddia tələbi qismən təmin olunmuş, bələdiyyə mülkiyyəti hesab olunan 0.024 ha ümumi istifadədə olan torpaq sahəsi, yolun zəbtdən azad olunması və həmin sahənin Xalac Bələdiyyəsinin sahibliyinə qaytarılması qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra, ##.##.2025-ci il tarixdə Salyan Rayonu Xalac Bələdiyyəsinə rəsmi məktub ünvanlayaraq onlara məxsus torpaq sahəsinə birləşik, hal-hazırda 1949-cu il tarixdən istifadələrində olan, bələdiyyə mülkiyyəti hesab olunan 0.024 ha torpaq sahəsinin Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ona satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin məktubun ünvanlandığı tarixdən təqribən 1 ay sonra Xalac Bələdiyyə sədri ünvanladığı məktubla əlaqədar onu otağına dəvət etmiş və aralarında xoş və mehriban dialoq olmuş və sədr ona bildirmişdir ki, 80 ildir həmin torpaq sizin istifadənizdədir, onsuz da həmin torpaq mütləq sizə məxsus olmalıdır, satılsa belə sizə satılmalıdır, siz almasaz bundan sonra digər şəxsə satıla bilər. Bələdiyyə sədrinə bildirmişdir ki, bəli 80 ilədək həmin 0.024 ha bələdiyyə mülkiyyəti hesab olunan torpaq onun istifadəsindədir, həmin torpağa birləşik ərazi atası X1 tam mülkiyyət hüququ əsasında ona məxsusdur, atası dünyasını dəyişdikdən sonra bu torpağa birləşik bələdiyyə mülkiyyəti üzrə müəyyən mübahisələr olmuş və həmin mübahisəyə məhkəmə qaydasında baxılaraq hüquqi qiymət verilmişdir. Bütün bunları nəzərə alaraq hal-hazırda 0.024 ha bələdiyyə mülkiyyəti hesab olunan torpaq sahəsini Azərbaycan Respublikasının qanunvericiliyi əsas götürülməklə, prossesual qaydalara riayyət olunaraq ona satılmasını xahiş etmişdir. Bundan sonra, Bələdiyyə sədri şifahi olaraq ona bildirmişdir ki, narahat olma, ünvanlamış olduğun məktuba da rəsmi cavab veriləcək və həmin torpaq 3-5 ay ərzində sizə satılacaqdır. Lakin, məktuba rəsmi cavab verilməmiş və bu barədə hər hansısa fikir bildirilməmişdir. Texniki pasportda bələdiyyə mülkiyyəti olan torpaq sahəsinin mülkiyyətdə olan torpaq sahəsinə bitişik olduğu, ondan istifadə etdikləri (həyatyanı sahəyə giriş-çıxış qapı, dam və digər qurğular inşa olunduğu) cizgilərlərdə əksini tapır. Torpaq sahələri vahid şəkildə fərdi yaşayış evi və mülkiyyətdə olan torpaq sahəsi ilə birgə hasar daxilində yerləşməklə 80 ilə yaxındır ki, istifadələrindədir. Cavabdehin etirazları: İddiaya münasibət bildirilməmişdir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı (hakim Rəşad Nuriyev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddiaya mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadının ləğv edilərək, iddiaya mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələb üzrə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qəbul edilən məhkəmə aktı üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin araşdırılması ilə müəyyən edildi ki, iddiaçı mübahisəli torpaq sahəsinin 80 ilə yaxın müddətdə onların (babasının, atasının və hazırda onun) faktiki istifadələrində olmalarına, torpaq sahəsində tikili inşa etmələrinə, əkdikləri ağacların həmin sahədə yerləşmələrinə, torpaq sahəsinin fərdi yaşayış evinə gedən yeganə yol olmasına, mülkiyyətdə olan torpaq sahəsi ilə birgə bir çəpər daxilində vahid əmlak şəklində yerləşməsinə, texniki pasportda da sahənin əksini tapmasına əsaslanaraq hazırki iddia ilə çıxış etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3 və 16.4-cü maddələri qeyri-qanuni istifadə edilən torpaq sahələrinin şəxslərə verilməsi məsələlərini tənzimləyir. İşin halları onu deməyə əsas verir ki, işə tələb üzrə subyektiv hüququn olmaması kimi yanaşılmamalı, mahiyyəti üzrə baxılaraq qiymət verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar