Məhkəmə qərarları › İş №2-1(3-9)-51/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-51/2026

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(3-9)-51/2026 11.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Savalanlı Aysel Əbdül qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “ona məxsus fərdi yaşayış evinin sökülməsi ilə bağlı iddiaçıya 150.000 (yüz əlli min) manat olmaqla kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1235/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “ona məxsus fərdi yaşayış evinin sökülməsi ilə bağlı iddiaçıya 150.000 (yüz əlli min) manat olmaqla kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3891/2024 nömrəli qərardadına əsasən Masallı rayonu Qəriblər bələdiyyəsinin cavabdeh qismində tanınması, iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) xx.xx.2025-ci il tarixli, 2-1(120)- 1235/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqısatqı müqavilələri əsasında İddiaçı satılmışdır. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-258/2024 nömrəli qərarı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 121/2023 nömrəli qətnaməsinin ləğv edildiyi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərildiyi, iddiaçının qeyd edilən iddianı qaldırmaqda subyektiv hüququnun yaranması üçün yekun qüvvədə olan məhkəmə qərarınında olmadığı müəyyən edilir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında müxtəlif ölçülərdə X1. Həmin şəxslərin almış olduqları torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafq çıxarışlar verilmişdir. Torpaq sahələri üzərində hüquqları Dövlət qeydiyyatına alınandan sonra isə təyinatına uyğun üzərində fərdi yaşayış evləri inşa olunmuşdur. X2 və X8 iddiaçı qismində Masallı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Masallı rayon Qəriblər bələdiyyəsinə, X21 Xidmət Mərkəzinə və DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər X12, X9, X10 və X3 qarşı AN-İN ******* və AN-İN ******* saylı, 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılması tələb etmişdirlər. İddiaçıların müraciətləri üzrə Masallı Rayon Məhkəməsi tərəfindən iddia təmin olunmasa da, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(106)-145/221 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri təmin edilərək alqı-satqı müqaviləsinin və onun əsında verilmiş çıxarışların ləğv edilməsini qət etmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-6301/2021 saylı qərarı ilə apellyasiya məhkəməsinin sözügedən qərarı qüvvədə saxlanmışdır. Daha sonra iddiaçılar X6 və X8 cavabdehlər X7, X4 və X5, üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0.60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, tikilmiş fərdi yaşayış evlərinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsa da Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır və 2(106)-749/2024 iş nömrəsi ilə icraatındadır. İddiaçıların iddia tələbləri təmin olunacağı təqdirdə Masallı rayon Qəriblər Bələdiyyəsi tərəfindən cavabdehlərin uğradıqları maddi zərər üzrə kompensasiya mütləq şəkildə ödənilməlidir. Qəriblər kəndi ərazisində yerləşən həmin torpaq sahəsi əvvəllər stadion tipli idman meydançası olsa da sonradan Masallı rayon Qəriblər Bələdiyyəsinin qərarı ilə həmin torpağın təyinatı dəyişdirilərək yaşayış məntəqələri torpaq sahəsinə aid edilmişdir. Belə ki, Memarlıq və Tikinti şöbəsinin 05 mart 2018-ci il tarixli rəyinə əsasən həmin torpaq sahəsinin yaşayış kateqoriyalı torpaq sahəsi hesab edildiyi açıq şəkildə görünür. Eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı, torpaq sahəsinin kadastr göstəriciləri, eyni zamanda 24 avqust 2017-ci il tarixli 519 saylı rəyə əsasən torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid hesab edildiyini bildirirmişdirlər. Əhalinin ümumi istifadəsi üçün yeni stadion başqa ərazidə yenidən inşa edilmişdir. Belə ki, Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin 05 iyun 2007-ci il tarixli rəyindən görünür ki, Qəriblər kəndində futbolun inkişaf etdirilməsi məqsədi ilə futbol idman meydançası üçün torpaqsahəsi kəndin şimalında yerləşir. Bu səbəblə həmin torpaq sahəsini alarkən bu sənədlərlə tanış olan və bələdiyyənin qərarına etimad edən cavabdehlərdə torpaq sahəsinin təyinatına münasibətdə hər hansı bir şübhə yarana bilməzdir. Eləcə də dövlətin mərkəzi hakimiyyət orqanlarından hesab olunan DƏDRX-nin 8 saylı Ərazi İdarəsi də alıcıların torpaq üzərində olan mülkiyyət hüququnu tanımışdır ki, bu da sözügedən alğı-satqı müqaviləsi üzrə verilmiş çıxarışlarla öz təsdiqini tapır. Belə ki, Daşınmaz əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, 12 mart 2018-ci il tarixli, **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Masallı rayonu Qəriblər bələdiyyəsinin mükliyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqı-satqı qaydasında İddiaçıəli oğlunun xüsusi mülkiyyətinə verilmişdir. İnzibati icraat haqqında qanunun 13-cü maddəsi ilə müəyyən olunmuş “etimad hüququnun qorunması” prinsipinə əsaslanaraq bildirirlər ki, indiki halda bələdiyyə tərəfindən satılaraq notariat qaydada təsdiq olunan daşınmaz əmlakın alqı-satqı müqavilələrinə və həmin müqavilələr əsasında aparılmış hüquqların Dövlət qeydiyyatına etimad göstərərək, mübahisəli torpaq sahələrini xüsusi mülkiyyətləri kimi qəbul etmiş və üzərində fərdi yaşayış evləri inşa etmiş şəxslərin hüquqları mütləq şəkildə qorunmalıdır. Həmin tikililər ümumiyyətlə özbaşına tikilmiş və ya yaşanması qadağan olunmuş bir ərazidə tikilmiş olsaydı belə kommunal xidmətlər üzrə xərclər ödənirsə “Torpaqların dövlət ehtiyacaları üçün alınması haqqında” AR Qanununa əsasən həmin şəxslər köçürülərkən əvvəlki şəraitə uyğun yeni yaşayış yeri ilə təmin olunmalıdırlar və ya buna uyğun kompensasiya ödənilməlidir. Hətta bu hallarda belə kompensasiyanın ödənilməsi nəzərdə tutulursa, demə ki, hazırki halda qanuni şəkildə torpağı əldə etmiş, hüquqları dövlət tərəfindən rəsmi şəkildə tanınmış şəxslərin tikdikləri yaşayış evinin sökülməsi və onların həmin ərazidən çıxarılması zamanı bunun müqabilində dövlət tərəfindən mütləq əvəzkompensasiya ödənilməlidir. Torpaqların bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsinə müraciət edilmiş, lakin faktiki olaraq tələbləri təmin edilməmişdir. Belə ki, 8 saylı Cəlilabad Ərazi İdarəsi 27 may 2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, ərizədə göstərilən tələbin icrası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Bununla yanaşı, Masallı rayon İcra Hakimiyyəti Başçısının Aparatının 29 may 2024-cü il tarixli, 5-66/2-V781/2024 saylı məktubunda qeyd etmişdir ki, “X11 və qeyrilərinin mülki iddia ərizəsi əsasında Şirvan Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadı ilə onun adına rəsmiləşdirilmiş 0,06 ha (Çıxarış 1272739) torpaq sahəsində məhkəmənin yekun qətnaməsinə kimi tikili işlərinin aparılması qadağan edilmişdir. Bu məhkəmə Qərardadından narazı qalan iddiaçı tərəfinin qanunsuz hərəkətləri barədə mütamadi olaraq Respublikanın Ali, Mərkəzi və Yerli İcra Hakimiyyəti orqanlarına şikayətləriniz hüquqi baxımdan məhkəmənin qərardadının icrasının yerinə yetirlməməsinə təsir göstərə bilməz. Şikayətinizi yuxarı instansiya məhkəməsinə müraciət etməklə iddianızı əsaslandırıb həll edə bilərsiniz”. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, Masallı rayonu, Qəriblər kəndində yerləşən 0,06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ dövlət reyestrində notarial qaydada təsdiq olunmuş 03 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aparılmışdır. Alqı-satqımüqaviləsinin etibarsız hesab edilməsi nəticəsində çıxarışın ləğv edilməsinə görə İddiaçı 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən kompensasiya ödənilməli deyildir. Belə ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)- 145/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi ilə 03 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməmsinin 2(102)-6301/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qərarı ilə də Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-145/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-31/2022 saylı, 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Masallı rayonu, Qəriblər kəndində yerləşən 0,06 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bu da onu göstərir ki, 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış qanunvericiliyin tələbləri pozulmadan verildiyindən, məhkəmə tərəfindən çıxarışın ləğv olunmasına görə 8 saylı Cəlilabad Ərazi İdarəsi məsuliyyət daşımır və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sökülməsinə görə də idarədən kompensasiya tutula bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər (təmsil olunmamışlar). İddiaçı elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6301/2021 nömrəli Qərarının surətindən görünür ki, üçüncü şəxslər X12, İddiaçıəli oğluvə X10 tərəfindən birgə, X12 tərəfindən ayrıca verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. X20 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Göründüyü kimi, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə, qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa, iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. X14 ortaya qoyulan mövqe konkretdir. Konkret halda iddiaçının hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə iddianın qeyd olunan hissəsi hüquqi müdafiəyə ehtiyacdan söhbət gedə bilməz. Hüquqi müdafiəyə ehtiyac yoxdursa, deməli, iddia da mümkünsüzdür. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” İş materiallarından görünür ki, iddiaçı X4 məxsus fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı ona 150.000 (yüz əlli min) AZN olmaqla kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasınını xahiş edir. Kollegiya qeyd edir ki, iddiaçı Masallı rayonu, Qəriblər kəndində yerləşən ona məxsus fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı 150.000 (yüz əlli min) AZN olmaqla kompensasiyanın ödənilməsini tələb etsə də, əmlakın sökülməsinə dair hər hansı sübut iddia ərizəsinə əlavə etməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı hal-hazırda həmin mənzildə yaşayır. Evin sökülməsi ilə bağlı məhkəmə mübahisələri davam etdiyindən hər hansı söküntü işləri həyata keçirilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsinin məntində qeyd edir ki, “iddiaçıların iddia tələbləri təmin olunacağı təqdirdə Masallı rayon Qəriblər Bələdiyyəsi tərəfindən cavabdehlərin uğradıqları maddi zərər üzrə kompensasiya mütləq şəkildə ödənilməlidir”. Bu hal onu deməyə əsas verirki, hazır ki iş üzrə iddiaçı gələcəkdə yaranması ehtimal olunan hüquq mübahisəsi üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçıya məxsus tikili sökülmədiyindən, qeyd edilən torpaq sahəsindən çıxarılmadığından və qeyd edilənlərin əsasını təşkil edəcək qüvvədə olan yekun məhkəmə aktı olmadığından iddiaçının həmin evin sökülməsi ilə kompensasiya ödənilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud olmamışdır. Cavabdeh tərəfindən də iddiaçının hansı hüquqlarının pozulduğu və onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirmədiyi öz təsdiqini tapmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1235/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar