Məhkəmə qərarları › İş №2-1(3-9)-532/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-532/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-532/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə qarşı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən qəbul olunmuş “Tikinti obyektinin sökülməsi barədə” ## ###### 2025-ci il tarixli, 0066 nömrli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş **** nömrəli qərarın qanunsuz hesab edilərək ləğv olunması, qərarın icrasının məhkəmə prosesinin sonuna qədər dayandırılması və obyektin faktiki vəziyyətinin məhkəmə tərəfindən yerində ekspertiza yolu ilə qiymətləndirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən qəbul olunmuş “Tikinti obyektinin sökülməsi barədə” ## ###### 2025-ci il tarixli, 0066 nömrli qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan Inzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzrə subyektiv hüquqlarının pozulduğunu əsaslandıra bilmir və o, öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. Məhkəmə qeyd etmişdir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə, onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ## ###### 2025-ci il tarixdə ona qarşı Tikinti obyektinin sökülməsi barədə **** nömrəli Qərar qəbul edilmişdir. Qərar obyektin sadəcə hasarlanma kimi qiymətləndirilməsi və tikintinin faktiki vəziyyətinin düzgün araşdırılmaması əsasında qəbul olunub. Texniki baxış aktında obyektin yan divarlarının hörülü olduğu rəsmi şəkildə qeyd edilmişdir. Bu, obyektin faktiki tikili olduğunu təsdiqləyir. Qərarın əsaslandırılması obyektin yalnız hasarlama kimi göstərilməsinə söykəndiyindən aktla ziddiyyət təşkil edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Agentliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə ünvanladığı ## ###### 2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubuna əsasən İddiaçı tərəfindən mülkiyyət, istifadə və ya icarə hüququ olmadan “xxxx” ASC-nin istifadəsindəki dövlət mülkiyyətində olan torpaq sahəsində hasarlanma işlərinin aparılması barədə məlumata Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyində baxılmışdır. Həmin müraciət əsasında Sabirabad şəhəri, S.Vurğun küçəsi, “xxxx” ASC-nin ərazisində Agentliyin mütəxəssisləri tərəfindən ## ###### 2025-ci il tarixində keçirilən texniki baxış nəticəsində 20x20m (eni 20 m, uzunluğu 20 m) hasarlanma işlərinin aparılması öz əksini tapmışdır. Bildiririk ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3.1-ci, 79-cu və 80-ci maddələrinə əsasən hər hansı tikinti yalnız öz mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaqlarda aparıla bilər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 95.1.1-ci və 95.2-ci maddələrinə əsasən tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi aidiyyəti icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə tikinti obyektin sökülməsi barədə qərarı Tikintidə X3 Agentliyi qəbul edir. Həmin Qaydalarının 2.1.1-ci bəndinə əsasən tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi aidiyyəti icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İddiaçı mülkiyyət, istifadə və ya icarə hüququ olmayan torpaq sahəsində tikinti işlərini apararaq şəhərsalma və tikinti qanunvericiliyinin tələblərini pozduğuna görə Agentlik tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci maddəsinə əsasən tikinti obyektinin sökülməsi barədə ## ###### 2025-ci il tarixli **** nömrəli Qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etdiklərini bildirdi. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şirvan Ərazi şöbəsinin əməkdaşları tərəfindən Sabirabad şəhəri ərazisində monitorinq aparılan zaman (39T X=284788; Y=******* saylı koordinatlarda) baza məlumatlarına əsasən idarə, müəssisə və təşkilatların istifadəsində olan torpaq sahələri olaraq Sabirabad şəhəri, S.Vurğun küçəsi, “xxxx” ASC-nin ərazisində, dövlət mülkiyyətinə aid, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, inzibati bina altında olan torpaqlar uqodiyalı təqribən 0.04 hektar torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün hasarlanması faktı aşkar edilmiş, araşdırma zamanı qeyd olunan hasarlanma işlərinin Sabirabad şəhər sakini İddiaçı tərəfindən mülkiyyət, istifadə və ya icarə hüququ olmadan aparıldığı müəyyən olunmuş, torpaq qanunvericiliyinin tələbləri ona izah edilmiş, bu barədə aidiyyəti orqanlara məlumat veriləcəyi ona bildirilmiş və bu barədə ## ####### 2025-ci il tarixli Akt tərtib olunmuş, həmin Akt əsasında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ## ###### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə məlumat verilmiş, sonuncu tərəfindən tikinti obyektinin sökülməsi barədə ## ###### 2025-ci il tarixli **** nömrəli Qərar qəbul olunmuşdur. Iddiaçı İddiaçı Sabirabad şəhəri, S.Vurğun küçəsi, “xxxx” ASC-nin ərazisində yerləşən 0.04 hektar torpaq sahəsinin hər hansı hüquqda (mülkiyyət, icarə və istifadə) ona verilməsini (ayrılmasını) təsdiq edən hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə mübahisə predmeti olan qərarın İddiaçı hüquq və qanunla qorunan maraqlarına toxunmasını təsdiq edən sübut mövcud olmadığından, iddiaçı İddiaçı hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir və iddia tələbi mümkün sayılmamalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Kollegiya qeyd edir ki, inzibati hüquq nəzəriyyəsində qəbul edilmiş “mümkünlük nəzəriyyəsinə” görə, iddianın mümkün sayılması üçün iddiaçının subyektiv hüququnun faktiki olaraq pozulduğunun sübuta yetirilməsi tələb olunmur; hüququn pozulması ehtimalının kifayət qədər məntiqli və mümkün olması (ehtimalın mövcudluğu) bunun üçün kifayətdir. Hüququn, həqiqətən, pozulub-pozulmadığı isə yalnız iddianın əsaslılığı mərhələsində yoxlanılmalıdır. Iddiaçı subyektiv hüququnun mütləq şəkildə mövcudluğunu və pozulduğunu ilkin mümkünlük mərhələsində tam sübut etmək məcburiyyətində deyil, bu, işə mahiyyəti üzrə baxılarkən iddianın əsaslılığının yoxlanılması mərhələsində tam olaraq müəyyən edilməli məsələdir. Işin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi qərar - ## ###### 2025-ci il tarixli qərar məhz iddiaçı barəsində qəbul edilmiş, həmin qərara əsasən iddiaçının apardığı tikintinin qanunsuz olması səbəbindən sökülməsi qərara alınmış və söküntü işləri aparılmışdır. Apellyasiya baxışı zamanı da iddiaçı izahatında sözügedən ərazidə tikinti işlərinin onun tərəfindən aparıldığını göstərmişdir. Qəbul edilmiş qərarın iddiaçının maraqlarına toxunduğu mübahisəsiz olduğu halda iddiçının subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar