Məhkəmə qərarları › İş №2-1(3-9)-562/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-562/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-562/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı X3 cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı Üçüncü şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın və çıxarışın ləğv olunması” tələbinə dair Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərardadı qəbul etdi. Işin halları: Iddiaçı X3 cavabdeh cavabdeh3 qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək cavabdeh3 Başçısının ##.##.1993-cü il tarixli *** nömrəli sərəncamında düzəliş edilərək Üçüncü şəxs əvəzinə X1 adının qeyd olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı (Rəşidə Quliyeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş uzun müddət məhkəmə icraatında olmuş, iş üzrə zəruri prosessual hərəkətlər həyata keçirilmiş və sübutlar tədqiq edilmişdir. Iş mahiyyəti üzrə araşdırıldığı halda, hakim dəyişdikdən sonra iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilmişdir. Məhkəmə qərarında iddianın baxılmamış saxlanılmasıüçün qanunla nəzərdə tutulmuş konkret hüquqi əsas göstərilməmiş, qərar kifayət qədər əsaslandırılmamışdır. Halbuki iddianın baxılmamış saxlanılması yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda mümkündür. Belə olan halda, məhkəmənin qəbul etdiyi qərardad qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və iş mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılmalıdır. Qeyd olunanlar nəzərə alınaraq *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçının nümayəndəsi vəkil nümayəndə2 oğlu tərəfindən elektron kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə iddianın geri götürülməsi barədə elektron ərizə göndərmişdir. Üçüncü şəxs məhkəməyə iştirakı olmadan işə baxılması barədə ##.##.2026-cı il tarixli ərizə göndərmişdir. Cavabdehin nümayəndəsi icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Iş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də iddiaçı,digər cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Maddə 55.4. Iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Iş materiallarında olan iddiaçının nümayəndəsi vəkil nümayəndə2 oğlu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, iddiaçı iddia tələbindən imtina etməsini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara səbəblərə görə ərizə təmin olunmalıdır. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsaslanaraq qeyd edir ki, “məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır”. Həmin məcəllənin 55.3-cü maddəsinə əsasən “məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir”. Həmin məcəllənin 55.5-ci maddəsinə əsasən “iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz”. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə IPM-in 55.3cü və 55.5-ci maddələrinin məqsədlərini - iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Bununla yanaşı, iddiaçıya izah edilir ki, Inzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən “iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir”. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.5, 96, 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı tərəfindən verilmiş iddiadan imtina edilməsinə dair ərizə təmin edilir. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilir. Iddia üzrə icraata xitam verilir. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar