Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-58/2026 18.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(120)-2272/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən orqanizmin funksiyalarının pozulması 61- 80 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 20 noyabr 2025-ci il tarixli, 2- 1(120)-2272/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X5 xx.xx.2025-ci il tarixli ambulator kitabçasından çıxarışdan görünür ki, “İ45.8 Bronxial astma. Qarışıq forma. Ağır gedişli. Hormondan aslı. Nəzarət olunmayan, kəskinləşmə mərhələsi” diaqnozu; “J96.1. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu diaqnozları qeyd edilmişdir. İddiaçının xəstəlik diaqnozu ilk əlillik təyinatı tarixindən dəyişməmiş, həmin dövr ərzində əlilliyin təyin olunmasını istisna edən hər hansı yüngülləşmə müəyyən olunmamışdır. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin mütəxəssis rəyi ilə inkar edilməmişdir. İddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “1. Tənəffüs sistemi orqanlarının xəstəlikləri bölməsi”: Sıra №-si 1.1.1 tənəffüs sistemi orqanlarının digər xəstəlikləri-J95-J99, 1.1.1.2.təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə; 1.1.2.astma-J45-1.1.2.2. ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİ-İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə” bəndləri tətbiq edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 1988-ci il tarixdə ona 3-cü dərəcəli əlilliyə görə pensiya təyin edilmişdir. İldə bir dəfə yoxlamadan keçirilirdi. Ona 3-cü dərəcəli əlillik təyin edilmiş olsa da, o bronxial astma xəstəliyindən çox əziyyət çəkirdi. Təxminən 1995-ci il tarixdə xəstəliyi ilə əlaqədar vəziyyəti çox ağırlaşdığı üçün ona ll-ci dərəcəli ümumi xəstəliklə (astma-bronxit) əlaqədar pensiya təyin edildi. 05 fevral 2021-ci ildən 2022-ci ilin sentyabr ayınadək yenidən onun əlilliyini dayandırdılar. Müraciətlər edəndən sonra 2023-cü ilin sentyabrından yenidən ll-ci dərəcəli əlilliyini bərpa etdilər. Lakin bu da çox çəkmədi, yenidən 2024-cü ilin oktyabr ayından onun əlilliyini dayandıraraq, müalicəyə göndərmək barədə qərar qəbul etdilər. Həmin vaxtdan da o yenidən müalicələr götürmüş, xəstəxanalarda yatmışdır. Lakin buna baxmayaraq, onu ora-bura göndərməklə məşğuldurlar. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: J45.8 Qarışıq astma, Bronxial astma qarışıq forma nəzarət olunmayan ağır gedişli,kəskinləşmə mərhələsi Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri, xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinə nəticələri ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq, vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul etmişdir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçı 1999-cu ildən ardıcıl olaraq 2024-cü ilədək tənəffüs yolu xəstəliyinə görə əlillik vəziyyətində olmuş, növbəti qiymətləndirmə zamanı xx.xx.2024-cü il tarixli tibbi göndəriş əsasında “Əlavə müalicəyə ehtiyacın olması” əsası ilə əlillik təyinatından imtina edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 xx.xx.2025-ci il tarixli T249/2025 saylı ekspert rəyində bildirilir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Salyan Rayon Nərkəzi Xəstəxanasında XBT 10 kodu üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli K002238641FQ saylı saylı Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: J45.8- Qarişiq astma. Bronxial astma qarışıq forma nəzarət olunmayan ağır gedişli, kəskinləşmə mərhələsi. Ağırlaşma: J96.1- Xroniki respirator çatmamazlıq. Tənəffüs çatmamazlığı İİ dərəcə. Hormondan asılı vəziyyət. Yanaşı xəstəliklər: J30.3- Digər allergik rinitlər. Allergik rinit.” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığndan onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin xx.xx.2025-ci il tarixdə şəxsin DTSERA-da spiroqrafık müayinəsi zamanı əlillik səviyyəsində ventilyasiya pozğunluğu aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetininin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin hər hansı bəndini aid etmək mümkün olmadı. İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur. Qeyd edilən diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı olmasa da, bu xəstəlikdən əziyyət çəkən şəxslər dispaneser qeydiyyata götürülür və daima nəzarətdə olmaqla, təyin edilmiş hormona aerozolu qəbul edir və xəstəlik kəskinləşdiyi halda isə əlavə müalicəyə cəlb olunurlar. -Birinci instansiya məhkəməsinin müvafiq qərardadı əsasında “X1 İnstitutu” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-28-9/2-677/2025 nömrəli məktubun məzmununda öz əksini tapmış tibbi rəydə bildirilir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə müayinədən keçmiş və ona “Bronxial astma. Qarışıq forma. Ağır gedişli. Hormondan asılı. Nəzarət olunmayan, kəskinləşmə mərhələsi” diaqnozu qoyulmuşdur. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 xx.xx.2025-ci il tarixli T249/2025 saylı ekspert rəyi üzrə tədqiqat cavabdeh qurumun nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Odur ki, məhkəmə kollegiyası həmin rəy üzrə gəlinmiş nəticədə cavabdeh qurumun nümayəndələrinin maraqlı olması ehtimalını nəzərə alınaraq bu sahə üzrə ixtisaslaşmış tibbi müəssisəsinin (“X1 İnstitutu” PHŞ) rəyini daha mötəbər hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.2.2-ci bəndi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.2.2-ci bəndində “ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİ-İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 65-80% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. İddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi tibbi rəylə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qeyd olunanlarla yanaşı, iddiaçıya əlillik təyinatından “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina edilməsi ilə bağlı məhkəmə kollegiyası aşagıdakı normaların qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: -1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlıvərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanınrəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Qaydaların tələblərindən göründüyü kimi, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması əlilliyin təyini üçün əsasdır. Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi ilə bağlı şərt müəyyən edilmişdir ki, bəndin tələbinə əsasən, bu zaman şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt aradan qalxmış olur. Təkrar müraciət edən şəxslər üçün yeganə şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlıdır ki, iddiaçıda əlilliyin təyininə səbəb olan xəstəliyin 20 ildən artıq müddətdə mövcudluğu tam təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(120)-2272/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-58/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-58/2026
18.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver