Məhkəmə qərarları › İş №2-1(3-9)-6/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-6/2026

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-6/2026 04.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2-1(120)-1837/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 2078BW0014 nömrəli qərarının ləğv olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (hazırda qüvvədə olan meyarlara əsasən orqanizim funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) əlillik dərəcəsinin təyin edilməsi barədə müvafiq qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 24 noyabr 2025-ci il tarixli, 2- 1(120)-1837/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmış, onun müxtəlif səhiyyə müəssisələrində müayinə və müalicələrdə olduğu müəyyən edilmişdir. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2024-cü il tarixli, H00173250VGH nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli (müharibədə alınmış qapalı kəllə beyin travması nəticəsində) yaranan davamlı şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kəskin davranış pozuntuları, intihar cəhdi, qıcolma tutmaları ilə, demensiyanın başlanması istisna olunmur. Ağırlaşma-/S06.0-Baş beyinin silkələnməsi, Baş beyin silkələnməsinin qalıq əlamətləri epileptik qıcolmalarla..Ağırlaşma: G40.3- Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar.Epileptik cəngolma tutmları ayda 8-9 dəfə...müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3025 saylı ekspert rəyində yuxarıda qeyd edilən diaqnozu təkzib edən məlumat yer almamış, əksinə “Üzvi (travma nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə diaqnozu müəyyən edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı 1-ci Qarabağ müharibəsində iştirak edən zaman 1992-ci il tarixdə ağır döyüşlər zamanı qapalı kəllə-beyin travması almışdır. Bunun nəticəsində uzun müddət müalicə olunduqdan sonra ona F07.0 üzvi mənşəli davamlı şəxsiyyət pozğunluğu, kəskin davranış pozğunluğu; F62.1-xroniki psixi xəsətlikdən sonrakı davamlı şəxsiyyət dəyişkənliyi və s. kimi diaqnozlar qoyulmuşdur. Həmin xəstəliklərlə əlaqədar olaraq Bakı şəhərində və Salyan rayon Psixatriya Xəstəxanasında qeydə alınmış və uzun müddət müalicələr davam etməkdədir. Aidiyyəti üzrə müraciəti əsasında ona əlillik 2019cu ildən təyin edilmiş, lakin 2022-ci ildə ona təyin edilmiş əlillik səbəbsiz olaraq ləğv edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya təkrar qiymətləndirmə nəticəsində xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. X2 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2023-cü il tarixli,3-17-4/1-N-36123/2023 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət audit monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində iddiaçı xx.xx.2023-cü il tarixli bildiriş əsasında Agentliyə əyani müayinəyə dəvət olunmuş və həmin tarixdə müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından xx.xx.2023-cü il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən H00173250VGH nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlərr və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyinin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarı”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspert rəyinə əsaslanaraq, vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul etmişdir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bundan başqa, məhkəmə buraxılmış müddətin üzrlü hesab edilməsini əsaslandırmamışdır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və şikayətin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən onun mobil nömrəsinə sms bildiriş göndərilməsindən məlumatı olmamışdır. Həmçinin iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 2078BW0014 nömrəli qərarının ləğv edilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixli imtina qərarı barədə sms bildiriş vasitəsilə xx.xx.2024-cü il tarixdə məlumat göndərilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, iş materiallarında olan bütün tibbi göndərişlərdə və imtina qərarında iddiaçının aktiv mobil telefon nömrəsi kimi ********** qeyd edilməsinə baxmayaraq, cavabdeh tərəfindən əlillik təyinatından imtina barədə sms bildiriş ********** nömrəsinə göndərilmişdir ki, iddiaçı həmin nömrələrin onun istifadəsində olsa da, bildirişlə bağlı məlumatı olmadığını bildirmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində axtarış zamanı ********** nömrəsinin iddiaçıya məxsus olması müəyyən edilsə də, iddiaçının tibbi göndərişlərdə aktiv nömrə kimi qeyd etdiyi nömrəyə bildirişin göndərilmiş olması inzibati orqan tərəfindən icraatın nəticəsi barəsində icraat aparılan şəxsə daha ağlabatan formada çatdırılmasına nail olmasına xidmət etməklə yanaşı, onun vəzifələrindən irəli gələn haldır. Həmçinin sözügedən bildiriş iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmiş hesab edildiyi təqdirdə belə, qanunla müəyyən edilmiş müddəti 1 ay ötürməsinin səbəbi kimi onun düçar olduğu xəstəliyin (üzvi mənşəli şəxsiyyət pozuntusu) xüsusiyyətləri baxımından nəzərə alınmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin sözügedən qərarından şikayət verilməsi ilə bağlı buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan və digər sənədlərdən görünür ki, iddiaçı 2014-cü ildən müxtəlif ardıcıllıqla əlillik vəziyyətində olmuş, 2019-cu ildə 5 müddətinə əlillik təyinatı aparılmasına baxmayaraq, vətəndaş şikayəti əsasında yenidən müayinəyə cəlb edilmiş və tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Bundan sonra verilmiş yeni tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirilmiş, xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. -Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 171 №-li, xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, 1992-ci ildə Saatlı RHK tərəfindən hərbi xidmətə çağırılmış Füzuli Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli 17/3465 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işi olmadığı qeyd edilmiş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin iyul ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibb müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi patlamasından sonrakı başın alın nahiyəsinin tüklü hissəsində bir ədəd, başın 1\3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Saatlı Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: Qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, nevrosteniya, ruhi sindrom, şəxsiyyətin dəyişməsi ilə” Hərbi Travmadı Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır. -Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı barəsində tərtib olunmuş H00173250VGH №-li xx.xx.2024-cü il tarixli göndərişdə əsas diaqnoz F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli (müharibədə alınmış qapalı kəllə beyin travması nəticəsində) yaranan davamlı şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kəskin davranış pozuntuları, intihar cəhdi, qıcolma tutmaları ilə, demensiyanın başlanması istisna olunmur. Ağırlaşma-/S06.0-Baş beyinin silkələnməsi, Baş beyin silkələnməsinin qalıq əlamətləri epileptik qıcolmalarla..Ağırlaşma: G40.3- Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar.Epileptik cəngolma tutmları ayda 8-9 dəfə...müəyyən edilmişdir. -Məhkəmə Psixatriya Ekspertiza X8 Şəxsinin xx.xx.2025-ci il tarixli 3025 saylı rəyin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Motivləşdirici hissə. İddiaçı “Üzvi (travma nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə (F07.0)” aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatr müayinənin nəticələri-iş materiallarında olan qeydlərə əsasən 1992-ci ildə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı xəsarət alması, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında müalicədə olması, SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış həkim psixiatr komisiyası tərəfindən müayinə olunarkən ona “Üzvi mənşəli ( müharibədə alınmış qapalı kəllə-beyin travması nəticəsində) yaranan davamlı şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kəskin davranış pozuntuları, intihar cəhdi..Qıcolma tutumaları ilə...Demensiyanın başlanması istisna olunmur” diaqnozunun təyin edilməsi, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək SN “Respublika Psixitariya Xəstəxanası” PHŞ-də “Üzvi mənşəli (müharibədə) alınmış qapalı kəllə beyin travması nəticəsində yaranan davamlı şəxsiyyət pozuntusu, tez-tez baş beyin dekompensasiyaları, kəskin davranlş pozuntuları, intihar cəhdi, qıcolma tutumaları və koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı nitqində kəkləmənin qeyd olunması, təfəkkürünün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, xarici qıcıqlara qarşı həsasslığının yüksək olması əhvali-ruhiyyəsinin enməsi, koqnitiv funksiyalarının zəifləməsi, söhbət prosesində astenizasiya əlamətlərinin qeyd edilməsi və s sübut edir. Yekun hissəsi: İddiaçı “Üzvi (travma nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində orqanizmin funksiyalarının pozulma dərəcəsini və əlilliyin hansı müddətə təyin edilməsini müəyyən etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, hazırki mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 65-80% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. İddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2-1(120)-1837/2025 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar