Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-629/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiаçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” PHŞ-nə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi iddiaçı barəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 15.2.2-ci maddəsinə əsasən “hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. ##.##.2016-cı il və ##.##.2022-ci il müayinələrinə əsasən hərbi xidmətə yararsız hesab olunmuş, bu ilin iyul ayında Şirvan şəhər səfərbərlik xidməti müayinəyə cəlb etmiş, xidmətin və göndərdikləri xəstəxanalardakı rəyə əsasən yararsız hesab olunmuş, lakin Ekspertiza və Reablitasiya Agentliyi qeyri-real şəkildə qeyd etdiyi qərarı vermişdir.Bunun nəticəsində əsassız yoxlamalardan həqiqi hərbi xidmətə göndərilməlisinə zəmin yaratmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı (Hilal Nəcəfov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xəstəlikdən əziyyət çəkir. Hazırda hərbi xidmətini yerinə yetirə bilmir. Hərbi xidmətdən tərxis olduqdan sonra da xəstəliyi səbəbindən heç yerdə işləyə bilməyəcək. O hərbi xidmətdən yayınmaq üçün deyil, xəstəliyinin sübut olunması üçün məhkəmədə iddia qaldırmışdır. Həqiqətəndə xəstə ola-ola xidmətə gətirildiyi sübut olunarsa, onun kompensasiya almaq hüququ yaranır. X1 Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı onun bu məqsədə çatmasının qarşısını alır. Qeyd olunanlar nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli qərarında qeyd edilmişdir ki, “...IPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Həmin qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.3. Inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. Inzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Maddə 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.2025-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərildiyi, hal-hazırda həqiqi hərbi xidmətdə olduğu, qərarın isə artıq icra olunduğu, qərar üzrə mübahisənin öz mahiyyətini itirdiyi halları müəyyən edilir ki, belə olan halda mübahisələndirilən qərar və ya yararsız hesab edilməsi barədə qərar qəbul edilməsi üzrə cavab verməli inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh2 olmamalıdır. Məhkəmə iddiaçıya hüquqi yardım göstərərək qeyd edir ki, halhazırki vəziyyətdə səhhətində yaranan (və ya yarana biləcək) xəstəliklər üzrə xidmət etdiyi quruma (və ya baş idarəsin, nazirliyinə) müraciət etməli və səlahiyyətli şəxslərin təqdimatı əsasında yenidən müayinələrə (ekspertizaya) cəlb edilərək səhhətində yaranan xəstəliklərin hərbi xidmətə yararlılığı müəyyən edilməlidir. Həmçinin xidmət etdiyi qurumun səlahiyyətli orqanı tərəfindən iddiaçının tələbindən imtina olunacağı təqdirdə sonuncu orqana qarşı müvafiq yurisdiksiya üzrə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Işin hallarından görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilmiş və hazırda həqiqi hərbi xidmət keçir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşsa da qeyd edir ki,iddianın mümkünlüyü ilə bağlı əsaslar düzgün tətbiq edilməmişdir.Belə ki, mübahisələndirilən qərar faktiki olaraq icra edilmiş, iddiaçının həmin qərarın ləğv edilməsində ilkin olaraq mövcud olmuş hüquqi marağının faktiki və hüquqi əsasları dəyişmişdir. Lakin,iddiaçının mübahisə predmeti olan qərarın qanuniliyinin mübahisələndirilməsinə münasibətdə hüquqi marağı davam etməkdədir.Yəni,iddiaçıya hüquqi yadım qaydasında izah edilir ki,o cavabdehin hazırkı qərarının qanunsuzluğunun müəyyən edilməsi və ya tanınmasına dair iddia tələbi ilə müraciət etmək hüququna malikdir. Hüquqi marağın artıq mövcud olmadığı, yaxud mübahisələndirilən inzibati aktın icra olunması nəticəsində ilkin mübahisənin predmetinin aradan qalxdığı hallarda həmin aktın formal olaraq mübahisələndirilməsinin davam etdirilməsi hüquqi müdafiənin məqsədi ilə uzlaşmır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, iddia tələbi yalnız inzibati aktın ləğv edilməsi formasında irəli sürülmüş, lakin həmin tələbin təmin olunacağı halda iddiaçının hüquqlarının bərpasına və ya hüquqi vəziyyətinin dəyişdirilməsinə səbəb olacaq konkret hüquqi nəticə müəyyən edilməmişdir. Bu isə seçilmiş müdafiə vasitəsinin əlverişli iddia növü kimi qiymətləndirilməsinə imkan vermir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı aydın olmalı və çatmaq istədiyi hüquqi nəticəyə xidmət etməlidir. Hazırkı iş üzrə iddianın hüquqi marağı işin gedişatı zamanı dəyişmiş, cavabdehin qərarının ləğv edilməsi deyil, həmin qərarın qanunsuzluğunun tanınması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatına təminat verilir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına müvafiq olaraq iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1. bənd). Lakin hazırkı halda iddia tələbi üzrə hüquqi marağının mövcudluğu dəyişdiyindən iddia tələbi mümkünlük şərtlərini ödəmir. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-629/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-629/2026
24.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver