Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-7/2026 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz müəyyən edilmiş əlillik; qanunsuz əlverişli inzibati aktın ləğvi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “qərarın ləğvi və əlilliyin bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli 2-1(120)- 5251/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2011-ci il tarixli xxxxxxx0001 qərarından görünür ki, İddiaçı təkrar ümumi xəstəlik səbəbindən göz xəstəliyi ilə bağlı “OD-yüksək dərəcəli hipermetropiya. OS daxili çəpgözlük, yüksək dərəcəli ambliopiya. VOD=0,04 k/etmir.VOS=0,02 k/vermir” diaqnozuna görə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 4649/2024 saylı qərarında qeyd edilmiuşdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 21 (iyirmi bir) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 4 (dörd) nəfərinin əyani müayinəsini həyata keçirmiş, 17 (on yeddi) nəfər vətəndaş isə müayinəyə gələmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış və aşağıdakıları müəyyən etmişdir.
10. Masallı rayon sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2011-ci il tarixində qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Rəsmiləşdirilmiş göndərişdə diaqnoz “OD-yüksək dərəcəli hipermetropiya. OS daxili çəpgözlük, yüksək dərəcəli ambliopiya. VOD=0,04 k/etmir.VOS=0,02 k/vermir” şəklində olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-H-11656/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilsin, xx.xx.2011-ci il tarixdən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.” Cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-4/2-29268/2025 saylı məktubunda qeyd edilmişdir ki, “...X1 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2024-cü il tarixli 3-17/1-H-7957/2024 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2024-cü il tarixində Agentliyə dəvət edilmişdir. Lakin əyani müayinəyə gəlmədiyi üçün mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində vətəndaşa dair xx.xx.2011-ci il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.” Məktuba əlavə olunmuş ərizədən görünür ki, Masallı rayonu, Həsənli kənd sakini X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edərək, bir neçə şəxsin, eyni zamanda X2 əlillik təyin olunduğunu bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Diaqnoz öz təsdiqini tapmaması” barədə xx.xx.2011-cü il tarixli xxxxxxx0002 saylı qərarın ləğv edilməsi və ümumi xəstəlik səbəbi ilə xx.xx.2011-ci il tarixdə müddətsiz təyin edilmiş birinci dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, illərdir ki, bir çox xəstəlikdən əziyyət çəkir. Əsas diaqnozu OD-yüksək dərəcəli hipermetropiya. OS-daxili çəpgözlük, yüksək dərəcəli ambliopiya. VOD=0,04 k/etmir.VOS=0,02 k/vermir. Ona xx.xx.2011-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əsassız olaraq əlilliyi ləğv edilmişdiur. Hazırda da, 2011-ci ildə müddətsiz əlillik təyin edilməsinə əsas olan xəstəlikdən əziyyət çəkir.
Cavabdehin etirazları:
Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: OD-yüksək dərəcəli hipermetropiya. OS-daxili çəpgözlük, yüksək dərəcəli ambliopiya. VO=0,04 k/etmir.VOS=0,02 k/vermir (DSMF məlumatına əsasən). Mərkəzə göndərilmənin/İmtia edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması-Səbəb: Diaqnoz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Səbəbi ilə imtina verilmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli 2-1(120)-5251/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat:
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2026-cı il tarixli 2- 1(3-9)-7/2026-cı il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4649/2024 nömrəli qərarın iddiaçıya aid hissədə ləğv edilməsi və ümumi xəstəlik səbəbi ilə xx.xx.2011-ci il tarixdən təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, şəxsin əyani müayinədən yayınma halına münasibət bildirilməmişdir. Halbuki, şəxs əyani müayinədən yayınması artıq şübhəli məqamların olduğunu təsdiq edir. Apellyasiya şikayətinə dair etiraz:
Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
“İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.
Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: ... Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli 2-1(120)-5251/2025 saylı qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni vətəndaş şikayətinin Əsasnamənin 3.7-ci bəndinə əsasən əlillik təyinatı ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qiymətləndirilməməsi, etimad hüququ, qanunsuz əlverişli inzibati aktın ləğvi üçün qanunda nəzərdə tutulmuş əsasların olmaması ilə əsaslandırmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən “ODyüksək dərəcəli hipermetropiya. OS daxili çəpgözlük, yüksək dərəcəli ambliopiya. VOD=0,04 k/etmir.VOS=0,02 k/vermir” diaqnozu ilə ümumi səbəbdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh vətəndaş şikayətini əlillik təyinatının əsaslığına risk kimi qiymətləndirmiş, şəxsi əyani müayinəyə çağırmış, lakin iddiaçı əyani müayinəyə getməmiş və xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4649/2024 saylı qərar ilə əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv etmiş, xx.xx.2011-ci il tarixdən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ilkin olaraq inzibati aktın qanunauyğunluğunun qiymətləndirilməsi zəruridir. Bu zaman iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 4649/2024 saylı qərarın qanuni əlverişli inzibati akt, yoxsa qanunsuz əlverişli inzibati akt olması müəyyən edilməlidir. Yəni, bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi hallara bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əverişli inziabti akt kimi ləğv edilmişdir. Çünki, xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4649/2024 saylı qərar qanuni əlverişli inzibati akt olduğu halda onun ləğvi “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin tələblərinə uyğun, qanunsuz əlverişli inzibati akt olması halında isə həmin Qanunun 67-ci maddəsinin tələbi baxımından hüquqi qiymət verilməlidir. Başqa sözlə, əgər inzibati orqan iddiaçıya əlilliyin təyin edilməsinə dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3cu və 67-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci iİ 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Məsələn, şəxsin sonradan reabilitasiya olunması əsası ilə əvvəlki qanuni aktı ləğv edir. Bu zaman, inzibati orqan özünün əvvəlki aktının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan sağalması və xəstəliyinin tam reabilitasiya olunması nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci iİ 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsaslanaraq (əlilliyin qiymətləndirilməsi barədə Tibbisosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda) iddiaçını əyani müayinəyə cəlb etmişdir. Başqa sözlə, cavabdeh müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2011-ci il tarixli qərarın düzgünlüyünə şübhə ilə yanaşır. Bu baxımdan kollegiya hesab edir ki, hazırki halda cavabdeh müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı qəbul etdiyi xx.xx.2011-ci il tarixli qərarı qanunsuz əlverişli inzibati akt kimi qəbul edərək onu ləğv etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki inzibati aktının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan inzibati aktı, yəni qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verməklə icraatı təzələməklə, şəxsin inzibati icraatda iştirakını və onun dinlənilmə hüququnu təmin etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, əvvəlki aktın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə əvvəlki aktın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm aktın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, əlilliyin təyini ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Hazırkı halda isə inzibati orqan iddiaçıya ünvanladığı bildirişində sözügedən Əsasnamənin 3.7-ci maddəsinə istinad edir. Belə ki, “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. İşin hallarından da göründüyü kimi iddiaçı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə əyani müayinəyə çağırılmış, lakin faktiki müayinə olunmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, cavabdehin müraciətində əsaslı şübhələrin və əlilliyin qiymətləndirilməsində uyğunsuzluqların nədən ibarət olduğu barədə iddiaçıya məlumat verilməmiş, iştirakı olmadan, müayinəsi həyata keçirilmədən əlverişsiz inzibati akt qəbul edilərək onun qüvvədə olan müddətsiz əlillik təyini barədə qərarı ləğv edilmişdir. Belə olan halda cavabdeh tərəfindən Əsasnamənin göstərilən bəndinə yalnız formal olaraq riayət edilmiş, əyani müayinə həyata keçirilmədən iddiaçıya təyin edilmiş müddətsiz əlillik ləğv edilmişdir. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, şəxsi əyani müayinəyə cəlb etdikdən sonra qərar qəbul etməyə və icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olur. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanların məcmusunda belə qənaətə gəlir ki, iddiaçının əlilliyinin ləğv edilməsi ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hərəkətləri və qəbul etdiyi qərarı qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedur qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsə əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1157/2024 nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə "səhv"in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlannı tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntulanndan fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli 2-1(1-8)-255/2026 nömrəli qərardadı ilə vahid məhkəmə təcrübəsinə görə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. İddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2026-cı il tarixli 2- 1(3-9)-7/2026-cı il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4649/2024 nömrəli qərarın iddiaçıya aid hissədə ləğv edilməsi və ümumi xəstəlik səbəbi ilə xx.xx.2011-ci il tarixdən təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli 2-1(120)-5251/2025 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4649/2024 saylı qərarı iddiaçıya aid hissədə ləğv edilsin. İddiaçı ümumi xəstəlik səbəbi ilə xx.xx.2011-ci il tarixdən təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.