Məhkəmə qərarları › İş №2-1(3-9)-75/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-75/2026

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-75/2026 05.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(120)-1663/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 11 oktyabr 2024-cü il tarixli 2912 nömrəli məktubunda qeyd edilmişdir ki, “...N nömrəli hərbi hissə komandirinin xx.xx.1996cı il tarixli 199 nömrəli əmrində (əsas-15, səh-96, sıra-1, əmrdə adı “Rəfayel” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır) Azərbaycan Respublikası Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün təminat normaları ilə təmin olunmuş və “əsgər” hərbi rütbəsi verilmiş, Saatlı RHK-nın çağırışçılarının siyahısında, 1978-ci il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 290 nömrəli əmrində (əsas:- 1, səh-62, sıra-36, əmrdə adı “Rəfael” yazılmışdır) xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün təminat normalarından çıxarılaraq hərbi xidmətlərini davam etdirmək N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilən hərbi qulluqçularının siyahısında, Saatlı RHK-nın çağırışçısı, 1978-ci il təvəllüdlü, sıravi X2 adı qeyd edilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, əsgər X4 N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N nömrəli əmrilə (əsas:-3, səh-77, sıra-5, əmrdə adı “Rəfael” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 158 nömrəli əmirlə (əsas:-5, səh-46, sıra-8, əmrdə adı “Rəfael” yazılmışdır) 4-cü taborun tank əleyhinə tağımında operator vəzifəsində xidmət edən, əsgər X4 xx.xx.1997-ci il tarixdən MHH-a müalicəyə getmiş hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 30 nömrəli əmrinin 83 “v” maddəsinin 2-ci qrafası ilə sülh vaxtı hərbi xidmətə yararsız, müharibə vaxtı məhdudiyyətlə yararlı hesab edildiyinə görə 4-cü taborun tank əleyhinə tağımın 1-ci manqasının operatoru, əsgər İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasından tərxis olunduğundan N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 263 nömrəli əmri ilə (əsas-8, səh 64, əsas kimi “Xəstəlik haqqında xx.xx.1997-ci il tarixli 901 nömrəli şəhadətnamə” göstərilmişdir) xx.xx.1997-ci il tarixdən hərbi hissənin şəxsi heyyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Saatlı RHK-na göndərilmişdir.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin 04 aprel 2025ci il tarixli 92/102 nömrəli məktubunda qeyd edilmişdir ki, “...N nömrəli hərbi hissənin sıravisi İddiaçı (əsas: səh-10, qeyd: məlumatda vətəndaşın adı Rəfail deyil, Rafayıl yazılmışdır, tarix “xx.xx.1997” qaralanmışdır) həqiqətən də xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “İlkin diaqnoz: Döş qəfəsinin sağ yarısının daxilə keçən kor güllə yarası”, “Yekun diaqnoz: Sağtərəfli torokoabdominal kor güllə yarası. Sağtərəfli açıq hemopnevmotoraks. Sağ qabırğanın açıq sınığı, qara ciyərin zədələnməsi, şok İİ-İİİ dərəcə” diaqnozu ilə N nömrəli hərbi hissədə (Gəncə hospitalında) stasionar müayinə və müalicə olmuşdur.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli 92/92 nömrəli arayışında qeyd edilmişdir ki, “...Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş sıravi İddiaçı 11 iyun 1997-ci il tarixdən 05 avqust 1997-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicə olmuşdur. Diaqnoz: İlkin: Odlu silah torako-abdominal yaralanma. Yekun: Diafraqmanın, qara ciyər laporatomik yaralanmasının nəticəsi. Odlu silah yaralanması nəticəsində sağ tərəfli torakosentez. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1997-ci ilə məxsus 6 nömrəli “stasionar xəstələrin qeydiyyatı” kitabının 7-ci səhifəsində olan, 4702-ci sayındakı qeyd.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2002-ci il tarixli 87 nömrəli Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd edilmişdir ki, “...Saatlı RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.1997-ci ildə aldığı yaralanma - diaqnoz: “Torakoabdominal güllə yaralanması (xx.xx.1997-ci il), sağ ağ ciyərin, qara ciyərin zədələnməsinə görə laparotomiya (xx.xx.1997-ci il), qara ciyər və dalağın yaralarının tikilməsi cərrahiyyə əməliyyatından sonrakı dəri çapığı, qarın boşluğunda yad cism (güllə), həzm və xarici tənəffüs funksiyasının cüzi dərəcədə pozulması ilə”, nə səbəbə ki, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi MN MHKH-da müayinə və müalicə olunmuşdur. (xx.xx.1997-ci il tarixli 901 saylı xəsətəlik haqqında şəhadətnamə, N saylı hərbi hissə komandiri tərəfindən imza edilmiş xx.xx.2002-ci il tarixli 29 saylı travma haqqında arayış), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” MN MHKH-ın HHK-nın xx.xx.1997-ci il tarixli 901 saylı yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsi haqqında qərarı ləğv edilir.” “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin 10 oktyabr 2025-ci il tarixli 3-17-4/2-26232/2025 nömrəli məktubundan və “Əlillik” altsistemindən çıxarışlardan görünür ki, İddiaçı ilkin olaraq xx.xx.2003-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən üçüncü dərəcə 1 il müddətinə (xx.xx.2004-cü il tarixədək), sonrakı dövrdə isə təkrar olaraq xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə (xx.xx.2016-cı il tarixədək) və xx.xx.2016-cı il tarixdən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Seriya AO ******* nömrəli hərbi biletin 17-ci səhifəsində qeyddən görünür ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş bölgəsində yerləşir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-25-2/2-H-79xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə və Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 2092 nömrəli arayışına əsasən xidmət keçdiyiniz N nömrəli hərbi hissə xx.xx.1997-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Hərbi Komisarlığı tərəfindən 01 iyul 1996-cı ildə müddətli hərbi xidmətə çağırılmışdır. 01 iyul 1996-cı ildən 17 sentyabr 1997-ci ilə qədər müddətli hərbi xidmətdə olmuşdur. 17 sentyabr 1997-ci ildə hərbi xidmətdən təxris olunaraq ehtiyata buraxılmışdır. 16 mart 1997-ci ildə Tovuz rayonunun Ağdam kəndi ərazisində postda olarkən odlu silahdan açılan atəş nəticəsində ağ ciyərin, diafraqmanın, qaraciyərin zədələnməsi torakal-abdominal güllə yarası almışdır. 11 iyun 1997-ci ildən 21 iyul 1997-ci ilə qədər Müdafiə Nazirliyinin MHKH-da müalicə olunmuşdur. Ona “Torakoabdominal güllə yaralanması, sağ ağ ciyərin, qara ciyərin zədələnməsinə görə laparatomiya, qara ciyər və dalağın yaralarının tikilməsi, cərrahiyyə əməliyyatından sonrakı dəri çapığı, qarın boşluğunda yad cism (güllə), həzm və xarici tənəffüs funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 17 aprel 2002-ci il tarixli 87 saylı qərarı ilə xəstəliyinin “Hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” təsdiqlənmişdir. Cavabdehin etirazları: Etirazın dəlili imtinanın dəlili ilə eynilk təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(120)-1663/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlili ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçının xidmət dövrü və yaralanması müharibə vaxtına təsadüf etməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğu üçün cavabdehin imtinası qanunsuz olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən olunan hallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. Xidmət vaxtı güllə yarası almış, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 30 nömrəli əmrinin 83 “v” maddəsinin 2-ci qrafası ilə sülh vaxtı hərbi xidmətə yararsız, müharibə vaxtı məhdudiyyətlə yararlı hesab edildiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 263 nömrəli əmri ilə xx.xx.1997-ci il tarixdən hərbi hissənin şəxsi heyyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Saatlı RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2002-ci il tarixli 87 nömrəli Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. İddiaçıya ilkin olaraq xx.xx.2003-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən üçüncü dərəcə 1 il müddətinə (xx.xx.2004-cü il tarixədək), sonrakı dövrdə isə təkrar olaraq xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə (xx.xx.2016-cı il tarixədək) və xx.xx.2016-cı il tarixdən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Onun xidmət etdiyi N nömrəli hərbi hissə döyüş bölgəsində yerləşən hərbi hissə olmuşdur. Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlar təsdiq edir ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəsarət almış, aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin dispozisiya şərtləri baxımından müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etməkdə haqlıdır. Hazırda iddiaçının əlilliyinin olmaması da vəziyyəti dəyişmir. Belə ki, şəxsin aldığı xəsarətin sonradan yaxşılaşması, tam sağalması və ya əlillik müddəti bitdikdən sonra şəxsin hər hansı səbəbdən yeni təyinat üçün müraciət etməməsi vaxtı ilə baş vermiş hadisəyə hüquqi baxımından fərqli yanaşmanın ortaya qoyulmasını, yəni onun vaxtı ilə aldığı xəsarətin səbəb əlaqəsinin dəyişilməsinə səbəb olmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki mübahisənin həllində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2580/2024 nömrəli qərarında əks oluna hüquqi mövqeyi nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (★★★) qeyd edilən qərarında oxşar iş üzrə mövqe eyni olmuşdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(120)-1663/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar