Məhkəmə qərarları › İş №2-1(3-9)-86/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-86/2026

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-86/2026 12.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Firdusi oğlunun sədrliyi ilə, Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu, Girdəni Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 5.0 ha torpaq sahəsinin adına rəsmiləşdirməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2-1(120)-993/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 5.0 ha torpaq sahəsinin adına rəsmiləşdirməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Lənkəran rayonu Girdəni Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19 dekabr 2006-ci il tarixli AN-№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Aqrar-Kredit QSC BOKT təşkilatından Lənkəran rayonu Girdəni kəndi ərazisində 5 hektar torpaq sahəsində yerləşən 1990-cı ildə tikilmiş ümumi sahəsi 5234,2 kvmetr sahəsi olan 1 mərtəbəli quşçuluq fabrikini almışdır. Eləcə də həmin quşçuluq fabriki ilə bağlı çıxarış da almışdır. Daha sonra 2006-cı ildə Lənkəran rayonu Girdəni Bələdiyyəsinin torpaqlarından alqı-satqı əsasında ayrılmasına dair-08 noyabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən Girdəni bələdiyyəsinin mülkiyyətindən alqı-satqı yolu ilə həmin quşçuluq fabrikinin yerləşdiyi 50.000 kv.metr, yəni 5 hektar torpaq sahəsi rəsmi olaraq ona ayrılmışdır. Həmin qərara əsasən sözügedən torpaq sahəsinin dəyərinin ondan alınaraq bələdiyyə mülkiyyətinə ödənilməsi və alqı-satqı aktı tərtib edilməsi qeyd edilmişdir. Bu səbəbdən də onun bələdiyyə orqanına 15 oktyabr 2007-ci il tarixdə torpaq sahəsi almaqla bağlı etdiyi müraciətə əsasən həmin məsələyə bələdiyyə orqanının iclasında baxılmış və Girdəni bələdiyyəsinin ərazisindən 5 hektar torpaq sahəsinin satılması barədə 08 noyabr 2007-ci il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində onun tərəfindən Lənkəran rayon Kapital bankının **********0 saylı hesabına əvvəlcədən 4000 (dörd min) manat haqq ödənilmişdir. (Həmin faktın təsdiqi olaraq 02 noyabr 2007-ci il tarixli 024764 nömrəli qəbzin surəti iddiaya əlavə edilir.) Qeyd edilən akt Lənkəran rayon, şəhər X3 şöbəsində 15 noyabr 2007-ci il tarixdə 2621 nömrə ilə qeydiyyata alınmışdır. Eləcə də sözügedən torpaq sahəsinin Girdəni bələdiyyəsinin mülkiyyətindən sahibkarlıq fəaliyyətindən ötrü ona verilməsindən ötrü plan da ona təqdim edilmişdir. Uzun illərdir ki, həmin torpaq sahəsinin üzərində yerləşən quşçuluq fabrikindən sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq istifadə edir. Dəfələrlə DƏDRX-nin Lənkəran şəhəri üzrə Dövlət xidmətinə gedib həmin torpaq sahəsinin sənədləşdirilməsini xahiş etsə də bu barədə müraciətləri cavabsız qalmışdır. Nəhayət 29 yanvar 2024-cü il tarixdə DƏDRX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsinə rəsmi qaydada müraciət etmiş və Lənkəran rayonu Girdəni kəndi ərazisində yerləşən Girdəni bələdiyyəsinin 08 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı əsasında alqı-satqı yolu ilə ona verilmiş 5,0 ha torpaq sahəsinin mülkiyyətinə verilərək bu barədə müvafiq çıxarış verilməsini xahiş etsə də oradan onun müraciətinə imtina cavabı verilmişdir. DƏDRX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı ərazi idarəsi ona 12 fevral 2024-cü il tarixli 3-21-3-43/2-343/2024 saylı bildiriş göndərməklə imtinanın əsası kimi sözügedən 5,0 ha torpaq sahəsinin Ərazi idarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən kənd təsərrüfatlı təyinatlı dövlət mülkiyyəti olan torpaq sahəsində yerləşdiyini əsas götürərək «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad edərək həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Konkret olaraq cavabdehə bu barədə müraciət edilməsinə baxmayaraq ona uzun illərdir istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin verilməsi təmin edilməmişdir. Həmin sənədi yalnız cavabdeh qurum verdiyindən və hazirda həmin qurum sənədləşməni aparmaqdan imtina etdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2-1(120)-993/2025 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda sözügedən torpaq sahəsi mövcud (xəritə) baza və X1 X2 əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla dövlət mülkiyyətində yerləşir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır və həmin Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-993/2025 saylı qərarının ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2- 1(3-9)-86/2026 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2-1(120)-993/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:

3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 14-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.6. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması

68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçı tələbi "Lənkəran rayonu, Girdəni Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 5.0 ha torpaq sahəsinin adına rəsmiləşdirməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, müvafiq inzibati akt, alqı-satqı aktı, rəy mövcud və qüvvədə olduğu halda və torpaq sahəsinin DEKTİM baza məlumatlarında, yəni dövlət müəssisə və təşkilatların balansında olan dövlət mülkiyyətində olan torpaq sahələrinə aid baza məlumatlarında, dövlət mülkiyyətində olan torpaq sahəsi kimi öz əksini tapmaması müəyyən olunduğu halda cavabdeh orqan tərəfindən 17 il sonra mübahisəli 5.0 ha torpaq sahəsinin iddiaçının istifadəsində olan elektron xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyəti olan torpaq sahəsində yerləşməsi səbəbindən iddiaçının müraciətindən imtina etmək qərarına gəlmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə (Lənkəran rayonu, Girdəni Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı, AN-İ ******* saylı, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Dövlət X3 Komitəsinin Lənkəran Rayon Şöbəsinin 827 saylı, xx.xx.2007-ci il tarixli Girdəni Bələdiyyəsinə ünvanlanmış məktubu, xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt, Lənkəran rayonu, Girdəni Bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı sahibkarlıq fəaliyyəti üçün 5.0 ha torpaq sahəsinin planı, 024764 saylı kassa mədaxil orderi) Lənkəran rayonu Girəni kəndində 5.0 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan AZE00209673 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuş, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi ev 22-də qeydiyyatdadır. İşdə olan Lənkəran rayonu, Girdəni Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarından görünür ki, İddiaçı bələdiyyə mülkiyyətindən 5.0 (50.000 kv.m) ha torpaq sahəsi ayrılmışdır. İşdə olan AN-İ ******* saylı, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, İddiaçı ilə Aqrar Kredit ASC BOKT təşkilatı ilə alqı-satqı müqaviləsi bağlanmış və Quşçuluq Fabriki iddiaçıya alqı-satqı qaydasında satılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət X3 Komitəsinin Lənkəran Rayon Şöbəsinin 827 saylı, xx.xx.2007-ci il tarixli Girdəni Bələdiyyəsinə ünvanlanmış məktubuna əsasən, Lənkəran şəhər sakini İddiaçı sahibkarlıq fəaliyyəti üçün 5.0 ha torpaq sahəsinin satılması məsələsinə baxılmışdır. Satılması müəyyənləşdirilmiş torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olduğunu nəzərə alıb, torpaqların alqısatqı qaydasına əsasən pulu əvvəlcədən bələdiyyə hesabına köçürməklə yuxarıda adı qeyd olunan vətəndaşa torpaq sahəsi satıla bilər. İşdə olan xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Lənkəran rayonu, Girdəni Bələdiyyəsi tərəfindən 5.0 ha torpaq sahəsi 4000 manat pul məbləğinə İddiaçı satılmışdır. Lənkəran rayonu, Girdəni Bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı sahibkarlıq fəaliyyəti üçün 5.0 ha torpaq sahəsinin planı iş materiallarına əlavə edilmişdir. İşdə olan 024764 saylı kassa mədaxil orderindən görünür ki, İddiaçı 4000 manat pul məbləği Lənkəran rayonu, Girdəni Bələdiyyəsinin hesabına ödəmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 343/2024 saylı məktubuna əsasən, Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən, Girdəni Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı əsasında ayrılmış 5.0 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Təqdim olunmuş sözügedən torpaq sahəsinə dair ilkin hıiquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyəti olan torpaq sahəsində yerləşir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən, hazırki iş üzrə İddiaçı tərəfindən Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən, Girdəni Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı əsasında iddiaçıya ayrılmış 5.0 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuşdur. Hazırki iş üzrə İddiaçı tərəfindən təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər ekspertiza olunan zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyəti olan torpaq sahəsində yerləşir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə İddiaçı xx.xx.2024-cü il tarixli, **********43 nömrəli imtina bildirişi ünvanlanmışdır. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirir ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edir, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 08 oktyabr 2025-cü il tarixli məktubu ilə mütəxəssis rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, 10/5414 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Eyni məzmunlu mütəxəssis və ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə sahibkarlıq fəaliyyətindən ötrü alqı-satqı qaydasında İddiaçı ayrılmış 5.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 13 saylı qərarı ilə sahibkarlıq fəaliyyətindən ötrü alqı-satqı qaydasında İddiaçı ayrılmış 5.0 ha torpaq sahəsinin uqodiyasının ictimai tikinti altında olan torpaq sahəsinə aid olması və torpaq sahəsinin bələdiyyə xəritəsində "Quşçuluq fabriki"nin istifadəsində olan torpaq sahəsi kimi öz əksini tapması və ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin üzərində yerləşən 5234.2 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Quşçuluq fabriki) tam mülkiyyət hüququ üzrə İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat və **********20-12301 reyestr nömrəli (dövlət mülkiyyətinə aid) çıxarışa əsasən qeydiyyata alındığı müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin DEKTİM baza məlumatlarında dövlət mülkiyyətində olan torpaq sahəsi kimi öz əksini tapmaması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə sahibkarlıq fəaliyyətindən ötrü alqı-satqı qaydasında İddiaçı ayrılmış 5,0 ha torpaq sahəsinin faktiki vəziyyətdə istifadə və iddia olunan yeri ilə sənəd üzrə yerləşmə yerinin üst-üstə düşməsi (müəyyən qədər sərhəd və konfiqurasiya fərqləri olmaqla) müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bələdiyyə xəritəsində “Quşçuluq fabriki”nin istifadəsində olan torpaq sahəsi kimi öz əksini tapması və ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə sahibkarlıq fəaliyyətindən ötrü alqı-satqı qaydasında İddiaçı ayrılmış 5,0 ha torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə sahibkarlıq fəaliyyətindən ötrü alqı-satqı qaydasında İddiaçı ayrılmış 5,0 ha torpaq sahəsinin faktiki vəziyyətdə istifadə və iddia olunan yeri ilə sənəd üzrə yerləşmə yerinin üst-üstə düşməsi (müəyyən qədər sərhəd və konfiqurasiya fərqləri olmaqla) müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə İddiaçı istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə sahibkarlıq fəaliyyətindən ötrü alqı-satqı qaydasında İddiaçı ayrılmış 5,0 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından həmin torpaq sahəsi barədə dövlət reyestrində və kadastrında məlumatların mövcud olmaması, torpaq sahəsinin faktiki koordinatların elektron kadastr xəritəsində düzgün olaraq təsvir edilməsi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə sahibkarlıq fəaliyyətindən ötrü alqı-satqı qaydasında İddiaçı ayrılmış 5,0 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşməməsi müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və iddia ərizəsinin məzmunundan məlum olur ki, xx.xx.2006-cı il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, İddiaçı ilə Aqrar Kredit ASC BOKT təşkilatı ilə alqısatqı müqaviləsi bağlanmış və Quşçuluq Fabriki İddiaçı alqı-satqı qaydasında satılmışdır. Daha sonra iddiaçı Lənkəran rayon Girdəni bələdiyyəsinə 15 oktyabr 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Həmin bələdiyyə orqanı tərəfindən bələdiyyə ərazisində yuxarıda qeyd edilən Quşçuluq Fabrikinin də yerləşdiyi 5.0 ha torpaq sahəsinin iddiaçıya satılması barədə 08 noyabr 2007-ci il tarixli, 13 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində iddiaçı tərəfindən bələdiyyənin bank hesabına əvvəlcədən 4000 manat haqq ödənilmişdir. 15 noyabr 2007-ci il tarixində Dövlət X3 Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan həmin torpaq sahəsinin elektron xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyəti olan torpaq sahəsində yerləşdiyini qeyd edərək müraciətin icrasından imtina etmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan Girdəni Bələdiyyəsinin 08 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı əsasında İddiaçı satılmış 5.0 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Həmçinin qeyd olunan sənədlərin (Girdəni Bələdiyyəsinin 08 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı, xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt) qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci, 8.0.5-ci və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Lənkəran rayon Girdəni bələdiyyəsinin özünə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 08 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın əsas səbəbi kimi sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyəti olan torpaq sahəsində yerləşməsi göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 5.0 ha torpaq sahəsinin yerləşdiyi ərazinin DEKTİM baza məlumatlarında dövlət mülkiyyətində olan torpaq sahəsi kimi öz əksini tapmaması müəyyən olunmuşdur. Tədqiq olunan mütəxəssis rəyindən göründüyü kimi iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata almaq istədiyi torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən zaman bələdiyyənin mülkiyyətində olması və torpaq sahəsinin yerləşdiyi ərazinin dövlət mülkiyyətinə aid olmaması müəyyən edilmiş və həmin rəydə əks olunan məlumatlar işdə olan sübutlarla eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis rəyi aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir. Eyni zamanda işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, nəzərdə tutulan torpaq sahəsinin həmin məqsəd üçün satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Həmin sənədlərdən müəyyən olunur ki, 2007-ci il tarixdə məhz Azərbaycan Respublikası Dövlət X3 Komitəsinin Lənkəran Rayon Şöbəsi tərəfindən razılıq əldə edilmiş və Lənkəran şəhər sakini İddiaçı sahibkarlıq fəaliyyəti üçün satılması nəzərdə tutulan 5.0 ha torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olduğunu nəzərə alıb, torpaqların alqı-satqı qaydasına əsasən pulu əvvəlcədən bələdiyyə hesabına köçürməklə satıla bilməsi mümkündür və bununla bağlı 827 saylı, xx.xx.2007-ci il tarixli Girdəni Bələdiyyəsinə məktub ünvanlanmışdır. Yəni cavabdeh orqan tərəfindən 2007-ci il tarixdə mübahisəli torpaq sahəsi ayrılan zaman həmin ərazinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu və sahibkarlıq məqsədilə satılan 5.0 ha torpaq sahəsi olması və torpaq sahəsinin alqı-satqı predmeti olması barədə rəy tərtib edilmişdir. Hal-hazırda da müvafiq inzibati akt, alqı-satqı aktı, rəy mövcud və qüvvədə olduğu halda və torpaq sahəsinin DEKTİM baza məlumatlarında, yəni dövlət müəssisə və təşkilatların balansında olan dövlət mülkiyyətində olan torpaq sahələrinə aid baza məlumatlarında, dövlət mülkiyyətində olan torpaq sahəsi kimi öz əksini tapmaması müəyyən olunduğu halda cavabdeh orqan tərəfindən 17 il sonra iddiaçının istifadəsində olan mübahisəli 5.0 ha torpaq sahəsinin elektron xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyəti olan torpaq sahəsində yerləşməsi səbəbindən iddiaçının müraciətindən imtina etməsi anlaşılan deyildir. Odur ki, 2007-ci ildə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin dövlət mülkiyyəti torpaqlarına aid olması barədə cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək torpaq sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 20 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2-1(120)-993/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar