Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(3-9)-9/2026 05.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X1 xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində 0,25 ha torpaq sahəsi və onun üzərində 286,60 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə verilmiş ********** nömrəli qeydiyyat və **********05-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2-1(120)-3285/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X1 xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində 0,25 ha torpaq sahəsi və onun üzərində 286,60 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə verilmiş ********** nömrəli qeydiyyat və **********05-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6, xx.xx.2025-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə maraqlı şəxs X1 - oğlu X7 ilə xx.xx.2015-ci ildə el adəti ilə toy edib evlənmişlər nikahlarını isə Kürdəmir rayon Qeydiyyat şöbəsində 27 dekabr 2016-cı tarixdə, 377 nömrəli akt qeydi əsasında rəsmiləşdirmişlər. Onaların rəsmi nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X11 olmuşdur. İş üzrə iddiaçının bildirdiyinə görə onların ailə nikah münaisbətləri uzun müddət davam etmiş və birgə təsərrüfatı idarə etmişlər. Həmin müddətdə Kürdəmir rayonunun Atakişili kəndində müvafiq bələdiyyədən 0,05 ha həyətyanı torpaq sahəsini maraqlı şəxs X1 - oğlu X7 adına alınmış, həmin torpaq sahəsinin üzərində 1 mətəbəli, 4 otaq, 1 mətbəxdən və sanitar qovşağından ibarət yaşayış evi tikmişlər. Həmin fərdi yaşayış evinin tikinti xərcinin bir qisimini atası Sultan köməklik etmişdir. Sonda həmin fərdi yaşayış evinin təmirini nikahları dövründə başa vurumuşlar və 1 (bir) ay müddətində, həmin fərdi yaşayış evində yaşamışlar. Sonradan ailə nikah münasibətləri bir-birinə uyğun gəlmədiyi üçün, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2335/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, onların rəsmi nikahlarından olan uşaqlar iddiaçının himayəsində saxlanılmış və həmin uşaqların saxlanması üçün cavabdehdən alimentin alınıb, iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra iddiaçının yaşamağa yeri olmadığı üçün cavabdeh və onun valideyinlərinə qarşı evə köçürülmə tələbi Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1808/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Əsədova (Dünyamalıyeva) Əfsanə Sultan qızı, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X11 cavabdeh X5 məxsus Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evinə (yəni, gəlin köçdüyü fərdi yaşayış evi) köçürülməsi qət edilmişdir. İddiaçı və onun himayəsində olan uşaqlar X1 tələbi əsasında Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1455/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qaldığı üçün, aidiyyatı üzrə apellyasiya şikayəti vermis və sonda X6 və onun ailə üzvləri tərəfindən ona pul kompensasiyası verildiyi üçün, apellyasiya şikayətindən imtina etmiş və həmin mənzili boşaltmışdır. Halhazırda iddiaçı və onun himayəsində olan uşaqlarla yaşamağa başqa yeri yoxdur. Bu səbəbdən İddiaçı X7 və digər şəxsə qarşı Kürdəmir rayonunun Atakişili kəndində inşaa etdikləri 0,25 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin dəyərinin müəyyən edilərək, həmin dəyərin 1/2 hissəsinin cavabdehdən alınıb, iddiaçıyav verilməsi barədə iddia ərizəsi ilə Kürdəmir rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli fərdi yaşayış evinin ona yox, anası X2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərində olan A, A1 və A2 nömrəli fərdi vaşavış evləri qeydiyyata alınmışdır. X1 xüsusi mülkiyyətində olan 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən A2 nömrəli fərdi yaşayış evinin çıxarışı dolayı yolla X3 razılığı ilə mübahisəli fərdi yaşayış evi olan A2 nömrəli fərdi yaşayış evindən başqa A və A1 nömrəli fərdi yaşayış evlərinə ümumi texniki pasport almaqla, müvafiq çıxarış almışdır. X1 xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində 0,25 ha torpaq sahəsi və onun üzərində 286,60 kv.m sahəsən ibarət olan fərdi yaşayış evinə verilmiş ********** nömrəli qeydiyyat və **********05- 10301 reyset nömrəli çıxarış məhkəmə qaydasında ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı X1 xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində 0,25 ha torpaq sahəsi və onun üzərində 286,60 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə verilmiş ********** nömrəli qeydiyyat və **********05- 10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası etirazla qarşılanır. İddiaçı ərizədə qeyd olunan məsələ ilə bağlı ********** daxilolma nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə idarəyə müraciət etmiş, ərizə cavablandırılmadan məhkəməyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evi məlumatlandırma icraatı qaydasında təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində **********05-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq aparılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Azərbaycan Respublikasınnı Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlarla əsasən, Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2-1(120)-3285/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2-1(120)-3285/2025 saylı qərardadının ləğv edilməsini, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maraqlı şəxs X1 - oğlu X7 ilə xx.xx.2015-ci ildə el adəti ilə toy edib evlənmişlər nikahlarını isə Kürdəmir rayon Qeydiyyat şöbəsində 27 dekabr 2016-cı tarixdə, 377 nömrəli akt qeydi əsasında rəsmiləşdirmişlər. Onların rəsmi nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X11 olmuşdur. İş üzrə iddiaçının bildirdiyinə görə onların ailə nikah münaisbətləri uzun müddət davam etmiş və birgə təsərrüfatı idarə etmişlər. Həmin müddətdə Kürdəmir rayonunun Atakişili kəndində müvafiq bələdiyyədən 0,05 ha həyətyanı torpaq sahəsini maraqlı şəxs X1 - oğlu X7 adına alınmış, həmin torpaq sahəsinin üzərində 1 mərtəbəli, 4 otaq, 1 mətbəxdən və sanitar qovşağından ibarət yaşayış evi tikmişlər. Həmin fərdi yaşayış evinin tikinti xərcinin bir qismini atası Sultan köməklik etmişdir. Sonda həmin fərdi yaşayış evinin təmirini nikahları dövründə başa vurumuşlar və 1 (bir) ay müddətində, həmin fərdi yaşayış evində yaşamışlar. Sonradan ailə nikah münasibətləri birbirinə uyğun gəlmədiyi üçün, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 2335/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, onların rəsmi nikahlarından olan uşaqlar iddiaçının himayəsində saxlanılmış və həmin uşaqların saxlanması üçün cavabdehdən alimentin alınıb, iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra iddiaçının yaşamağa yeri olmadığı üçün cavabdeh və onun valideynlərinə qarşı evə köçürülmə tələbi Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1808/2022 saylı qətnaməsi ilə təmin edilmiş, Əsədova (Dünyamalıyeva) Əfsanə Sultan qızı, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8 cavabdeh X5 məxsus Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evinə (yəni, gəlin köçdüyü fərdi yaşayış evi) köçürülməsi qət edilmişdir. İddiaçı və onun himayəsində olan uşaqlar X1 tələbi əsasında Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1455/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qaldığı üçün, aidiyyatı üzrə apellyasiya şikayəti vermiş və sonda X6 və onun ailə üzvləri tərəfindən ona pul kompensasiyası verildiyi üçün, apellyasiya şikayətindən imtina etmiş və həmin mənzili boşaltmışdır. Halhazırda iddiaçı və onun himayəsində olan uşaqlarla yaşamağa başqa yeri yoxdur. Bu səbəbdən İddiaçı X7 və digər şəxsə qarşı Kürdəmir rayonunun Atakişili kəndində inşa etdikləri 0,25 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin dəyərinin müəyyən edilərək, həmin dəyərin 1/2 hissəsinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Kürdəmir rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli fərdi yaşayış evinin ona yox, anası X2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərində olan A, A1 və A2 nömrəli fərdi yaşayış evləri qeydiyyata alınmışdır. X1 xüsusi mülkiyyətində olan 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən A2 nömrəli fərdi yaşayış evinin çıxarışı dolayı yolla X3 razılığı ilə mübahisəli fərdi yaşayış evi olan A2 nömrəli fərdi yaşayış evindən başqa A və A1 nömrəli fərdi yaşayış evlərinə ümumi texniki pasport almaqla, müvafiq çıxarış almışdır. X1 xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Atakişili kəndində 0,25 ha torpaq sahəsi və onun üzərində 286,60 kv.m sahəsən ibarət olan fərdi yaşayış evinə verilmiş ********** nömrəli qeydiyyat və **********05-10301 reyestr nömrəli çıxarış məhkəmə qaydasında ləğv edilməlidir. Göründüyü kimi üçüncü şəxsin oğlu ilə iddiaçının birgə nikahı dövründə keçmiş ərinin adına aldığı torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikmişlər. Həmin fərdi yaşayış evinin təmirinə və sonra yaşayışa tam yararlı olduqdan sonra, onlar birlikdə həmin fərdi yaşayış evində birlikdə yaşamışlar. Bunu müvafiq icra hakimiyyətində təsərrüfat başına kitabda müvafiq qeydiyyat aparılmışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2-1(120)-3285/2025 saylı qərardadın ləğv edilməsi, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddianı mümkün saymayan məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktı ilə (qərarı) iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. Eləcə də, iddiaçı tərəf qeyd edilən çıxarışların ləğv edilməsi onun hansı subyektiv hüququnu pozduğunu əsaslandırıa bilmir və subyektiv hüququnun olması barədə zəruri sənədləri məhkəməyə təqdim edə bilmir. Buna qarşılıq olaraq üçüncü şəxs kimi icraata cəlb edilən şəxslərə məxsus və mübahisələndirilən çıxarışların verilməsinə əsas olan sənədlər məhkəmə sorğusu nəticəsində əldə edilmiş, qeyd edilən hüquqmüəyyənedici sənədlərin hal-hazırda da qüvvədə olduğu müəyyən edilmişdir. Ümumi olaraq isə məhkəmə iddia ərizəsi üzrə qeyd edilən tələbləri qaldırmaqda iddiaçının subyektiv hüququ olmadığı və bu səbəbdən tələbin dəqiqləşdirilməsi, digər sübutların toplanılması və digər hissələrdə hüquqi yardım göstərilməsinə və dəqiqləşmələr aparılmasına zərurət olmadığı qənaətinə gəlir. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının hansı hüququnun pozulduğunu müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Bu baxımdan hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşdə olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 479 nömrəli arayışından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı keçmiş həyat yoldaşı X3 Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illərə aid 20 saylı təsərrüfatbaşına kitabının 45-ci səhifəsində 1625 şəxsi hesab nömrəsinə əsasən 0.05 ha həyətyanı torpaq sahəsində 2017-ci ildə inşa edilmiş və 100 kv.m yaşayış evi qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində olan 0,25 ha torpaq sahəsi və onun üzərində 286,60 kv.m sahədən ibarət olan fərdi yaşayış evi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan X18 filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-48-DA- 11F/2-48-39-25 nömrəli arxiv çıxarışından görünür ki, Şamaxı rayon XDS Rəyasət heyətinin qərarında Atakişili kənd sakini X1 şəxsi mülkiyyət hüququnda özünə məxsus 0,25 ha həyətyanı torpaq sahəsi var, lakin yaşayış üçün evi yoxdur. Məhkəmə araşdırması zamanı toplanmış və iş materiallarına əlavə edilmiş sənədlərdən və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, İddiaçı cavabdeh X7 ilə xx.xx.2015-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuş, nikahlarını 2016-cı ildə rəsmiləşdirmişlər. Nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 2335/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Daha sonra hazırkı iş üzrə iddiaçı Kürdəmir rayon məhkəməsinə müraciət edərək himayəsində olan azyaşlı övladları ilə Kürdəmir rayonu Atakişili kəndində yerləşən 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir rayon məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Hazırda iddiaçının tələbi həmin fərdi yaşayış evinə verilən çıxarışın ləğv edilməsi ilə bağlı olmuşdur. Eyni zamanda iş materiallarında olan Kürdəmir XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 02 saylı qərarının məzmunundan müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ləğvi tələb olunan çıxarışda üçüncü şəxs Dünyamalıyeva Sənubərin adına qeydə alınmış torpaq sahəsi 1985-ci ildə artıq ona ayrılmışdır. Həmin vaxt İddiaçı üçüncü şəxs Dünyamalıyeva Sənubərin oğlu ilə nikah münasibətlərində olmamışdır. Fərdi yaşayış evinə münasibətdə isə qeyd edilməlidir ki, həmin ev məlumatlandırma icraatı qaydasında üçüncü şəxsin sifarişi ilə onun mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsində inşa edilmiş və ilkin sənədlər (məlumatlandırma icraatı ilə bağlı ərizə, Memarlıq Planlaşdırma Layihəsi, Kürdəmir rayonu Atakişili Bələdiyyəsinin sədri və Kürdəmir rayon İHB-nin Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarış, və s.) onun adına tərtib edilmişdir. Həmin sənədlər münahisələndirilməmiş və hazırda qüvvədədir. İddiaçının hüquqi marağından belə görünür ki, mübahisəli fərdi yaşayış evi nikah dövründə tikilib başa çatdırılmışdır və bu səbəbdən həmin əmlak ər-arvadın birgə mülkiyyəti hesab edilməlidir. Buna görə də, qaynanası X1 adına verilmiş çıxarışın ləğvi tələb olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı sözügedən çıxarışın onun mülkiyyət hüququnu pozduğu qənaətində olsa da bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı adı, soyadı sözügedən fərdi yaşayış evinə aid ilkin sənədlərdən heç birində yoxdur. Əksinə iddiaçı tərəfindən ləğvi tələb olunan çıxarışda olan torpaq sahəsinin iddiaçının nikaha girməmişdən əvvəl (1985-ci ildə) üçüncü şəxsə ayrıldığı, fərdi yaşayış evinin isə üçüncü şəxsin adına tərtib edilmiş məlumatlandırma icraatına dair sənədlər əsasında qeydə alındığı və həmin sənədlərin hazırda da qüvvədə olduğu müəyyən edilmişdir. Odur ki, inzibati qaydada irəli sürülmüş hazırkı iddia üzrə iddiaçının subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan üçüncü şəxs X1 ona məxsus olan əmlak üzərində hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehin hərəkətlərinin iddiaçının hüququna və qanunla qorunan marağına toxunma ehtimalının mövcud olmadığı görünür. Belə ki, üçüncü şəxsin əmlak üzərində hüquqlarının müvafiq etibarlı hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alınması və həmin sənədlərdə fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (payçısı) kimi iddiaçının adının mövcud olmaması iş üzrə materiallarla təsdiq olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılması üçün digər şərtlərlə yanaşı həm də iddianın mümkünlük şərtlərindən sayılan ümumi hüquqi müdafiə marağı, eləcə də şəxsin iddia qaldırmaq səlahiyyəti mövcud olmalıdır. İddia qaldırmaq səlahiyyəti isə o zaman mövcud olur ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının ən azından pozulma imkanı mövcud olmuş olsun. Bu qayda hazırkı mübahisəyə münasibətdə də tətbiq olunmalı, cavabdehin daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlı hərəkətlərinin iddiaçının hüquqlarını pozma imkanına və bunun üzərindən də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmadığı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, torpaq və fərdi yaşayış evi ilə bağlı ikin hüquqmüəyyənedici sənədlərdə payçı (mülkiyyətçi) kimi şəxsin adının qeyd olunmaması, həmin sənədlər əsasında verilmiş çıxarışın ləğvini tələb etmək üçün həmin şəxsin subyektiv hüquqi marağının və müvafiq tələb hüququnun mövcud olmadığını göstərir. Kollegiyanın bu mövqeyi Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-863/2025 nömrəli qərarında da öz əksini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının evin tikilməsi üçün onun tərəfindən çəkilən xərclərlə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin xərclərin həqiqətən çəkilib-çəkilmədiyi, çəkildiyi halda hansı həcmdə çəkildiyi və iddiaçının həmin xərcləri tələb etmə hüququnun olub-olmadığı, olduğu halda kimdən və hansı həcmdə tələb edilməsi inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında baxılacaq bir məsələdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla haqlı mövqe sərgiləmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 2-1(120)-3285/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-9/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-9/2026
05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver