Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-91/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması, əmək kitabçasının mötəbərliyi prezumpsiyası) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “##.##.1991-ci il tarixdən ##.##.1994-cü il tarixədək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material-Texnika Təchizat baş idarəsinin Horadiz rayonlararası təchizat bazasında işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) ##.##.1958-ci il təvəllüdlüdür. Seriya ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ##.##.1991-##.##.1994-cü illər üzrə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material- Texnika Təchizat baş idarəsinin Horadiz rayonlararası təchizat bazasında anbardar vəzifəsində işləmişdir (3 il, 8 gün). Horadiz rayonlararası təchizat bazası tərəfindən verilmiş ##.##.1995-ci il tarixli ** nömrəli arayışda qeyd edilmişdir ki, “...Verilir Horadiz rayonlararası təchizat bazasının işçisi İddiaçı ondan ötəri ki, həqiqətən o, 1994-cü ildə aşağıdakı qaydada əmək haqqı almışdır: yanvar-fevral- 3250 manat, mart-iyun-6400 manat, iyul-dekabr-12000 manat, Cəmi: 104100 manat.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-A-******/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Sizə ##.##.2023-cü il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda 1639.75 manat olmaqla ödənişi davam etdirilir. ...Əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1991-ci il tarixdən ##.##.1994-cü il tarixədək Horadiz rayonlararası təchizat bazasında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun Regionlarla İş üzrə Mərkəzi filialının və X2 Rayon filialının müvafiq məktublarına əsasən Horadiz rayonlararası təchizat bazasının hazırda fəaliyyət göstərməməsi və ##.##.1991-ci il tarixdən ##.##.1994-cü il tarixədək arxiv sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən sözügedən dövrün araşdırılaraq sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Cavabdeh tərəfindən Məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...İddiaçı İddiaçı pensiya yaşına çatdığı ##.##.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. ...Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1992-ci il tarixdən ##.##.1994- cü il tarixədək Horadiz rayonlararası təchizat bazasında olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydləri Azərbaycan SSR-ə aid möhürlə təsdiqləndiyindən) həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Eyni zamanda Horadiz rayonlararası təchizat bazasının hal-hazırda fəaliyyət göstərməməsi və arxiv sənədləri arxivə təhvil verilmədiyindən ##.##.1991-ci il tarixdən ##.##.1994-cü il tarixədək işlədiyi dövrlərin araşdırılması mümkün olmamışdır.” Dövlət Statistika Komitəsi tərəfindən verilmiş # ##### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “...Horadiz rayonlararası təchizat bazası (sonradan “xxxx” MMC, VÖEN: 7500168501) 1996-cı il ## #### tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “##.##.1991-ci il tarixdən ##.##.1994-cü il tarixədək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material-Texnika Təchizat baş idarəsinin Horadiz rayonlararası təchizat bazasında işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2023-cü il tarixdə 65 yaşı tamam olduqda ona 1419.12 manat olmaqla avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və ##.##.2006-cı il tarixədək sığorta stajı 25 il hesablanmışdır. Əmək pensiyası hesablanarkən ##.##.1991-ci il tarixdən ##.##.1994-cü il tarixədək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material-Texnika Təchizat baş idarəsinin Horadiz rayonlararası təchizat bazasında işlədiyi müddət nəzərə alınmamışdır. Əmək fəaliyyəti ilə bağlı məlumatlar əmək kitabçasında tam şəkildə qeyd edilmişdir. Müstəqillik illərinin əvvəllərində işlədiyi müəssisə tərəfindən möhürün latın qrafikalı əlifbaya keçidlə bağlı dəyişdirilməməsi və sənədlərin arxivə təhvil verilməməsi onun sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Məsələ ilə bağlı cavabdehə etdiyi müraciət müsbət həllini tapmamışdır. Cavabdehin etirazları: Cavabdehin iddiaya qarşı etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək Horadiz rayonlararası təchizat bazasında olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydləri Azərbaycan SSR-ə aid möhürlə təsdiqləndiyindən) həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Eyni zamanda Horadiz rayonlararası təchizat bazasının hal-hazırda fəaliyyət göstərməməsi və arxiv sənədləri arxivə təhvil verilmədiyindən ##.##.1991-ci il tarixdən ##.##.1994-cü il tarixədək işlədiyi dövrlərin araşdırılması mümkün olmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməsi, iddiaçının ##.##.1991-ci il tarixdən ##.##.1994cü il tarixədək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material-Texnika Təchizat baş idarəsinin Horadiz rayonlararası təchizat bazasında işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Dövlət Vergi Xidməti Qarabağ Ərazi Vergilər baş idarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material- Texnika Təchizat baş idarəsinin Horadiz rayonlararası təchizat bazası Dövlət Vergi Xidmətində qeydiyyata alınmamışdır. Füzuli rayonu üzrə vergilər şöbəsinin vergi ödəyicisinin uçota alınması haqqında ##.##.2001-ci il tarixli ********* nömrəli şəhadətnamənin surətindən görünür ki, vergi ödəyicisinin tam adı - Horadiz rayonlararası təchizat bazası, vergi ödəyicisi eyniləşdirmə nömrəsi (VÖEN) 750004205, mülkiyyət növü - dövlət mülkiyyəti, təşkilat-hüquqi forması-dövlət müəssisələri, əsas fəaliyyət növü-kənd təsərrüfatıdır. Apellyasiya şikayətinə etiraz: Horadiz rayonlararası təchizat bazası dövlət müəssisəsi olaraq kənd təsərrüfatı üzrə fəaliyyət göstərmiş və hazırda da ********** nömrəli VÖEN-lə fəaliyyət göstərir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddiaya və apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il # #### tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (87-ci maddənin ## #### 2024-cü il tarixədək qüvvədə olan redaksiyası): Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.
2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və bu zaman iddiaçının işlədiyi dövlər üzrə iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsinə, əmək kitabçasının mötəbərliyinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən edilir ki, iddiaçıya 65 yaşı tamam olna vaxt, yəni ##.##.2023-cü ildə yaşa görə əmək pensiyası təyin edilmiş, bu zaman onun ##.##.1991-##.##.1994-cü illər üzrə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Material-Texnika Təchizat baş idarəsinin Horadiz rayonlararası təchizat bazasında işlədiyi müddət nəzərə almamışdır. İddiaçının hüquqi marağı həmin dövlərin də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasıdır. Bununla bağla cavabdehə müraciət olunmuş, lakin məsələ müsbət həllini tapmamışdır. Buna səbəb iddiaçının qeyd edilən dövrlər üzrə işləməsi barədə qeydlərin Azərbaycan SSR-ə aid möhürlə təsdiqlənməsi və müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmaması olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçının əmək fəaliyyəti əmək kitabçasında əksini tapmışdır. Əmək kitabçasında işçinin işə qəbul, işdən çıxma tarixləri, əmrlərin nömrələri, səlahiyyətli şəxsin vəzifəsi, imzaları, hüquqi şəxsin möhürü mövcuddur. Bununla bağlı tərəflər arasında mübahisə də yoxdur. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə iş stajını sübut edən əsas sənəd əmək kitabçası idi. Mübahisəli dövr (##.##.1991-##.##.1994-cü illər) üzrə əmək kitabçasındakı qeydlərin kiril qrafikalı möhürlə təsdiq edilməsinə gəldikdə 1990-cı illərdə belə yazılara təsadüf olunurdu. Çünki, hələ respublika səviyyəsində məcburi latın qrafikasına keçilməmişdi. Latın əlifbası 1991-ci il ######ın ##-də Azərbaycan parlamenti tərəfindən təsdiq olunsa da, müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2001-ci il ## #### tarixli Fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilmişdir. Müəssisəyə aid sənədlərin arxivə təhvil verilməməsi səbəbindən qarşılqlı yoxlamanın aparılmasının mümkün olmaması da iddiaçının məsuliyyət sferasına aid edilə bilməz, o cümlədən sosial təminat hüququnun pozulmasının əsası ola bilməz. Apellyasiya şikayətində göstərilmiş - Füzuli rayonu üzrə vergilər şöbəsinin vergi ödəyicisinin uçota alınması haqqında ##.##.2001-ci il tarixli ********* nömrəli şəhadətnaməyə münasibətdə bildirilir ki, şəhadətnamədə qeyd edilənlər Horadiz rayonlararası təchizat bazasının ##.##.2001-ci il tarixdə yaradılması demək deyil. Həmin məlumat vergi ödəyicisinin uçota alınması haqqında məlumatdır. Respublikada vaxtı ilə Vergilər Nazirliyi 2000-ci ildə yaradılmışdır. Dövlət Statistika Komitəsi tərəfindən verilmiş # ##### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “...Horadiz rayonlararası təchizat bazası (sonradan “xxxx” MMC, VÖEN: 7500168501) 1996-cı il ## #### tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır.” Nəzərə alınmalıdır ki, iddiaçının mübahisəli dövrdə (##.##.1991-##.##.1994-cü illər üzrə) işlədiyi müəssisə dövlət mülkiyyətində olan müəssisə olmuş, sonradan həmin müəssisə özəlləşmişdir. Horadiz rayonlararası təchizat bazası tərəfindən verilmiş ##.##.1995-ci il tarixli ** nömrəli arayışdan görünür ki, Horadiz rayonlararası təchizat bazasının işçisi İddiaçı 1994-cü ildə yanvarfevral-3250 manat, mart-iyun-6400 manat, iyul-dekabr-12000 manat, Cəmi: 104100 manat əmək haqqı almışdır. Mübahisəli dövrlər (##.##.1991-##.##.1994-cü illər) üzrə əmək kitabçasında qeyd edilmiş məlumatların və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hal müəyyən edilmədiyi üçün əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı ##.##.1991- ##.##.1994-cü illərin nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.