Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-98/2026 04.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(120)-3466/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-515239/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 557967/2025 saylı, xx.xx.2025-ci il tarixl, 3-21-2-3/2-606350/2025 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 20 noyabr 2025-ci il tarixli, 2- 1(120)-3466/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixli qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.13-cü maddəsinə əsasən bu Məcəllənin 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. xx.xx.2024-xx.xx.2025-ci il dövrü üzrə iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində müvafiq dövr üzrə idxal edilmiş kənd təsərrüfatı məhsulları üzrə ödənilmiş 90958,5 manat ƏDV məbləği əvəzləşdirilərək bu malların satışı bəyan edilməklə 756.637,3 manat dövriyyənin göstərilməsi və büdcəyə 45236,2 manat ƏDV hesablanmışdır. Bununla da iddiaçı tərəfindən Vergi Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinin tələbləri ödənilməklə ƏDV-yə cəlb edilən əməliyyatların tam dəyəri dövlət büdcəsinə hesablanmışdır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Lakin yuxarıda qeyd olunan hal cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bununla da vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Yəni iddiaçı tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatların tam dəyəri dövlət büdcəsinə hesablanmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilk olaraq ona cavabdeh inzibati orqanın fevral 2025 ƏDV üzrə “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-515239/2025 saylı qərarı ilə 90 958,5 manat vergi hesablanmışdır. Həmin kameral hesablamanın əsası olaraq vergi orqanı tərəfindən qeyd olunmuşdur ki, uçot-baza məlumatlarına əsasən tərəfindən xx.xx.2024-xx.xx.2025-cü il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrində müvafiq dövr üzrə idxal edilmiş kənd təsərrüfatı məhsulları, heyvan və quş əti üzrə ödənilmiş 90 958,5 manat ƏDV məbləğinin əvəzləşdirildiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Onun barəsində hər hansı mal-material yoxlaması, operativ vergi nəzarəti, o cümlədən səyyar vergi yoxlaması aparılmamışdır. Bundan əlavə, qeyd edilən dövrdə onun satışı olmuş və vergi orqanına qanunamüvafiq olaraq bəyannamələr təqdim edilərək vergilər hesablanmışdır. Ona uyğunsuzluq barədə göndərilən məktub nömrəsi-3-21-2-3/2- 515239/2025 kameral hesablama qərarının nömrəsidir. Bununla da, sözügedən mübahisələndirilən kameral qərarın qəbul edilməsindən öncə bir uyğunsuzluq məktubu göndərilməmişdir. xx.xx.2024-cü il tarixində ƏDV qeydiyyatı ilə bağlı ərizə vergi orqanına təqdim edilmiş, ƏDV ödəyicisinin qeydiyyat bildirişinə görə eyni tarixdə də qeydiyyata alınmış, qeydiyyatın qüvvəyə minmə tarixi isə xx.xx.2023 olmuşdur. Vahid bəyannamə də bu tarixdən sonrakı dövrdə təqdim edilib. Buna münasibətdə Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən müəyyən edilmişdir ki, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022- ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 5 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Bundan əlavə cavabdeh inzibati orqanın “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-cü il tarixli, 3-21-2-3/2-557967/2025 nömrəli digər kameral hesablama qərarı ilə Aprel 2025 üzrə 68865.56 ƏDV hesablanmışdır. VMnin 163-cü maddəsinə əsasən, o, qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək, ümumi dövriyyənin illik hesabatla bağlı yoxlanışı zamanı kassaya artıq məbləğlərin daxil edildiyini müəyyən etmiş, nəticə etibarilə həmin əməliyyatlar ləğv olunmuş və vəsaitlər geri qaytarılmışdır. Bu barədə vergi orqanına müvafiq kassa sənədləri təqdim edilmişdir. Kassa onlayn rejimdə fəaliyyət göstərdiyindən, vergi orqanı həmin əməliyyatları real vaxt rejimində müşahidə etmək imkanına malikdir və bununla bağlı dəqiqləşdirmə aparılmışdır. VM-nin 163-cü maddəsinə uyğun olaraq, 2025-ci ilin aprel ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsində 68,865.56 manat məbləğində ƏDV azaldılması nəzərə alınmışdır. Vergi orqanı “ƏDV bəyannaməsinin 318, 319, 321, 323, 324, 325 sətirlərində, yəni hesabat dövründə VM-nin 163-cü maddəsinə əsasən dəqiqləşdirilən dövriyyə (azaldılan) üzrə ƏDV-nin hesablanması hissəsindəki sətirlərin Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) və ya “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarında sıfır ("0")-dan böyük məbləğ göstərilməsinə baxmayaraq dəqiqləşdirilən dövriyyə barədə izahat məktubu vergi orqanına təqdim edilmədiyi qeyd edilmişdir”. Ona **********237200 göndərilən uyğunsuzluq məktubu kimi göstərilib, lakin belə məktub təqdim edilməmişdir. Kameral qərarda qeyd edilən **********237200 nömrəli uyğunsuzluq məktubu daxil olmamışdır. Aprel ayı üçün 3- 21-2-3/2-545152/2025 nömrəli uyğunsuzluq məktubu daxil olmasından 5 iş günü tamam olmadan kameral olaraq vergi hesablanmışdır. Ona **********237200 nömrəli uyğunsuzluq məktubu göndərildiyi göstərilsə də, belə bir məktub faktiki olaraq təqdim olunmamışdır. 2025-ci ilin aprel ayı üçün 3-21-2- 3/2-545152/2025 nömrəli uyğunsuzluq məktubu təqdim edildikdən sonra, Vergi Məcəlləsinin tələblərinə zidd olaraq, 5 iş günü müddəti tamam olmadan kameral qaydada vergi hesablanmışdır. Onun barəsində həmçinin Dekabr 2024 üçün “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 3-21-2-3/2-606350/2025 nömrəli, xx.xx.2025-cü il tarixli kameral hesablama qərarı ilə 17119.53 manat ƏDV hesablanmışdır. Mart 2025 ayı üzrə 85169.49 manat geri qaytarılma çeki vurulmuş və bu məbləğ “online” olaraq qeydə alınmışdır. Belə ki, 2024 Dekabr ayı satışı üzrə azalma səbəbi vergi orqanına müvafiq məktub yazılaraq bildirilmişdir. Vergi orqanından daxil olan **********838400 saylı, xx.xx.2025 tarixli uyğunsuzluq məktubunun məzmununda qeyd olunmuşdur ki, “2024-cü ilin dekabr ayı ərzində tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (0 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDVsiz) (334345.78 manat) cəmi məbləği 334345.78 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunundakı 239237.29 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0.00 manat, cəmi 239237.29 manat göstərildiyindən 95108.49 manat kənarlaşma yaranmışdır”. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, 2024-cü ilin dekabr ayı ərzində iddiaçı tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (0 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (334 345.78 manat) cəmi məbləği 334 345.78 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunundakı 239 237.29 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0.00 manat, cəmi 239 237.29 manat göstərildiyindən 95 108.49 manat kənarlaşma yaranmışdır. 2025-ci ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində Vergi məcəlləsinin 175.13-cü maddəsinə əsasən 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir. Aparılmış araşdırma zamanı uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2024xx.xx.2025-cü il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrində müvafiq dövr üzrə idxal edilmiş kənd təsərrüfatı məhsulları, heyvan və quş əti üzrə ödənilmiş 90 958,5 manat ƏDV məbləğinin əvəzləşdirildiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrə münasibətdə uyğunsuzluq məktubu göndərilərək vergi ödəyicisi tərəfindən təqdim edilmiş müxtəlif dövr ƏDV bəyannamələrində dövriyyələrin süni şəkildə azaldılması, əsassız əvəzləşmə məbləğlərinin qeyd edilməsi, həmçinin vergi öhdəliklərinin digər dövrlərə ötürülməklə azaldılması ilə büdcəyə çatası ƏDV məbləği yayındırılmaqla vergidən yayınma tətbiq edilir. Vergi ödəyicisi tərəfindən vergi öhdəliyi azaldılmış müvafiq hesabat dövrləri üzrə real göstəricilər əsasında dəqiqləşdirilmiş (cari) bəyannamələrin (hesabatların) ən qısa müddətdə vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi isə xx.xx.2025-ci il tarixdə təqdim etdiyi 2025-ci ilin aprel ayı üzrə ƏDV bəyannaməsinin 319cu sətiri üzrə məbləğ bəyan edərək azalma verdiyini bununla bağlı hər hansı bir izahat məktubu təqdim etmədiyi səbəbindən, eləcə də nəticədə borc məbləğinin azaldılması süni olaraq vergidən yayınma halı kimi qəbul edilərək kameral vergi yoxlaması ilə 68 865,56 manat əlavə vergilərin hesablandığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən müvafiq olaraq xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-606350/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3- 21- 2-3/2-515239/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-557967/2025 nömrəli qərarlarla vergi ödəyicisinə ƏDV hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə vergi ödəyiciləri tərəfindən kənd təsərrüfatı məhsullarının ƏDV-yə cəlb edilməsi ilə bağlı yanlış qənaətə gəlmişdir. Belə ki, 2025-ci ilin fevral ayı üzrə 90 958,5 manat ƏDV məbləğinin əvəzləşdirilməsi üçün kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəalarına əsasən ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Odur ki, bu məlumat forması təqdim edilmədiyindən 90 958,5 manat ƏDV əvəzləşdirilə bilməz. xx.xx.2024-cü il tarixdə verilmiş ərizəyə əsasən vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə ƏDV qeydiyyatına alınmışdır, yəni ƏDV-nin qüvvəyə minmə tairixi xx.xx.2024-cü il deyil, xx.xx.2023-cü il tarixidir. Odur ki, hesablama aparılan dövrdə vergi ödəyicisi ƏDV qeydiyyatında olmuşdur. Həmçinin 2024-cü ilin dekabr ayı üzrə xx.xx.2025-ci il tarixli, 3- 21-2-3/2-374562/2025 nömrəli və 2025-ci ilin aprel ayı üzrə xx.xx.2025-ci il tarixli, 3-21-2- 3/2-545152/2025 nömrəli uyğunsuzluq məktubları vergi ödəyicisinə göndərilmiş, uyğunsuzlular vergi ödəyicisi tərəfindən qanunvericiliyə uyğun olaraq hər hansı münasibət və izahat təqdim edilməmişdir və buna uyğun olaraq müvafiq qaydada ƏDV hesablanmışdır. Eyni zamanda vergi ödəyicisi sonradan, yəni xx.xx.2025-ci il tarixdə kənd təsərrüfatı məhsullarına görə ödəniləcək ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququndan istifadəsi ilə bağlı məlumat formasını təqdim etmişdir. Göründüyü kimi vergi ödəyicisi qanunvericiliyin tələblərini pozduğunu anlamış, sonradan müvafiq düzəlişlər etməyə çalışmışdır. Yuxarıda qeyd etdiyi düzəlişlər isə təbii ki, vergi orqanının hesablamalarından sonra müvafiq pozuntuları pərdələmək məqsədi daşımışdır. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -156.1. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. 156.1-1. bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulan, göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edən şəxslər (taksi fəaliyyəti göstərən şəxslər istisna olmaqla) bu Məcəllənin 156-cı maddəsi ilə müəyyən edilən hüquqdan istifadə edə bilərlər. -157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. -157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. -157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: -157.3.1. məcburi qeydiyyat zamanı: -ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; -bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; -bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. 157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə. 157.3.3. Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir. Bu maddənin müddəaları bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslərə, habelə 2024-cü il yanvarın 1-dən əvvəlki dövrə münasibətdə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq edilmir. -159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. -159.2. bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. -159.7. bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamə əsasında əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. -163.1-ci maddəsinə əsasən bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: -163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; -163.1.2. əməliyyatın xarakteri dəyişdikdə; -163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; -163.1.4. vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda. -163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində. -163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, -163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. İş materiallarında olan: -**********7 nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişindən görünür ki, X1 xx.xx.2024-cü il tarixdə Əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrində qeydiyyata alınmış, lakin qeydiyyatın qüvvəyə minmə tarixi kimi xx.xx.2023-cü il göstərilmişdir. -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 3-21-2-3/2-515239/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı barəsində 2025-ci il fevral ayı üzrə əlavə dəyər vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kamerla vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi məbləği 90958,5 manat təşkil etmişdir. Eyni zamanda qərarda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı uçot-baza məlumatlarına əsasən tərəflərindən xx.xx.2024-xx.xx.2025-ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrində müvafiq dövr üzrə idxal edilmiş kənd təsərrüfatı məhsulları, heyvan və quş əti üzrə ödənilmiş 90958,5 manat ƏDV məbləğinin əvəzləşdirildiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. -“Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 557967/2025 nömrəli qərardan görünür ki, 2025-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin hesabat dövrü üzrə iddiaçıya 68865,56 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarda, həmçinin qeyd edilmişdir ki, 2025-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 318, 319, 321, 323, 324, 325-ci sətirlərində, yəni Hesabat dövründə Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən dəqiqləşdirilən dövriyyə (azaldılan) üzrə ƏDV-nin hesablanması hissəsindəki sətirlərin Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) və ya “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunlarında sıfır (“0”)-dan böyük məbləğ göstərilməsinə baxmayaraq, dəqiqləşdirilən dövriyyə barədə izahat məktubu vergi orqanına təqdim edilməmişdir. -“Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 606350/2025 nömrəli qərardan görünür ki, 2024-cü ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin hesabat dövrü üzrə iddiaçıya 17119,53 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarda, həmçinin qeyd edilmişdir ki, İddiaçı tərəfindən 2024-cü ilin dekabr ayı ərzində 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaiməfakturaların dəyəri (ƏDV-siz) (0 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDVsiz) (334345,78 manat) cəmi məbləği 334345 78 manat olmasına baxmayaraq, həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunundakı 239237,29 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin “Cari hesbaat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0,00 manat, cəmi 239237,29 manat göstərildiyindən 95108,49 manat kənarlaşma yaranmışdır. -İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli “Uyğunsuzluq məktubuna cavab” sənədində qeyd edilmişdir ki, onun 2024-cü ilin dekabr ayı ərzində cəmi 382808 (ƏDV daxil) satışı mövcud olmuşdur, bunlardan 100500 (ƏDV daxil) manat satışdan geri qaytırılmışdır, 282300 manat Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergiyə cəlb edilmişdir. Təsdiqedici sənəd olaraq kassa aparatı geri qaytarılma çeklərini qoşma olaraq göndərilmişdir. Əlavə olaraq, dəqiqləşdirilmiş bəyannamə də təqdim edilmişdir. -İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli “Uyğunsuzluq məktubuna cavab” sənədində qeyd edilmişdir ki, 2024-cü il noyabr və dekabr ayları ərzində kassa aparatı ilə vəsitəsiylə vurulmuş çeklər araşdırılmış və uyğunsuzluq aşkar edilmişdir. Uyğunsuzluğun aradan qaldırılması ilə əlaqədar kassada səhvən satış məbləği üzrə vurulmuş çeklər yenidən yoxlanılaraq kassa vasitəsilə mart ayı üzrə - 85 169.50 manat (ƏDV-siz) və aprel ayı üzrə - 382 586.44 manat geri qaytarılma çekləri vasitəsilə geri qayratılmışdır. Qoşma fayl olaraq geri qaytarılma çekləri sənədə əlavə edilmişdir. Əlavə olaraq, təsərrüfat subyektləri onun mülkiyyətində olan torpaq, mağaza və anbar sahələridir. Həmin sahələr üzrə dövlət büdcəsinə deyil, bələdiyyə büdcəsinə torpaq və əmlak vergisi ödənilmişdir. Həmçinin qeyd edilmişdir ki, 2025-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyyannaməsinin dəqiqləşdirilən (163-cü maddəsinə əsasən) əməliyyatlar üzrə 319.1-ci sətirində ƏDV-yə cəlb olunan azaldılan dövriyyə üzrə 382.586,44 manat məbləğ göstərilmişdir. Bu dəqiqləşdirilən azaldılan dövriyyə 2024-cü il üzrə dekabr ayı üzrə 249.176 manat ƏDV-siz və noyabr ayı üzrə 133.410 manat ƏDV-siz məbləğdə müvafiq aylar üzrə nəzərdə tutulmuşdur. Belə ki, 2025-ci ilin aprel ayında təqdim edilən ƏDV bəyannaməsində azaldılan dövriyyə müvafiq dövrlər üzrə edilmişdir. Bunun səbəbi dövriyyənin araşdırılması və kassa aparatında yaranmış texniki nasazlıq üzrə əməliyyatların artıq getməsindən irəli gəlmişdir. Kassaya səhvən satış məbləği kimi vurulan əməliyyatlarla bağlı 2025-ci ilin aprel ayında düzəliş edilmiş, 2024-cü il noyabr, dekabr aylarına yuxarıda qeyd edilən məbləğlərdə dəqiqləşdirilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixli qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.13-cü maddəsinə əsasən bu Məcəllənin 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. xx.xx.2024-xx.xx.2025-ci il dövrü üzrə iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində müvafiq dövr üzrə idxal edilmiş kənd təsərrüfatı məhsulları üzrə ödənilmiş 90958,5 manat ƏDV məbləği əvəzləşdirilərək bu malların satışı bəyan edilməklə 756.637,3 manat dövriyyənin göstərilməsi və büdcəyə 45236,2 manat ƏDV hesablanmışdır. Bununla da iddiaçı tərəfindən Vergi Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinin tələbləri ödənilməklə ƏDV-yə cəlb edilən əməliyyatların tam dəyəri dövlət büdcəsinə hesablanmışdır. Lakin vergi orqanı tərəfindən bu xüsusatla bağlı Vergi Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinin tələbləri nəzərə alınmamışdır. Bununla da vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Başqa sözlə, iddiaçı tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatların tam dəyəri dövlət büdcəsinə hesablanmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli qərarında qeyd edilən 2024-cü ilin dekabr ayı üzrə 95108,49 manat kənarlaşma olması səbəbindən iddiaçıya 17119.53 manat əlavə dəyər vergisinin hesablanması ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2025-ci il tarixli “Uyğunsuzluq məktubuna cavab” sənədində qeyd etdiyi 2024-cü ilin dekabr ayı ərzində üzrə 249.176 manat ƏDV-siz dəqiqləşdirilmiş dövriyyəsi nəzərə alınmamışdır. Belə ki, həmin cavab sənədinə əsasən kassa ilə səhv vurma əməliyyatları kassanın müvafiq çekləri ilə geri qaytarılma kimi kassa aparatında qeydə alınmış və müvafiq çeklər sözügedən cavab sənədinə qoşma kimi əlavə edilmişdir. Bununla da cavabdeh iş üzrə icraat zamanı obyektiv və hərtərəfli araşdırma aparmadan qərar qəbul etmiş və “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə kollegiyası, həmçinin xx.xx.2025-ci il tarixli qərarla iddiaçıya 2025-ci ilin aprel dövrü üzrə 68865,56 manat əlavə dəyər vergisinin hesablanması ilə bağlı qeyd edir ki, həmin dövr üzrə dəqiqləşdirilən (azaldılan) dövriyyə üzrə kassa çekləri – mart ayı üzrə - 85.169,50 manat (ƏDV-siz) və aprel ayı üzrə - 382.586,44 manat geri qaytarılma çekləri cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab sənədinə əlavə edilmişdir. Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatları tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Lakin bu hal cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamış və dəqiqləşdirilən dövriyyə məbləği ləğv edilərək iddiaçıya 68865,56 manat əlavə dəyər vergisi hesablanmışdır. Beləliklə, işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2-1(120)-3466/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-98/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-98/2026
04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver