Məhkəmə qərarları › İş №2-1(4-10)-343/2026

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-10)-343/2026

10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(4-10)-343/2026 10.03.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə, İddiaçı cavabdeh Notariat, qeydiyyat və reyestr baş idarəsinə qarşı “notariat xidmətlərdən maneəsiz və məhdudiyyətsiz istifadə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “barəsində notariat hərəkətlərinin aparılmasına tətbiq edilmiş məhdudiyyətin qanunsuz hesab edilərək aradan qaldırılması və iddiaçının Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün notariat ofislərində qanunla nəzərdə tutulmuş notariat xidmətlərdən maneəsiz və məhdudiyyətsiz istifadə etməsinə şərait yaradılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “cavabdeh inzibati orqan dövlətin pozitiv öhdəliklərinə aid olan notariat ofislərinin xidmətlərindən istifadə etmək hüququmun təminatını qanunsuz şəkildə məhdudlaşdırmışdır. Belə ki, ölkə ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri cavabdehin nəzarətində olan Elektron Notariat İnformasiya Sistemindən istifadə etməklə əhaliyə xidmət göstərirlər. Notariat ofisinə müraciət edərək hər hansı notariat hərəkətinin aparılmasını xahiş etdikdə (məsələn, etibarnamə verilməsi üçün), fərdi identifıkasiya kodum sistem vasitəsilə yoxlanılır və mənim barəmdə notariat hərəkətlərinə məhdudiyyət tətbiq olunduğu bildirilir. Bu səbəbdən notariat hərəkətinin aparılması mümkün olmur. Bu hal konkret bir və ya iki notariat ofisinin mənə qarşı qərəzli münasibətindən irəli gəlmir. Məhdudiyyət mərkəzləşdirilmiş qaydada, cavabdeh inzibati orqanın tabeliyində olan informasiya sisteminə mənim barəmdə daxil edilmiş məlumat əsasında tətbiq olunur. Notariuslar tərəfindən bildirildiyinə görə, sistem tərəfindən qoyulmuş bu məhdudiyyət aradan qaldırılmadan hər hansı notariat hərəkətinin aparılması texniki baxımdan mümkün deyil. Diqqətəlayiq haldır ki, hətta xüsusilə ağır cinayət törətmiş və təqsiri məhkəmə hökmü ilə sübuta yetirilmiş şəxslər belə notariat xidmətlərindən istifadə edə bildikləri halda, mənim barəmdə heç bir məhkəmə qərarı və ya qanuni əsas olmadan belə bir ümumi məhdudiyyət tətbiq edilmişdir. Notariat xidmətlərindən istifadə hüququnun bu cür məhdudlaşdırılması mexanizmi qüvvədə olan heç bir normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 1 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 35-ci bəndinə əsasən, notarius yalnız konkret hallarda — notariat hərəkəti qanuna zidd olduqda, müraciət edən şəxs fəaliyyət qabiliyyətinə malik olmadıqda, nümayəndənin səlahiyyəti olmadıqda, sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmədikdə və digər bu kimi hallarda notariat hərəkətinin aparılmasından imtina edə bilər. Göründüyü kimi, həmin normada şəxsin ümumi şəkildə notariat xidmətlərindən istifadə hüququnun məhdudlaşdırılması nəzərdə tutulmamışdır. Hazırkı vəziyyətdə isə notariat ofisləri notariat hərəkətini aparmaqdan hüquqi əsaslarla imtina etmirlər, sadəcə olaraq, sistem tərəfindən mənim barəmdə qoyulmuş məhdudiyyət səbəbindən notariat hərəkətinin icrasının texniki cəhətdən mümkün olmadığını bildirirlər. Bu isə faktiki olaraq qanunda nəzərdə tutulmayan inzibati qadağanın informasiya sistemi vasitəsilə tətbiqi deməkdir. Bu məsələ ilə bağlı cavabdeh inzibati orqana ünvanladığım yazılı müraciət cavabsız qalmışdır. Beləliklə, cavabdeh inzibati orqan həm hüquqlarımı məhdudlaşdırmış, həm də müraciətimə cavab verməməklə hərəkətsizlik göstərmişdir. Hesab edirəm ki, göstərilən hallar mənim hüquq və qanuni mənafelərimin pozulması ilə nəticələnmişdir və bu səbəbdən pozulmuş hüquqlarım məhkəmə qaydasında bərpa olunmalı, mənim barəmdə Elektron Notariat İnformasiya Sistemində tətbiq edilmiş məhdudiyyət qanunsuz hesab edilərək aradan qaldırılmalıdır.”. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia aşağıdakılara görə mümkün sayılmamalıdır. Belə ki, təqdim olunmuş ərizədən belə müəyyən olunur ki, iddiaçının hazırkı tələbdə nail olmaq istədiyi hüquqi nəticə notariat hərəkətlərinin maneəsiz həyata keçirilməsi ilə bağlıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, “aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. MPM-in 445.0.6-cı, İPM-in 8.1.3-1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”. Göründüyü hazırda aparılmış notariat hərəkətləri və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsi ilə bağlı yaranmış mübahisələrin qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması müəyyən edilmişdir. Odur ki, iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə uyğun olaraq həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar