Məhkəmə qərarları › İş №2-1(4-23)-18/2026

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(4-23)-18/2026

10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(4-23)-18/2026 10.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X5 Heydər oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı "cavabdehə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıq ödənilmiş 2590,07 (iki min beş yüz doxsan manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Fondun Naxçıvan şəhər şöbəsinin 21 noyabr 2016-cı il tarixli 18656 nömrəli qərarı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.7-2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş Cavabdeh xidmət siyahısından çıxarışda onun xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Naxçıvan Muxtar Respublikası DİN YMŞ-nin Naxçıvan şəhərinin mühafizəsi üzrə 41 saylı MHYH-nin yanğınsöndürəni, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Naxçıvan Muxtar Respublikası DİN DYTX-nin növbətçi yangınsöndürmə xidmətinin baş yanğınsöndürəni, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan Muxtar Respublikası DİN DYTİ-nin Naxçıvan şəhər DYTŞ-nin növbətçi yangınsöndürmə xidmətinin baş yanğınsöndürəni, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək Naxçıvan Muxtar Respublikası FHN DYTİ-nin Naxçıvan şəhər DYTŞ-nin növbətçi yangınsöndürmə xidmətinin baş yanğınsöndürəni, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Naxçıvan Muxtar Respublikası FHN DYTİ-nin Naxçıvan şəhər DYTŞ-nin növbətçi yangınsöndürmə xidmətinin bölmə komandiri, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikası FHN X3 İdarəsinin rabitə qovşağının baş rabitə ustası vəzifələrində işlədiyi qeyd edilmişdir. Həmin siyahıda Cavabdeh təqvimlə 21 il 1 ay 21 gün, güzəştlə 4 il 1 ay 14 gün olmaqla, ümumilikdə 25 il 3 ay 5 gün xidmət illərinə görə iş stajının olduğu, həmçinin onun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 22 oktyabr 2016-cı il tarixli, 080/ş nömrəli əmri ilə "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.1-ci yarımbəndinə müvafiq olaraq öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsi göstərilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin xx.xx.2023-cü il tarixli, 2764 nömrəli qərarı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin Cavabdeh təqvimlə 25 il xidmət illərinə görə iş stajı olmadığından (21 il 1 ay 21 gün) "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-2-ci maddəsi (01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş) ilə pensiya hüququ yaranmamışdır. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2023-cü ilin may və iyun ayları ərzində fövqəladə hallar orqanlarında xidmətlə əlaqədar əmək pensiyası təyin olunmuş şəxslərin pensiya işləri yoxlanılmış, yoxlama nəticəsində, Cavabdeh xx.xx.2016-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumilikdə 8280,30 (səkkiz min iki yüz səksən manat otuz qəpik) manat məbləğində artıq pul vəsaitinin ödənilməsi aşkar olunmuşdur. Artıq ödəmənin aşkar olunduğu tarixdən geriyə 3 il ərzində (xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək) 2590,07 (iki min beş yüz doxsan manat yeddi qəpik) manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. İddiaçı qeyd olunanlara əsasən Cavabdeh xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıq ödənilmiş 2590,07 (iki min beş yüz doxsan manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. 10 mart 2026-cı il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 21 noyabr 2016-cı il tarixli, 18656 nömrəli qərarından məlum olur ki, Cavabdeh yaşa görə əmək pensiyası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 19 avqust 2025-ci il tarixli qərarından məlum olur ki, Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.7- 2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərarı ləğv edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin xx.xx.2023cü il tarixli, 2764 nömrəli qərarından məlum olur ki, Cavabdeh hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş məlumat vərəqindən məlum olur ki, xx xxxxxxx 1970-ci il təvəllüdlü baş çavuş Cavabdeh təqvim illəri xidmət illəri 21 il 1 ay 21 gün, güzəştli xidmət illəri 4 il 1 ay 0 gün olmaqla, cəmi iş stajı 25 il 2 ay 21 gündür. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş daxili xidmət baş çavuşu Cavabdeh xidmət siyahısından çıxarışdan məlum olur ki, Cavabdeh SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət daxil olmaqla ümumi stajı 25 il 03 ay 05 gündür. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 22 oktyabr 2016-cı il tarixli, 080/ş nömrəli əmrindən çıxarışdan məlum olur ki, daxili xidmət baş çavuşu Cavabdeh, X3 İdarəsinin Rabitə Qovşağının Baş Rabitə ustası tutduğu vəzifədən azad edilmiş və fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 23 fevral 2026-cı il tarixli, 3-18-41/2-172/2026 nömrəli məktubla göndərilmiş Cavabdeh şəxsi işindən çıxarılmış sənədlərin surətləri iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli, 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu: 3.1. 9.5-ci maddə üzrə: 3.1.1. 9.5.1-ci maddədə “20” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilsin; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu: 1.25. 9.7-2-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “işçilərin” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin; 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 17-ci maddə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə əvvəlcə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı cavabdehə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıq ödənilmiş 2590,07 (iki min beş yüz doxsan manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılmasından ibarətdir. İşin hallarından məlum olur ki, Cavabdeh hərbi xidmət dövrü daxil olmaqla, xx.xx.2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikası FHN X3 İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. Fondun Naxçıvan şəhər şöbəsinin xx.xx.2016-cı il tarixli, 18656 nömrəli qərarı ilə cavabdehə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinə əsasən, “Daxili xidmət baş çavuşu Cavabdeh xidmət siyahısından çıxarış” adlı sənəd əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2023-cü ilin may və iyun ayları ərzində fövqəladə hallar orqanlarında xidmətlə əlaqədar əmək pensiyası təyin olunmuş şəxslərin pensiya işləri üzrə aparılmış yoxlamaların nəticəsində Cavabdeh xx.xx.2016-cı il tarixdə təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 9.7-2-ci maddəsinin tələblərinə uyğun olmadığını, yəni əslində həmin qanunun 2024-cü il tarixinədək qüvvədə olan 9.5.1ci maddəsinə uyğun aparılmalı olduğunu aşkar etmişdir. Bundan sonra, iddiaçı tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsi tətbiq edilərək, xx.xx.2023-cü il tarixdən, 2764 nömrəli qərarla cavabdehə yeni pensiya təyinatı aparılmışdır. Sonradan cavabdehə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə mötəbərliyi şübhə doğuran (tarixləri sonradan qələmlə yazılmış) bildirişlər göndərmiş, daha sonra 19 avqust 2025-ci il tarixdə Cavabdeh Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən əmək pensiyası təyin olunması ilə əlaqədar qəbul edilmiş qərarı ləğv etmiş və xx.xx.2026-cı il tarixdə hazırkı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 yanvar 2026-cı il tarixli Qərardadında formalaşmış hüquqi mövqeyə əsasən: “İnzibati icraat haqqında” Qanuna görə Azərbaycan Respublikasında inzibati icraat Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri, o cümlədən etimad hüququnun qorunması prinsipi əsasında həyata keçirilir (10–19-cu maddələr). Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə 2021-ci il 19 noyabr tarixli Qərarı). Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi, habelə pensiya təminatı ilə əlaqəli digər hüquqi münasibətlər ümumi (publik) hüququn tənzimləmə predmetinə aiddir. Bu isə pensiya təyin edən inzibati orqan (Dövlət Sosial Müdafiə Fondu) tərəfindən “İnzibati icraat haqqında” Qanunun İİİ fəslində nəzərdə tutulan prosedur qaydalara və təminatlara riayət edilməsini labüd edir. Belə ki, işin hallarının obyektiv araşdırılması prinsipi inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılmasını tələb edir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir (“İnzibati icraat haqqında” Qanunun 24.1–24.3-cü maddələri). “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli Qərarında Kollegiyanın formalaşdırdığı hüquqi mövqeyə görə: Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Qeyd olunmalıdır ki, iddiaçı özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Halbuki iş materiallarından da aydın olduğu kimi iddiaçı 2023-cü ildə artıq ödənilməni aşkar etsə də, cavabdehə 21 noyabr 2016-cı il tarixdə təyin olunmuş pensiyanın ləğvi barədə 19 avqust 2025-ci il tarixdə qərar qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən orqan da öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023 tarixli, 2-1(102)-3/2023 nömrəli Qərarı: Məhkəmə kollegiyası ... qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi AR Konstitusiya Məhkəməsi Plenumu və AR Ali Məhkəməsi tərəfindən inzibati mübahisələr üzrə oxşar məzmunlu işlərdə artıq qəti hüquqi mövqelər formalaşdırılmışdır. Belə ki, inzibati orqan tərəfindən qəbul edilmiş əlverişli inzibati aktların sonradan ləğv edilməsi və həmin aktların icrası nəticəsində yaranmış hüquqi nəticələrin aradan qaldırılması yalnız qanunvericilikdə müəyyən edilmiş prosedur və müddət məhdudiyyətlərinə riayət olunmaqla mümkündür. Həmçinin vurğulanır ki, inzibati aktın qəbul edilməsində maraqlı şəxsin qanunsuz davranışı müəyyən edilmədiyi hallarda, şəxsin həmin akta göstərdiyi etimad hüquqi müdafiə ilə təmin olunmalı və inzibati orqanın tətbiq etdiyi hüquqi səhvin mənfi nəticələri maraqlı şəxsin üzərinə qoyulmamalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun yuxarıda qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdehin etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Hazırkı iş üzrə diqqətə alınmalıdır ki, cavabdehin pensiya təyinatı prosedurunda iştirak etməsi və ya həmin inzibati aktın qəbul edilməsinə təsir göstərməsi ilə bağlı hər hansı hal iş materialları ilə təsdiq olunmur. Pensiyanın təyin edilməsi müvafiq inzibati orqan tərəfindən təqdim olunmuş xidmət sənədləri əsasında həyata keçirilmişdir və cavabdeh bu prosesdə qərar qəbul edən subyekt deyil, yalnız inzibati aktın ünvanlandığı şəxs qismində çıxış etmişdir. Bu səbəbdən inzibati orqanın tətbiq etdiyi hüquqi səhvin nəticələrinin cavabdehin üzərinə qoyulması hüquqi ədalət və etimadın qorunması prinsipləri ilə uzlaşmır. İddiaçı nəzərə almalıdır ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VİİQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli, 564 nömrəli Fərmanının 13-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşdirilən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görülməsi tapşırılmışdır. Bu mənada dövlət orqanı olaraq iddiaçı qanunvericiliyin normalarını gözardı etməməli, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan əsassız iddialar qaldırmamalı, qaldırılan iddialarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarını və Azərbaycan Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar məzmunlu işlər üzrə məhkəmə qərarlarını nəzərə almalıdır. Bununla inzibati orqan məsələləri özbaşına və qanunun tələblərinə məhəl qoymadan, istəyinə uyğun həll etmək meyillərindən kənarlaşmaqla, həmçinin qanunla ona tanınmış məhkəməyə məhdudiyyətsiz müraciət hüququndan sui-istifadə halını aradan qaldırmaqla özünü və məhkəməni əlavə yükdən azad edərək dövlət resurslarına qənaət olunmasına xidmət edəcəkdir. Beləliklə, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı "cavabdehə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıq ödənilmiş 2590,07 (iki min beş yüz doxsan manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron məhkəmə kabinetinə yerləşdirildikdən) 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar