Məhkəmə qərarları › İş №2-1(4-6)-1229/2026

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-6)-1229/2026

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(4-6)-1229/2026 04.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə (Ləğv Prosesindədir) qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, plan və ölçünün verilməsi barədə iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə (Ləğv Prosesindədir) qarşı Astara rayonu X2 xx.xx.2004-cü il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Astara rayonu Balaca Şahağac kəndi ərazisindən ayrılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, mübahisənin ərazi aidiyyətinin müzakirə edilməsini zəruri sayır və tərəflərin dinlənilmə hüququnu təmin etməklə xidməti vəzifəsinə görə mübahisənin aidiyyətinin müəyyənləşdirilməli olduğunu hesab edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi inzibati işin aidiyyəti üzrə məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(4-6)-1229/2026 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) növü ilə məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı tələb iddiaçının mübahisə predmeti üzrə Astara rayonu X2 xx.xx.2004-cü il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Astara rayonu Balaca Şahağac kəndi ərazisindən ayrılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair hüquq münasibəti ilə əlaqədardır. İş materiallarından görünür ki, göstərilən torpaq sahəsi Astara rayonu Balaca Şahağac kəndi ərazisində yerləşir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təsdiq edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Qərarın 18.2-ci bəndinə əsasən Astara rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Odur ki, məhkəmə hazırki işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq Şirvan İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işə aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrindən nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 8, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə (Ləğv Prosesindədir) qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, plan və ölçünün verilməsi tələbinə dair 2-1(4-6)-1229/2026 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar