Məhkəmə qərarları › İş №2-1(4-6)-1604/2026

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-6)-1604/2026

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(4-6)-1604/2026 17.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ziddiyyətli cavabları və faktiki hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehin müraciətinə baxmaqdan yayınmasının inzibati hərəkətsizlik kimi tanınması, təminat tədbiri olaraq yaşayış sahəsindən çıxarılma ilə bağlı icra tədbirlərinin müvəqqəti dayandırılması və cavabdeh tərəfindən müraciətinə ailə tərkibi, sosial və sağlamlıq vəziyyəti nəzərə alınmaqla qanuni və əsaslandırılmış qaydada yenidən baxmağa məcbur edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və ailəsi 1993-cu ildən etibarən Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhərində yerləşən mübahisəli yaşayış sahəsində məskunlaşmış və hazırki vaxtadək fasiləsiz olaraq həmin ünvanda yaşamışlar. Ailəsi iki ailədən ibarət olmaqla ümumilikdə 7 nəfərdir. Yaşayış sahəsinin mülkiyyətçisi X1r. Cavabdeh tərəfindən Cəbrayıl şəhərində tikilən yaşayış evləri ilə bağlı onun ailəsinin köçürülməsi məsələsində qanunsuz və əsassız imtina qərarı qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, onun tərəfindən yazılı və ya şifahi imtina olmamasına baxmayaraq, adının qarşısına “imtina” qeydi aparılmış və bununla da köçürülmə hüququ faktiki olaraq məhdudlaşdırılmışdır. Komitə tərəfindən keçirilən bütün sorğularda və müraciətlərdə daim Cəbrayıl şəhərinə köçmək istədiyini açıq şəkildə bildirmişdir. 2024-cü ilin noyabr ayına qədər ona köçürülmə ilə bağlı heç bir rəsmi təklif təqdim edilməmişdir. Bu səbəbdən Komitəyə şəxsən müraciət etmiş, qəbul zamanı məsələ ilə bağlı müxtəlif və ziddiyyətli cavablar almışdır. Qəbul zamanı ailə tərkibi, oğlunun ailəsinin ayrıca qeydiyyatda olması, həyat yoldaşının İ qrup əlil olması və nəvələrinin ağır xəstəlikləri barədə ətraflı məlumat vermiş və müvafiq tibbi sənədləri təqdim etmişdir. Qəbul zamanı ona bildirilmişdir ki, hazırda iki ev verilməsi mümkün olmasa da, köçürülmənin son mərhələsində bu məsələyə baxıla bilər. Bu səbəbdən o köçürülmədən imtina etməmiş, əksinə rəsmi mövqe gözləmişdir. Bu müracətininə cavab olaraq daimi məskunlaşma komisiyası tərəfindən xx.xx.2025-ci il tarixli yazılı cavabla ona bildirilmişdir ki, müraciətinə növbəti köç zamanı baxılacaqdır. Biz dövlət orqanının bu rəsmi yazılı cavabına inanaraq köçürülmə məsələsinin həll olunacağını gözləmiş, yaşayış yerini tərk etməmişlər. 2025-ci ilin sentyabr ayında yaşayış sahəsinin mülkiyyətçisi X2, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində yaşayış sahəsinin boşaldılması ilə bağlı iddia qaldırmışdır. Məhkəmədə məlum oldu ki, xx.xx.2024-cü ildə mülkiyyətçinin Dövlət Komitəsinə müraciəti zamanı ona yazılı şəkildə bildirilmişdir ki, guya o köçməkdən imtina etmişdir. Məhkəmə cavabdehə iclasda iştirak etmək üçün yazılı bildiriş göndərsə də, Komitədən məhkəməyə nümayəndə gəlməmişdir. Məhkəmə yaşayış sahəsinin boşaldılması ilə bağlı qərar verdikdən sonra o yenidən Komitəyə yazılı müraciət ünvanlamışdır. 26 dekabr 2025-cü il tarixində Komitədən göndərilmiş məktubda onun guya köçürülmədən imtina etdiyi göstərilmişdir. Bu qərar barədə ona əvvəlcədən heç bir rəsmi bildiriş təqdim edilməmişdir. Bu imtina qərarı faktiki hallara uyğun deyil və onun mənzil və bərabərlik hüquqlarını pozmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2026-cı il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: xx.xx.2026-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)- 6099/2025 №-li qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər X3, X4, X12, İddiaçı və X8 qarşı “evdən çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilərək, cavabdehlər X5, X9, X12, İddiaçı və X6 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən məhəllə 4041-də 21 nömrəli evdən çıxarılmaları qət edilmişdir. İddiaçının hazırki tələblə cavabdeh inzibati orqana etdiyi müraciətinə cavab olaraq bildirilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi 4041-cı məhəllədə yerləşən ona məxsus 21 nömrəli evdə məskunlaşan Cəbrayıl şəhərindən məcburi köçkün İddiaçı ailə üzvləri ilə birgə doğma yurduna köçürülərək, mənzilinizin özünüzə qaytarılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X10 uzrə Dövlət Komitəsinə daxil olmuş təkrar müraciətinizə Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Nəzərinizə çatdırırıq ki, sizə məxsus mənzilin boşaldıb özünüzə geri təhvil verilməsi ilə bağlı müraciətiniz nəzərə alınaraq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq Cəbrayıl şəhərindən olan məcbun köçkün ailələrinin oz doğma yurdlarına mərhələli şəkildə köçürülmələri ilə bağlı sözügedən ünvanda məskunlaşan ailə tərkibi 7 nəfər olan İddiaçı 4 otaqlı mənzillə təmin olunaraq köçürülməsi ilə bağlı 2024-cü ilin noyabr ayında sorğu aparılmışdır Sorğu zamanı, İddiaçı otaq sayının çox olmasının və yaxud 2 ədəd ayrı-ayrılıqda mənzillərlə təmin olunması istəyini əsas gətirərək mənzili boşaltmaqdan (köçməkdən) imtina etmişdir. Bildiririk ki, başqasına məxsus (mülkiyyətində olan) mənzildə və ya qeyri-yaşayış sahəsində müvəqqəti məskunlaşan məcbun köçkün ailəsinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramına uyğun olaraq köçürülməsi təklif olunduğu halda mənzili könüllü boşaldıb geri verməyə borcludur. Əks halda mənzili könüllü boşaldıb geri verməkdən, yəni köçməkdən imtina edərsə, məhkəmə qətnaməsinin icrasına hüquq müstəvidə baxılması aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin icra İdarəsi (məmurları) tərəfindən həyata keçirilir. Odur ki, müraciətinizdə qeyd etdiyiniz mənzillə bağlı yaranan problemin həlli ilə əlaqədar aidiyətı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda sonuncuya bildirilmişdir ki, “Sizin, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin sədrinə ünvanladığınız müraciətə aidiyyəti üzrə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Siz Cəbrayıl şəhəri üzrə daimi qeydiyyatdasınız. Ölkə rəhbərliyinin tapşırığına əsasən, məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərdə, daimi qeydiyyatda olduqları şəhər və rayonlar üzrə mərhələli şəkildə tikiləcək yeni evlərlə təmin olunacaqlar. Bildiririk ki, Cəbrayıl şəhərinə növbəti köç zamanı müraciətinizə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacaqdır”. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. ... 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibati Prosessual Məcəllə: .... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.

... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmanı aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Göründüyü kimi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi “təminat tədbiri olaraq yaşayış sahəsindən çıxarılma ilə bağlı icra tədbirlərinin müvəqqəti dayandırılması və cavabdeh tərəfindən müraciətinə ailə tərkibi, sosial və sağlamlıq vəziyyəti nəzərə alınmaqla qanuni və əsaslandırılmış qaydada yenidən baxılmasıdır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan evdən çıxarılma məsələsi mülki məhkəmə icraatı qaydasında baxılmış və müvafiq məhkəmə qətnaməsi ilə həll edilmişdir. Həmin qətnamənin icrası qanunvericiliyə uyğun olaraq icra orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin isə adı çəkilən evdən çıxarılma ilə bağlı hər hansı səlahiyyəti və icra prosesinə müdaxilə etmək imkanı yoxdur. Bu baxımdan, inzibati orqan nə mübahisənin predmeti olan hüquq münasibətinin tərəfi, nə də həmin qətnamənin icrasına məsul subyektdir. İnzibati məhkəmə icraatı qaydasında təminat tədbiri yalnız cavabdehin səlahiyyət dairəsinə aid hərəkət və ya hərəkətsizliklə bağlı tətbiq oluna bilər. Hazırkı halda tələb icra orqanlarının həyata keçirdiyi icra tədbirlərinə yönəldilmişdir ki, bu da cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6-cı hissəsinin bəndinin tələbləri pozulmaqla iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etməmişdir. Beləliklə, məhkəmə qənaətinə gəlmişdir ki, iddia düzgün cavabdehə qarşı yönəldilmədiyindən və cavabdehin tələb olunan hərəkətləri həyata keçirmək səlahiyyəti olmadığından iddia mümkün hesab edilə bilməz. İddiaçının digər tələblərinə gəldikdə isə məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh orqanın hərəkət (və ya hərəkətsizliyi) nəticəsində iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Belə ki, ona verilmiş cavabdan da göründüyü kimi, ona Cəbrayıl şəhərinə növbəti köç zamanı müraciətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar