Məhkəmə qərarları › İş №2-1(4-6)-220/2026

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-6)-220/2026

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(4-6)-220/2026 26.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qanunun tələbləri pozulmaqla düzgün təyin olunmayan əlillik dərəcəsinə görə 2014-cü ildən vurulmuş 11000 manat ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə Bakı şəhəri Qaradağ rayonu Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. 2025-ci ildə isə ona təkrar müayinədən sonra ikinci dərəcəli əlillik təyin edilmişdir. Halbuki təkrar müayinə zamanı bütün müayinə göstəriciləri əvvəlki müayinə ilə eyni olmuşdur. Bu səbəbdən ona 11 000 manat həcmində maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, əlilliyin təyin edilməsi Fondun səlahiyyətləri xaricindədir və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət sahəsinə aiddir. Bu səbəbdən, iddianın mümkünsüz hesab edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşdən göründüyü kimi iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iş üzrə iddianın mümkünlük məsələsinin müzakirəsi ilə bağlı iclası ##.##.2026-cı il tarixinə təyin edilmişdir. İddiaçıya hüquqi yardım məktubu göndərilərək, məhkəməyədək cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədin (ərizə, poçt qəbzi, inzibati orqanın imtina məktubu) məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmişdir. İPM-ə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.2). İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir (39.1.). Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə iddia ərizəsində göstərilən tələblə müvafiq inzibati orqana müraciət etməsi barədə sübutu məhkəməyə təqdim etməli idi. Lakin iddia ərizəsinə belə bir sənəd əlavə edilməmişdir. Eyni zamanda, işə məhkəmədə baxılarkən sözügedən sübutun məhkəməyə təqdim edilməsi üçün iddiaçıya hüquqi yardım məktubu göndərilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu hal da, iddianın mümkün sayılmaması üçün əsasdır. Eyni zamanda iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ona 2014-cü ilə 3-cü dərəcəli əlilliyin düzgün təyin edilmədiyini bildirərək ona dəymiş ziyan qismində kompensasiyanı cavabdehdən tələb edir. Bu halda iş üzrə cavabdeh ona əlillik dərəcəsi təyin edən inzibati orqan olmalı idi. Yəni, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddiaya cavab verməli orqan deyildir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar