Məhkəmə qərarları › İş №2-1(4-6)-249/2026

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-6)-249/2026

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(4-6)-249/2026 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Rəcəbli Hüseyn İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Cavabdeh2nə qarşı “söküntü ilə bağlı hərəkətlərin qanunsuz edilməsi, dəymiş ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 16 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən ona məxsus mənzilin yerləşdiyi binanın damının sökülməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, cavabdehlərin üzərinə müvəqqəti təminat tədbiri kimi binanın damının bərpası və ya mənzilin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri mühafizə tədbirlərinin görülməsi öhdəliyinin qoyulması, cavabdehlərin gələcəkdə onun mənzilinə və ümumi mülkiyyətə qanunsuz müdaxiləsinin qarşısının alınması, cavabdeh tərəfindən onlara vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən ikimərtəbəli binanın ümumi əmlakı olan dam örtüyünə heç bir qüvvəyə minmiş məhkəmə qərarı, yazılı inzibati akt və ya rəsmi sərəncam təqdim edilmədən, habelə, əvvəlcədən rəsmi xəbərdarlıq olunmadan qanunsuz müdaxilə edilmişdir. Müdaxiləyə etiraz zamanı cavabdeh tərəfindən hüququnun olmasına dair yalnız şifahi ifadələrdən istifadə olunub. Halbuki, “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən, alınmadan təsirlənən şəxslərin fərdi məlumatlandırılması mütləqdir və bu məlumatlandırma həmin Qanunun 77-ci maddəsinə əsasən keçirilməli və həmin maddənin 77.1-ci maddəsində göstərildiyi kimi ilkin olaraq rəsmi bildiriş alınmadan təsirlənən şəxslərə birbaşa və ya poçt vasitəsilə çatdırılmalıdır. İddiaçı qeyd etmişdir ki, cavabdeh tərəf onun etirazına məhəl qoymamış, mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, çoxmənzilli binanın dam örtüyü ümumi mülkiyyət hesab olunur və cavabdeh tərəf üst mərtəbədə yerləşən mənzilin sökülməsi adı altında faktiki olaraq binanın ümumi əmlakı olan dam örtüyünü söküb yararsız hala salmışdır. Bu hərəkətlərin ardından 4 dekabr tarixindən başlayan yağışlar, xüsusən 10-11 dekabr tarixlərində fasiləsiz hal aldığından yağış suları onun daşınar və daşınmaz əmlakına (yumşaq mebel, mətbəx mebeli, geyimlər, pərdələr və s.) ciddi ziyan vurmuşdur. Bundan əlavə, tavan üzərində saxlanılan ağır tikinti tullantıları tavan konstruksiyasına normadan artıq yük yaratmaqla yanaşı, açıq qalmış dam örtüyü səbəbindən yaranan rütubət materialın möhkəmliyini zəiflədir. Fiziki baxımdan bu hallar tavanın daşıyıcı qabiliyyətinin itirilməsinə və onun istənilən vaxt çökməsinə səbəb ola bilər. Həmçinin yağış suları evdə nəmişlik yaratmış və bu nəmişliyin nəticəsində insan sağlamlığına ciddi ziyan vuran göbələk və kif əmələ gətirib. Təkrar müdaxilə 23 dekabr tarixində baş vermiş və cavabdeh tərəfindən göndərilən işçilər vasitəsilə söküntü işlərinin aparılmasına cəhd olunmuşdur. Lakin iddiaçının qızının eitrazları bu cəhdin qarşısını almışdır. Lakin söküntü zamanı avan üzərində söküb saxlanılan tikinti tullantılarının artması və bu prosesin heç bir təhlükəsizlik qaydasına riayət olunmadan aparılması həyati təhlükə riskini artırır. 24 dekabr tarixində bir qrup işçi qüvvəsi ikinci mərtəbədə söküntü işlərinin aparılması üçün göndərilmiş və nəticədə ekskovator vasitəsilə mənzilin mətbəx hissəsinə endirilən zərbə nəticəsində çat və əyilmə əmələ gəlmişdir. Hazırda binanın damı açıq vəziyyətdə qalmaqda davam edir və bu da hər hün mənzilin daha ağır zərər görməsi riskini artırır. Cavabdehlər tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Yasamal RİH-in nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış, tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). İşin faktiki hallarından görünür ki, iddia tələbi iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 52 ünvanında yerləşən, ikimərtəbəli yaşayış binasının 3 saylı mənzilinin yerləşdiyi binanın dam örtüyünün sökülməsi ilə bağlı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsinə, cavabdehlərin hazırda və gələcəkdə iddiaçının mənzilinə və ümumi mülkiyyətdə olan əmlaka müdaxilədən madafiəyə, habelə qeyd olunan hərəkətlər nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbi ilə hüquqi marağına uyğun əlverişli iddia növündən istifadə etməmişdir. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 73 nömrəli sərəncamına əsasən, Bakı şəhəri Yasamal rayonunun Azərbaycan prospektinin, Nizami, R.Quliyev, N.Aşurbəyova, M.F.Axundzadə, Ç.Mustafayev və M.Əliyev küçələrinin əhatəsindəki abadlıq işlərinin aparılması üçün yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, bank və notarial əməliyyatların aparılması, həmçinin qiymətləndirmə və söküntü işlərinin həyata keçirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılmış, ayrılmış vəsaitlə qeyd olunan ünvanlarda köçürülmə işlərinin təşkil edilməsi məqsədilə qərara alınmış, Cavabdeh2 Bakı şəhəri Yasamal rayonunun Azərbaycan prospektinin, Nizami, R.Quliyev, N.Aşurbəyova, M.F.Axundzadə, Ç.Mustafayev və M.Əliyev küçələrinin əhatəsindəki 13,7 ha ərazisində abadlıq işlərinin aparılması üçün yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi və ayrılmış vəsait üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vahid sifarişçi təşkilat təyin olunmuşdur (1.1-ci bənd). Ayrılmış vəsaitlə qanunvericiliyə uyğun şəkildə 13,7 ha ərazidəki yaşayış və qeyri yaşayış obektlərinin köçürülməsini və köçürülən ərazidə söküntü işlərinin müvafiq qaydada aparılmasını, həmçinin ərazinin tullantılardan daşınmasını zəruri tədbirlər görməklə təmin edilməsi Yasamal RİH-ə həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 73 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 130 nömrəli sərəncamından görünür ki, Sərəncamda qeyd olunan, Yasamal rayonu ərazisindəki köçürülmə proqramına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşdiyi ünvanlara Azərbaycan prospekti, Süleyman Rəhimov, Abdulla Şaiq, Əlibəy Hüseynzadə, Nabat Aşurbəyova, Balababa Məcidov və Həmidağa Hüseynzadə küçələrinin əhatəsinə düşən 19.4 ha ərazi də əlavə edilmişdir. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.2-ci bəndinə əsasən "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə, yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. İstinad olunan Əsasnamənin 4.9.14-cü bəndinə əsasən yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək; 4.9.15. mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərtilə müvafiq ərazidə bina, tikili və qurğuların mülkiyyətçiləri tərəfindən həmin bina, tikili və qurğuların xarici görkəminin abad vəziyyətdə saxlanması ilə bağlı görülən işləri əlaqələndirmək; 4.9.16. tikintisi layihələndirilən obyektlərə bitişik olan ərazilərdə istirahət guşəsinin, uşaq və idman meydançalarının qurulması, minik avtomobillərinin dayanacaq meydançalarının təşkili, yaşıllaşdırma işləri, məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi ilə bağlı görüləcək kompleks abadlaşdırma işlərinin həcmini sifarişçi ilə razılaşdırmaq, həmin işlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək; 4.9.19. müvafiq ərazidə mövcud yaşıllıqların uçotunun aparılmasını təşkil etmək, yeni yaşıllıqlara olan tələbatı müəyyənləşdirmək və yaşıllıqların salınmasını təşkil etmək icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 73 nömrəli sərəncamına və həmin sərəncama dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli, 130 nömrəli sərəncamın tələblərinə uyğun olaraq Bakı şəhərinin Yasamal rayonu ərazisində abadlaşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sözügedən sərəncamlara əsasən, ümumilikdə 19,4 ha ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, habelə həmin ərazidə abadlıq işlərinin aparılması planlaşdırılmış, bu sərəncamlardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq Cavabdeh2 qeyd olunan ərazilərdə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üzrə vahid sifarişçi təşkilat kimi müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 52 ünvanında yerləşən ikimərtəbəli yaşayış binası da Bakı Şəhər İcra Hakimiyyəti başçısının yuxarıda göstərilən sərəncamlarının icrası çərçivəsində abadlaşdırılması nəzərdə tutulan ərazilərin hüdudlarına daxil olduğundan, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi və sökülməsi məhz qeyd olunan inzibati aktların tələblərindən irəli gəlir. Başqa sözlə, cavabdehlər tərəfindən həyata keçirilən tədbirlərin hüquqi əsası qüvvədə olan və iddiaçı tərəfindən mübahisələndirilməyən inzibati aktlara söykənir. Halbuki, iddiaçı hüquqlarının və qanuni maraqlarının pozulduğunu hesab etdiyi halda, müvafiq inzibati aktları aidiyyəti hissədə mübahisələndirmək, eləcə də həmin aktların icrası nəticəsində yaranmış hüquqi nəticələrin aradan qaldırılmasını tələb etmək hüququna malikdir (İPM 32.1). Nə qədər ki, qeyd olunan inzibati aktlar qüvvədədir və mübahisələndirilməyib o zaman, həmin aktın icrası istiqamətində cavabdehlər tərəfindən həyata keçirilən tədbirlər qanunazidd sayıla bilməz. Odur ki, hazırkı iddia tələbinin mümkünlük şərtləri ödənilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbinin bir hissəsi İPM-in 2.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia növündə olmaqla inzibati orqanı müəyyən hərəkətləri etməkdən çəkindirmək xarakteri daşıyır. Həmin iddia növü mahiyyətcə inzibati orqanın hakimiyyət səlahiyyətlərindən istifadə edərək şəxsin qanunla qorunan hüquq və azadlıqlarına qəfil müdaxiləsinin qarşısının alınması üçün bir növ, müdafiə xarakteri daşıyır. Hazırkı iddia tələbində isə cavabdeh inzibati orqanın iddiaçının hüquq və azadlıqlarına müdaxiləsində “qəfillik” müəyyən edilmir. Belə ki, iddia ərizəsinin məzmunundan və iş üzrə məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatından anlaşılır ki, iddiaçı tərəf ərazidə söküntü işlərinin aparılacağından, habelə bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətində müvafiq Komissiyanın yaradılmasından və köçürülmə ilə əlaqədar təklif olunan kompensasiyanın məbləğindən məlumatlı olmuş, mənzilin yerləşdiyi binanın digər sakinlərin həmin binanı tərk etdiyindən məlumatlı olmuşdur. Halbuki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ali Məhkəmənin qeyd olunan Plenum qərarında göstərilir ki, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.2-3.3-cü bəndlər). Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə iclasında, eləcə də hazırkı qərardadın əsaslandırma hissəsində müvafiq hüquq təkliflər verilməklə iddiaçı tərəfə səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hüquqi marağına uyğun olaraq əlverişli iddia növündən istifadə etmədiyindən iddianın mümkünlük şərtləri ödənilmir. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar