Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(4-7)-137/2026 29.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı Bələdiyyəsinə qarşı “qanuni qüvvəyə minmiş məhkəmə qərardadının icrasının təmin edilməsi” tələbinə dair Giriş hissəsi: Gəncə İnzibati Məhkəməsinin hakimi Nurəli Hüseynov, İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı Bələdiyyəsinə qarşı “qanuni qüvvəyə minmiş məhkəmə qərardadının icrasının təmin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Goranboy rayon Qızılhacılı Bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 08 nömrəli məktuba əsasən, Qızılhacılı qəsəbə sakini İddiaçı Qızılhacılı Bələdiyyəsinə ərizə ilə müraciət edərək örüş (otlaq) sahəsindən mədəni otlaq sahəsi yaratması üçün 10 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bununla əlaqədar bildirilmişdir ki, vətəndaşla qarşılıqlı razılaşma əsasında mədəni otlaq sahəsinin yaradılması üçün örüş yerindən yer tanıdılmışdır; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-558/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı Bələdiyyəsinə qarşı torpaq sahəsinin ayrılması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
2. Məhkəmə araşdırmasına əsasən: - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-663/2024 nömrəli qərarına əsasən (hakim Gülşən Əliyeva), iddia qismən təmin edilmiş, cavabdeh Goranboy rayon Qızılhacılı Bələdiyyəsinin üzərinə İddiaçı torpaq sahəsinin ayrılaraq ona verilməsi barədə müraciətinə dair zəruri inzibati icraat aparılaraq qərarın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmuşdur; - Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün cavabdeh Goranboy rayon Qızılhacılı Bələdiyyəsinə göndərilmiş, qeyd edilən qərar “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə imza edilməklə xx.xx.2026-cı ildə qəbul edilmişdir.
3. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraat materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - məhkəmə araşdırmasına dair sənədlər. b) Tərəflərin ərizəsi
4. İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, təklif olunan layihənin Gəncə İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadından irəli gələn vəzifələrin cavabdeh tərəfindən icra olunmalı olması səbəbindən, lakin hərəkətsizlik nəticəsində icrasız qalması səbəbindən icrasının təmin edilməsi üçün məhkəmə sərəncamında olan qanuni təsir vasitələrindən istifadə edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, tərəfindən Gəncə İnzibati Məhkəməsində Goranboy rayon Qızılhacılı Bələdiyyəsinə qarşı bələdiyyə ərazisindən olan Qaraçörək adlanan örüş uqodiyalı X3 uzun müddətli icarəsində olan torpağın qonşuluğunda olan, heyvandarlığı inkişaf etdirmək üçün mədəni otlaq sahəsini yaratmaq məqsədi ilə 10 ha torpağın ayrılıb istifadəsinə verilməsi barədə qərarın çıxarılmasını xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 08 nömrəli Goranboy notariusunda reyestrdə 1S-570 nömrə ilə qeydə alınıb informasiya sisteminə xx.xx.2024-cü il tarixdə daxil edilmiş, Gəncə İnzibati Məhkəməsinə təqdim etdiyi məktubu əsas götürərək məhkəmə xx.xx.2024-cü il tarixli, 2-1(114)-558/2024 nömrəli qərardadını çıxarmış (hakim Fikrət Hüseynov), qərardad qanuni qüvvəsini almışdır. Qərardaddan göründüyü kimi, mədəni otlaq sahəsi yaratmağı üçün cavabdeh örüş uqodiyalı torpaqdan yer ayırıb tanıtmışdır. Lakin cavbadeh tərəfindən ayrılıb tanıdılmış və torpaq dövlətin qanunvericilik aktlarının tələbinə uyğun rəsmiləşdirilmiş, dövlət kadastrı reyestrində qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın tərəfindən əldə olunması üçün tələb olunan hərəkətlərin icrası hərəkətsizlik ucbatından təmin edilməmiş qalmaqdadır. Ayrılmış torpaq sahəsi boş qalmaqla əvvəllər olduğu kimi karantin alaqlarla zibillənmiş vəziyyətdədir. İddiaçı bildirir ki, o, 10 ha mədəni otlaq sahəsi yaratmağı, bundan istifadə hüquqlarının rəsmi qaydalara uyğunluğunun təmini üçün 10 ha torpaq üzərində hüquqlarının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən müvafiq çıxarışın onun adına verilməsi üçün cavabdehin üzərinə aşağıdakı hərəkətlərin icrasının təmin edilməsinə yaranmış öhdəliyə uyğun olaraq məhkəmənin tələb etməsini xahiş edərək bildirir ki, 10 ha torpağın ayrılması barədə X1 qərarı, 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsindən mühəndis dəvət edib ayrılmış torpağa baxış keçirilərək döngə nöqtələrinin müəyyən edilib bununla bağlı müvafiq aktın tərtibi, Qızılhacılı Bələdiyyəsinin yerquruluşu planından müvafiq çıxarışın edilib təsdiqlənməsi, göstərilən sənədlərin toplum halında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 7 saylı Bərdə Ərazi İdarəsinə təqdim etdiyi üçün məhkəmə tərəfindən ağlabatan müddətin cavabdehə təyin olunmasını istəyir.
Əsaslandırma hissəsi:
6. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.
7. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3.İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1.Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2.Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 79. Məhkəmə qərarlarının icra olunmaması 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Maddə 120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsin inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarı Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
10. İş üzrə icraat materialları ilə müəyyən olunur ki, iddiaçının əsas hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməkdən ibarətdir.
11. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-663/2024 nömrəli qərarı ilə İddiaçı tələbi qismən təmin edilmiş, cavabdeh Goranboy rayon Qızılhacılı Bələdiyyəsinin üzərinə İddiaçı torpaq sahəsinin ayrılaraq ona verilməsi barədə müraciətinə dair zəruri inzibati icraat aparılaraq qərarın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmuşdur. Qeyd edilən qərar icra edilməsi üçün cavabdehə göndərilsə də, qərarın icrası indiyənə qədər yerinə yetirilməmişdir.
12. Yəni, iddiaçı hazırkı iddiada məhkəmə qərarının icra edilməməsindən narazıdır və bunu müstəqil inzibati iddia qaydasında mübahisələndirir.
13. Hansı ki, bu halda, iddiaçı öz marağını inzibati məhkəmə icraatında yeni iddia açmaqla deyil, məhkəmə qərarının icrası qaydasında mübahisələndirməli, başqa sözlə, icra icraatı çərçivəsində məhkəmə qərarının məcburi icra tədbirləri vasitəsilə icra edilməsinə dair ərizə ilə müraciət etməlidir.
14. Həmçinin, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərində də qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmaması ilə bağlı müvafiq sanksiya tədbirlərinin görülməsi öz əksini tapmışdır.
15. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.
16. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı Bələdiyyəsinə qarşı “qanuni qüvvəyə minmiş məhkəmə qərardadının icrasının təmin edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
17. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 58, 68, 80 və 85-ci maddələrinin tələblərinə əsasən Qərara aldım:
İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı Bələdiyyəsinə qarşı “qanuni qüvvəyə minmiş məhkəmə qərardadının icrasının təmin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi təqdim edildiyi güdən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov