Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(4-7)-185/2026 26.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “övladlığa götürmənin ləğv edilməsi və doğum haqqında akt qeydində ata adında düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Gəncə İnzibati Məhkəməsinin hakimi Nurəli Hüseynov, İddiaçı cavabdeh 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “övladlığa götürmənin ləğv edilməsi və doğum haqqında akt qeydində ata adında düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.1994-cü il tarixli, XVİİ-ЖГ nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1994-cü il tarixdə doğulmuş, “atası” qrafasında X8 və “anası” qrafasında X2 qeyd edilmişdir; - 02.07.2008-ci il tarixli, F 006074 nömrəli şəhadətnamə İddiaçı verilmişdir; - 28.06.2011ci il tarixli, A 037060 nömrəli tam orta təhsil haqqında attestat İddiaçı məxsusdur; - 14.11.2013-cü il tarixli, SX ******* nömrəli hərbi bilet İddiaçı məxsusdur; - 04.03.2018-ci il tarixli, PC AZE C01913409 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportu İddiaçı məxsusdur; - xx.xx.2023-cü il tarixli, AZ-İİ 564331 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə X1 nikahları xx.xx.2023-cü il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə “Qarayev” və arvada “Qarayeva” soyadı verilmişdir; - 28.03.2024-cü il tarixli, AZ-İV 989636 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası, Göygöl rayonunda doğulmuş, “atası” qrafasında İddiaçı və “anası” qrafasında X3 qeyd edilmişdir; - AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi İddiaçı məxsusdur; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-11-2320/2025 nömrəli məktuba əsasən, övladlığa götürmə akt qeydinin ləğv edilməsi tərəflərindən imkan xaricindədir. Bu barədə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
2. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraat materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər. b) Tərəflərin ərizəsi
3. İddiaçı cavabdeh 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində olan övladlığa götürmənin ləğv edilməsi və ona məxsus doğum akt qeydində ata qrafasında atasının “Adil” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əmisi X4 onun atası Adilin qardaşıdır. İddiaçı bildirir ki, o, 2008-ci ildə əmisi X9 tərəfindən övladlığa götürülmüşdür. O, övladlığa götürülsə də, onun bütün sənədlərində ata adı “Adil” kimi gedir. Ancaq akt qeydində ata adı “Şöhrət” yazılmışdır. İddiaçı hesab edir ki, ona görə də övladlığa götürülmə ləğv edilməli və onun ata adı akt qeydində “X6” kimi yazılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı bildirir ki, övladlığa götürmənin ləvğ edilməsinə o, əmisi X4 və atası X6 razıdırlar. Ona görə də cavabdehin üzərinə onun övladlığa götürülməyinin ləğv edilməsi atasının əvvəlki vəziyyətə qaytarılması vəzifəsi qoyulmalıdır.
Əsaslandırma hissəsi:
5. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
7. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 131. Övladlığa götürmənin ləğv edilməsi 131.1. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. 131.3. Məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir. Maddə 132. Övladlığa götürmənin ləğv edilməsinin əsasları 132.2. Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər. Maddə 135. Övladlığa götürmənin ləğvinin yolverilməzliyi Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli, 1 nömrəli “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarı
27. ... Məhkəmələrə izah edilsin ki, Ailə Məcəlləsinin 132.2-ci maddəsinə əsasən övladlığa götürənin təqsirli davranışı olmadan da məhkəmələr övladlığa götürməni ləğv edə bilər. Belə ki, övladlığa götürənin davranışından asılı olan və ya olmayan hallara görə uşağın normal inkişafı və tərbiyəsi üçün zəruri olan münasibətlər yaranmadıqda (məsələn, övladlığa götürənin və ya götürülənin şəxsi keyfiyyətləri ilə əlaqədar onlar arasında qarşılıqlı anlaşmanın yaranmaması nəticəsində övladlığa götürənin uşağın gözündə nüfuza malik olmaması və ya uşağın özünü övladlığa götürənin ailə üzvü hiss etməməsi və s.) məhkəmə övladlığa götürməni ləğv edə bilər.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli, 04 nömrəli Qərarı
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
10. İş üzrə inzibati icraat materiallarını araşdıran zaman bəlli olur ki, iddiaçının əsas hüquqi marağı onun övladlığa götürmə halının ləğv edilməsi və doğum haqqında akt qeydində ata adında düzəlişin edilməsi olmuşdur.
11. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, övladlığa götürmə məsələsi qanunvericiliklə ümumi məhkəmələrin, yəni müvafiq rayon (şəhər) məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir.
12. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının doğum haqqında akt qeydində ata adı öz bioloji atasının adı yox, övladlığa verildiyi şəxsin adı yazılmışdır.
13. Onu da vurğulamaq lazımdır ki, iddiaçının digər hüquqi marağı olan doğum haqqında akt qeydində düzəlişin edilməsi inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə olsa da, iddiaçi barəsində mübahisə edilən doğum akt qeydi mülki məhkəmə icraatı qaydasında baxılmış iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 131.3-cü maddəsinə əsasən məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verildiyi qeyd edilməsi, məhkəmə qətnaməsi inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında qəbul edilən aktlardan olduğundan, həmçinin övladlığa götürmənin ləğvinin Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənməsi nəzərə alaraq hesab edirəm ki, hazırkı iş inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
14. Məhkəmə hüquqi yardım qaydasında iddiaçının nəzərinə çatdırır ki, qeyd olunan övladlığa götürmənin ləğv edilməsi ilə cavabdeh inzibati orqanın yerləşdiyi müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edilməlidir.
15. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “övladlığa götürmənin ləğv edilməsi və doğum haqqında akt qeydində ata adında düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
16. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 35.3, 58.7, 68.1, 80.1 və 85.1-ci maddələrinin tələblərinə əsasən
Qərara aldım:
İddiaçı cavabdeh 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “övladlığa götürmənin ləğv edilməsi və doğum haqqında akt qeydində ata adında düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov