Məhkəmə qərarları › İş №2-1(4-7)-522/2026

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-7)-522/2026

13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(4-7)-522/2026 13.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdehnə qarşı «ölüm haqqında şəhadətnamənin verilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında məhkəmə iclasından kənar baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı «ölüm haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək övladı X1 ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddia ərizəsindən görünür ki, iddiaçının xahişi 23 il bundan öncə vəfat edən qızı X1 ölüm haqqında şəhadətnamənin verilməsindən ibarətdir. Hansı ki, iddiaçı X1 aid ölüm haqqında şəhadətnamənin olmadığını bildirir. Cavabdeh orqan isə imtinasında qeyd edir ki, ölüm haqqında akt qeydi olmadığı üçün ərizənin icrası mümkün deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə görə ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə göstərir ki, hazırki halda cavabdeh orqan tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Belə ki, imtina əsaslıdır, ona görə ki, ölüm haqqında şəhadətnamənin verilməsi üçün tibbi şəhadətnamənin olması şərtdir. Hazırda da belə bir şəhadətnamə yoxdur. İddiaçının çatmaq istədiyi məqsədə mülki mühakimə icraatı qaydasında vəfat etmə faktının təsdiqi ərizə verməklə nail olmaq olar. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Bənd 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmə onu da diqqətə çatdırır ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacağından icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı «ölüm haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilir ki, vəfat etmə faktının müəyyən edilməsi barədə ərizə ilə aidiyyət qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar